II FƏSİL
REGİONAL VƏ SOSİAL DİALEKTLƏRİN KORPUSLARININ
TƏRTİBİ MƏSƏLƏLƏRİ
2.1. Standart dil korpuslarının yaradılmasında ekstralinqvistik amillərin rolu
Qloballaşma şəraitində ingilis dilindən istifadə edənlərin sayında artım müşahidə edilir. Bu dilin sürətlə yayılması, onun müxtəlif dillərlə əlaqəsi onun fərqli variantlarının əmələ gəlməsinə səbəb olur. Mövcud variantlar və dialektlər dünyavi ingilis dilinin donoruna çevrilir. “Dünyavi ingilis dili” termini ilk dəfə olaraq Devid Kristal tərəfindən təklif olunmuşdur [100, s.111].
“İngilis dili digər dillərə təsir edərək söz mübadiləsi edir və dünya ingilis dilinin inkişafına təkan verir. İngilis dilinin yayılmasının əsas göstəricilərindən biri yeni leksemlərin yaranması, dilin lüğət fondunun semantik strukturunun dəyişməsi olur” [96, s.57]. Bununla yanaşı, ingilis dilinin müxtəlif ölkələrdə rəsmi dil kimi tətbiqi bu ölkələrdə də yeni sözlərin yaranmasına səbəb olur. Nəticədə dilin variantlarının leksik fondları bir-birindən seçilir. Belə olan halda hər bir ölkədə işlənən standart ingilis dili variantı və ümumi standart dil formalaşır. Bu dillər arasında oxşar və fərqli cəhətlərin öyrənilməsi üçün hər bir standart dilin korpusunu yaratmaq və müqayisəli tədqiqatlar aparmaq zərurəti meydana çıxır. İlk korpus olan Braun korpusunun əsas məqsədi Amerika ingiliscəsinin standart variantı əsasında tezlik lüğəti hazırlamaq, bu standart dilin leksikoqrafik korpusunu müəyyənləşdirmək olmuşdur. Sonralar, LOB, FLOB və digər korpuslar müəyyən dil variantı üzrə formalaşdırılmışdır. Korpusların bu şəkildə formalaşdırılması, şübhəsiz ki, standart dil, dialekt, dil variantı, slenq ilə bağlı məsələləri aydınlaşdırmağı tələb edir.
İ.V.Arnold “The English Word” əsərində yazır: “Standart ingilis dili- Böyük Britaniyanın rəsmi dili, məktəblərdə, universitetlərdə danışılan, radio və televiziyada işlənən, təhsilli insanların danışdıqları ədəbi ingilis dilidir. Onu təşkil edən lüğət fondu dialekt sözlərdən fərqlənir. Yerli dialektlər, ədəbi formaları olmayan, fərqli məkanlarda işlənən və anlaşılan ingilis dili variantlarıdır” [93, s.262].
İngilis dili hind-Avropa dilləri ailəsinin german qrupuna daxildir. Demoqrafik tədqiqatların nəticəsinə görə, bu dildə dünyada hal-hazırda bir neçə yüz milyondan çox insan danışır. İngilis dili dünyanın bir çox ölkələrində əsas dil hesab edilir. Bu dilin çox sayda dialektləri mövcuddur.
İngilis dilinin yaranma tarixi uzaq keçmişə gedib çıxır. Bizim eranın birinci minilliyində Keltlərin (Qalların) köçü, VII-X əsrlərdə anqlo-saksonların, sonralar Vikinqlərin (Skandinaviyalıların) bura gəlməsi Britaniya ingilis dilinə təsirini göstərmişdir. 1066-cı ildə İngiltərə torpaqlarını fransızların işğalı da dildəki dəyişikliklərə yol açmışdır. Müasir ingilis dilində fransız mənşəli sözlərin istifadəsi də buna əsaslanır. 3 əsr əvvəl ingilis dilinin yalnız 1 variantı mövcud idi. O variantda Britaniya sakinləri danışırdılar. XVII-XIX əsrlərdə ingilis səyyahları çoxlu yeni ərazilər aşkar etdilər və tezliklə bu ərazilər Böyük Britaniyanın müstəmləkələrinə çevrildilər. Bu yeni torpaqlarda yaşayanlar ingilis dilində danışırdı. Nəticədə ingilis dilinin variantları yaranırdı.
Müasir ingilis dilini 3 tipə ayırmaq olar:
1. Received pronunciation (RP) və ya BBC English- bu dil kütləvi informasiya vasitələrinin dilidir.
2. Conservative- konservativ tip. Bu dildə parlament üzvləri və kral ailəsi danışır.
3. Dəyişkən tip- cavan nəslin dili sayılır və tez-tez dəyişir.
İngilis dilinin xüsusiyyətlərindən biri də ondan bir deyil, bir çox ölkələrdə dövlət dili səviyyəsində istifadə olunmasıdır. İngilis dili Böyük Britaniya, ABŞ, Kanada, Avstraliya, Yeni Zellandiya, Asiya və Afrikanın bir neçə ölkəsində dövlət dilidir. D. Kristal ingilis dilinin dünyaya yayılma tarixini 3 mərhələyə ayırır:
“I mərhələ – erkən orta əsr dövrü. O dövrdə fransız dilinin ingilis dilinə təsiri o qədər hiss olunurdu ki, qısa müddət ərzində ingilis dili german deyil roman dillərinə bənzəmişdir.
Dostları ilə paylaş: |