MiNGƏÇEVİr bəLƏDİYYƏSİNİN 014-CÜ İLİn ayi əRZİNDƏ FƏALİYYƏTİ barəDƏ hesabati



Yüklə 68,3 Kb.
tarix04.01.2022
ölçüsü68,3 Kb.
#54990


MİNGƏÇEVİR BƏLƏDİYYƏSİNİN 2014-CÜ İLİN

6 AYI ƏRZİNDƏ FƏALİYYƏTİ BARƏDƏ HESABATI

«Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, Mingəçevir Bələdiyyəsi vaxtaşırı öz fəaliyyəti barədə seçicilərini məlumatlandırır, ictimaiyyətə yarımillik və illik hesabatlarını verir.

Bu hesabat 2014-cü ilin 6 ayı ərzində bələdiyyənin gördüyü işlər haqqındadır.

2014-cü ilin 6 ayı ərzində Mingəçevir Bələdiyyəsi 9 iclas keçirib. İclaslarda 57 məsələ müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. Gündəliyə çıxarılan məsələlərdən 33-ü torpaq sahəsi ayrılması ilə, 12-si parklarda və məhəllələrdə aparılan tikinti-abadlıq işləri və tədbirlərin keçirilməsi ilə, 2-si maddi yardımla, 10-u təşkilati məsələlərlə bağlı olmuşdur.

Hesabat dövründə bələdiyyəyə 496 ərizə və müraciət daxil olub. Maddi yardım üçün 34 nəfər, sahibkarlıq fəaliyyəti ilə əlaqədar torpaq sahəsi almaq üçün 46 nəfər, fərdi mənzil tikintisi üçün torpaq sahəsi almaq üçün 205 nəfər, tikinti və təmirlə əlaqədar 12 nəfər müraciət edib. 199 müraciət müxtəlif sahələr üzrə təklif və məlumatlardır. Müraciət edənlərin 13-ü köçkün, 25-i müxtəlif qrup əlil, 25-i şəhid ailəsi, 25-i Qarabağ Müharibəsi və Əfqanıstan Müharibəsi əlili, 3-ü ehtiyatda olan zabit, 3-ü Qarabağ Müharibəsi veteranı və 3-ü Böyük Vətən Müharibəsi veteranıdır. Bələdiyyənin qərarı ilə müraciət edənlərdən 12 nəfəri maddi yardımla, 10 nəfəri sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsi ilə, 35 nəfəri fərdi mənzil tikintisi üçün torpaq sahəsi ilə təmin olunub.

6 ay ərzində bələdiyyəyə müxtəlif dövlət və hakimiyyət orqanlarından 197 sənəd və məktub daxil olub. Onlardan 44-ü şəhər İcra Hakimiyyətindən, 14-ü müxtəlif nazirliklərdən, 139-u idarə və təşkilatlardan göndərilib.

Vətəndaşların qəbulu bələdiyyənin diqqət mərkəzində olan məsələdir. 6 ay ərzində sədr tərəfindən 355 vətəndaş qəbul edilib. Qəbulda qaldırılan məsələlərin əksəriyyəti dərhal həll olunub, bir sıra məsələlər araşdırılması üçün müvafiq komissiyalara göndərilib. Həmçinin vətəndaşlar hər gün komissiyalar tərəfindən də qəbul edilir.

2014-cü ilin I yarımilliyində bələdiyyə büdcəsinə 274307,06 manat vəsait daxil olub. Büdcə aşağıdakı mənbələrdən formalaşıb:

Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin satışından 70268,50 manat, icarəyə verilmiş torpaqdan icarə haqqından 35322,96 manat, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisindən 11790 manat, fiziki şəxslərdən əmlak vergisindən 4369 manat, fiziki şəxslərdən torpaq vergisindən 2108,30 manat, əmlak satışından 1940 manat, bələdiyyə tərəfindən ayrılmış sahələrdə səyyar ticarət və ictimai-iaşə xidmətlərinə görə ödənişdən 1050 manat, bələdiyyə ərazisində mehmanxana, turizm xidmətlərə görə ödənişdən 608,30 manat, avtomobil dayanacaqlarından istifadəyə görə ödənişdən 755 manat, küçə reklamlarının yerləşdirilməsindən 70 manat, bələdiyyənin digər fəaliyyətindən 6025 manat vəsait toplanıb. Dövlət büdcəsindən bələdiyyəyə 140000 manat dotasiya verilib.

