Tədqiqatın elmi yeniliyi: İşdə ilk dəfə olaraq korpus dilçiliyinin tarixi, ilk korpuslar və onların ən müasir korpuslardan fərqli cəhətləri, korpus dilçiliyinin tətbiqi məsələləri, habelə korpusun kompüter dilçiliyində tətbiqi kompleks şəkildə araşdırılmışdır. Dissertasiyada korpus linqvistikasının əsasında duran tətbiqi məsələlərdən linqvistik və kompüter dilçiliyinin nəzəri məsələlərinə keçid izlənilir, korpusun ikili mahiyyəti açılır. Təhlil və araşdırmalar göstərir ki, korpus linqvistikası həm dilin müxtəlif aspektlərdən öyrənilməsi üçün böyük həcmdə materialın sistemləşdirilərək elektron daşıyıcılarında toplanması, həm də korpusun qurulmasının nəzəri və praktik məsələlərini özündə birləşdirir. Braun və digər korpusların qurulma səbəbləri standart dillə dilin müxtəlif variantları arasındakı fərqləri müəyyənləşdirmək, eyni zamanda, müqayisəli tədqiqatlar aparmağın aktuallığını bir daha təsdiq edir. İngilis dilinin müxtəlif variantları əsasında korpus yaradıcılığı bu məsələnin milli dillər səviyyəsində tətbiqinin mümkünlüyünü təsdiq edir. Tədqiqat işinin ən başlıca elmi yeniliyi Azərbaycan diliçiliyi sahəsində ilk dəfə olaraq Britaniya və Amerika ingiliscəsinin sosial və regional dialektləri araşdırılaraq onların korpuslarının tərtibatı və bu korpusların kompüter dilçiliyi sahəsinə və maşın tərcüməsinə tətbiqi, eyni zamanda tətbiq və istifadə zamanı qarşıya çıxan problemlər və çətinliklər təhlil edilərək araşdırılır. Tədqiqat işində kompüter dilçiliyi sahələri arasındakı əlaqələrin öyrənilməsi məsələsi ilk dəfə ortaya atılır və bu istiqamətdə lüğətlərin tərtibi və korpus dilçiliyi, maşın tərcüməsi və korpus dilçiliyi müqayisəli planda araşdırılır.