Qeyd edək ki, vergi və ödənişlərin yığımında ötən ilin müvafiq dövrü ilə müqayisədə irəliləyişlər vardır. Belə ki, fiziki şəxslərdən torpaq vergisindən daxilolmalar 4 dəfə, torpağın satışından daxil olan gəlir 6 dəfə, səyyar ticarət və ictimai-iaşə xidmətləri üzrə ödəniş 1,7 dəfə, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisindən daxilolmalar 50%, icarəyə verilmiş torpaqdan icarə haqqı yığımı 13% artıb.

Ən böyük uğurumuz fiziki şəxslərdən əmlak vergisi sahəsində olub. İndiyədək bu bölmə üzrə yığım Mingəçevir Bələdiyyəsində yox dərəcəsində olub və buna görə də bələdiyyə haqlı tənqidlərə məruz qalıb. Son iki ayda bələdiyyə üzvlərinin və məhəllə komitələrinin köməyi sahəsində fiziki şəxslərdən 4369 manat əmlak vergisi yığılıb.

Beləliklə, 6 ay ərzində ümumi daxilolmalar keçən ilin 6 ayı ilə müqayisədə 2 dəfə artıb. Yalnız avtomobil dayanacaqlarından daxil olan ödəniş 20%, bələdiyyənin digər fəaliyyətindən daxil olan gəlir 3% azalıb.

Hesabat dövründə bələdiyyə büdcəsindən 216650,66 manat vəsait xərclənib. Əmək haqqı və onunla bağlı ödəmələrə 62526,42 manat, DSMF-na 19126,20 manat, abadlaşdırma işlərinə 74235,58 manat, sosial-mədəni və məişət təyinatlı obyektlərin təmirinə 17120,50 manat, maddi yardıma 6080 manat, qəbirstanlıqların saxlanalıması və dəfn mərasimlərinin təşkilinə 5074,38 manat, mətbuata abunə xərclərinə 3132,40 manat, nəqliyyat xidmətlərinə 2115 manat, ezamiyyə xərclərinə 1142 manat, kommunal, elektrik enerjisi və rabitə xərclərinə 1771 manat, inzibati binanın cari təmir xərclərinə 1145,27 manat, dəftərxana ləvazimatları və cari təsərrüfat xərclərinə 831 manat və sair cari xərclərə (tədbirlərin keçirilməsi, reyestr və kadastr üçün ödəmələr, hərrac xərcləri, mühafizə xidməti, AŞBMA-ya üzvlük haqqı və s. xərclərə) 20298,85 manat vəsait sərf olunub. Bələdiyyənin özünüsaxlama xərcləri gəlirlərin 49%-ni təşkil edib.

6 ay ərzində bələdiyyə ərazisindəki park, xiyaban və fəvvarələrdə 71996,25 manat dəyərində abadlıq-təmir işləri görülüb. Bundan başqa, «Rus qəbirstanlığı»nda abadlıq-təmizlik işlərinə 539,55 manat, yaşayış massivində torpaq işlərinə 1700 manat, binanın cari təmirinə 1145,27 manat vəsait xərclənib.


Bələdiyyə məhəllədaxili problemlərin öyrənilməsi və aradan qaldırılması üçün məhəllə komitələri ilə birgə fəaliyyət göstərir. Hesabat dövründə məhəllə komitələrinin müraciətləri əsasında məhəllələrdə yerləşən sosial obyektlərin (əsasən xeyir-şər mağarların) təmirinə 16188 manat xərclənib. 10 ünvanda mağarların təmirinə aşağıdakı tikinti materialları alınıb, komitələlərin ixtiyarına verilib: (materialların işlənməsi sakinlərin hesabına həyata keçirilib) 890 ədəd şifer, 1836 metr şiferaltı taxta, 5168 ədəd mişar daşı, 378 metr boru, 660 ədəd kərpic, 8 ton sement, 50 kub.metr qum-çınqıl, 40 kq mismar, 25 ədəd dəmir lövhə, 102 metr armatur, 1 kub.metr taxta, 86 metr künclük və s. tikinti materialları. Bu dövrdə bələdiyyə 2 məhəllədə (M.F.Axundov 7 və 20 Yanvar küçəsi 6b) mağarın tikintisinə başlayıb, tamamlama işləri gedir. «Qələbə» məhəllə komitəsinin ərazisindəki (20 Yanvar küçəsi 6b) mağarda hörgü və suvaq işləri aparalıb, mağara 3 ədəd plastik qapı, 9 ədəd plastik pəncərə quraşdırılıb. Həmin məhəlləyə «söhbətgah» və oturacaqlar qoyulub.

Qeyd edək ki, məhəllə komitələri ilə işləri daha da gücləndirmək fikrindəyik. Hesabat dövründə bələdiyyə ərazisində 3 yeni məhəllə komitəsi təsis olunub. 2 məhəllə komitəsinin tərkibi dəyişdirilib, 6 məhəllə komitəsində hesabat xarakterli yığıncaqlar keçirilib. Fərəhləndirici haldır ki, bir sıra məhəllə komitəsi bələdiyyənin əmlak vergisinin yığılmasında fəallıq göstərmiş, az vaxtda büdcəyə 4369 manat vəsait cəlb edilmişdir.

Bələdiyyə bu ilin 6 ayı ərzində bir sıra tədbirlər həyata keçirib. Novruz bayramında məhəllə komitələrinin və vətəndaşların fərdi müraciətləri əsasında tutulmuş siyahı ilə 200 nəfər imkansız və kimsəsizlərə ərzaq bağlaması paylanılıb. Bunun üçün büdcədən 3000 manat vəsait xərclənib. Bundan başqa, 15 nəfərə ümumi olaraq 2730 manat həcmində pul yardımı, 350 manat dəyərində material yardımı edilib.

20 Yanvar – Hüzn günü, 8 Mart – Beynəlxalq Qadınlar günü, 9 May – Faşizm üzərində Qələbə günü, 26 İyun – Silahlı Qüvvələr günü müxtəlif tədbirlər keçirilib. 9 Mayda şəhərimizdə yaşayan Böyük Vətən Müharibəsi iştirakçılarına qiymətli hədiyyələr verilib və onların şərəfinə ziyafət məclisi təşkil olunub.

Bələdiyyənin maliyyə dəstəyi ilə Mingəçevir Dövlət Dram Teatrında xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tamaşalar göstərilib.

Uşaqlarla bağlı bir tədbir də qeyd olunmalıdır. «Bələdiyyə parkı» adlanan ərazinin yenidən qurulması səbəbindən parkda olan 2000 manat dəyərində müxtəlif heyvan fiqurları bələdiyyə tərəfindən 10 saylı «Qərənfil» uşaq bağçasına hədiyyə verilib və fiqurlar bağçanın həyətində quraşdırılıb.

Hesbat dövründə bələdiyyə gənclərlə bağlı bir neçə tədbirin təşkilatçısı və ya iştirakçısı olub.

Milli Qurtuluş gününə həsr edilmiş futbol üzrə şəhər kuboku yarışları şəhər Gənclər və İdman İdarəsi ilə birlikdə keçirilib və bələdiyyə qaliblərə qiymətli hədiyyələr və fəxri fərmanlar verib.

Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Bakıda təşkil etdiyi «Gənclər və yerli özünüidarə» adlı seminarda bələdiyyə sədri Coşqun Abdullayev, Avropa İttifaqının «Şərq tərəfdaşlığı» Regional Gənclər bölməsinin layihəsi çərçivəsində Gənclər və İdman Nazirlyinin təşkilatçılığı ilə keçirilmiş «Gənclərlə iş sahəsində regional əməkdaşlıq» mövzusundakı seminarda bələdiyyə üzvü Bəxtiyar Mustafayev iştirak etmişlər.

Qeyd olunan tədbirlərin keçirilməsinə bələdiyyə büdcəsindən 2630 manat vəsait xərclənib.

Bələdiyyənin nəzdində «Dəfn mərasimi xidmətləri» sahəsi, «Peşəyönümlü Maraq Kursları» və «Məişət xidməti» sahəsi fəaliyyət göstərir.

6 ay ərzində «Dəfn mərasimi xidmətləri» sahəsi tərəfindən 120 dəfn həyata keçirilib, 7 nəfər kimsəsizin dəfnini bələdiyyə təşkil edib, 24 nəfər imkansız ailə dəfn üçün xidmət haqqından azad edilib. 1 nəfər köçkün ailənin müraciəti əsasında qəbir Şamaxı şəhəri qəbirstanlığından Mingəçevir şəhər Sağ sahil qəbirstanlığına köçürülüb.

«Peşəyönümlü Maraq Kursları»nda kompüter operatoru və ingilis dili üzrə 6 ayda 40 nəfər təhsil alıb.

Ümumiyyətlə, hesabat dövründə bələdiyyə büdcəsindən qəbirstanlıqların saxlanılması və dəfn mərasimi xidmətinin təşkilinə 5074,38 manat, «Peşəyönümlü Maraq Kursları»ın saxlanılmasına 1779,48 manat, Məişət xidmətinin təşkilinə 932,50 manat vəsait xərclənib.

2014-cü ilin I yarımilliyində müraciətlər əsasında bələdiyyə iclaslarının qərarları ilə fərdi mənzil tikintisi üçün 35 nəfərin mülkiyyətinə alqı-satqı yolu ilə və ya dəyəri ödənilmədən 14491 kv.metr torpaq sahəsi ayrılıb. Hərrac və ya müsabiqə yolu ilə 6 nəfərin icarəsinə 156 kv.metr, 4 nəfərin mülkiyyətinə alqı-satqı yolu ilə 9000 kv.metr torpaq sahəsi verilib.

O cümlədən fərdi mənzil tikintisi üçün imtiyazlı kateqoriyaya daxil olan 3 nəfər şəhid ailəsinin hər birinə 400 kv.metr olmaqla, 1200 kv.metr, 1 nəfər Qarabağ Müharibəsi əlilinə 400 kv.metr, 2 nəfər hərbiçiyə hər birinə 400 kv.metr olmaqla, 800 kv.metr torpaq sahəsi ayrılıb.

Həmçinin 1 nəfər Qarabağ Müharibəsi iştirakçısına 400 kv.metr, 1 nəfər Paraolimpiya oyunları iştirakçısına 400 kv.metr və 1 nəfər I qrup gözdən əlilə 400 kv.metr torpaq sahəsi verilib.

Hesabatdan göründüyü kimi, ötən liin müvafiq dövrü ilə müqayisədə Mingəçevir Bələdiyyəsi xeyli iş görüb, bir sıra sahələrdə gözəgörünən irəliləyişlərə nail olub. Bələdiyyənin ictimaiyyətlə əlaqələri gündən-günə möhkəmlənir. Hakimiyyət orqanları ilə, Kütləvi İnformasiya Vasitələri ilə, Qeyri-Hökümət təşkilatları ilə, məhəllə komitələri ilə qarşılıqlı münaisbətlər qurulub. Bələdiyyənin fəaliyyəti, strukturu və iş prinsiplərində şəffaflıq və hesabatlılıq vardır. Mingəçevir Bələdiyyəsinin işi barədə istənilən şəxs bələdiyyənin internet saytından (www.mingechevir-belediyye.az) dolğun məlumat ala bilər.

Məhz bu işlərə görədir ki, son vaxtlar yuxarı instansiyalarda (Ədliyyə Nazirliyi, Bələdiyyələrlə İş Mərkəzi, Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyası və başqa) Mingəçevir Bələdiyyəsinin adı öncüllər sırasında çəkilir. Bələdiyyə sədri Coşqun Abdullayev Bələdiyyələrin Mükafatlandırılması Komissiyasının qərarı ilə bələdiyyə işində xidmətlərinə görə «Qızıl bələdiyyə nişanı» ilə təltif olunub.

Sösüz ki, bələdiyyə iş planında nəzərdə tutduğu işlərin hamısını həyata keçirə bilməyib. Buna əsas səbəb bələdiyyə büdcəsinin folrmalaşdıran ən iri mənbələr olan əmlak və mədən vergilərinin istənilən səviyyədə toplanmamasıdır. Dayanacaqlardan və mehmanxanalardan yığılan rüsumlar, reklamdan daxil olan ödənişlər nəzərdə tutulduğundan az olub.



Gələcəkdə vergi və ödənişlərin toplanması sahəsindəki problemləri həll etməklə yanaşı, bələdiyyə nəzdində müxtəlif təyinatlı istehsal və xidmət sahələrinin yaradılmasını planlaşdırırıq. Bir sıra yerli və məhəlli problemlərin həllinə kömək məqsədi ilə yerli və beynəlxalq təşkilatlardan qrant almaq üçün layihələr hazırlamaq fikrindəyik.

Mingəçevir Bələdiyyəsi bundan sonra da vətəndaşları yerli özünüidarə prosesinə cəlb etməkdə, qarşıya çıxan problem və nöqsanları aradan qaldırmaq üçün potensialını səfərbər edəcək, yerli problemlərin həllində öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir.
Yüklə 68,3 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin