IV. ƏRZAQ PAXLALILARI PROQRAMI. Respublikanın müxtəlif bölgələri üçün stres amillərə davamlı, yüksək məhsuldarlığa və texnoloji göstəricilərə malik yeni noxud və mərcimək sortlarının yaradılması, ilkin toxumçuluğunun təşkili, tətbiqi və yayımı mövzusu L.Əmirovun rəhbərliyi altında R.Mirzəyev, A.Cahangirov, H.Məmmədov, Q.Həsənova tərəfindən aparılmışdır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti tərəfindən sınaqların nəticələrinə görə mərciməyin yeni “Zəfər” sortu Dövlət reyestrinə daxil edilmişdir.
Noxud bitkisinin Dövlət komissiyasına təqdim edilmiş yeni “Nəzrin” sortunun sınaqları davam etdirilir.
Respublikada rayonlaşdırılmış “Nərmin”, “Sultan” noxud və “Arzu”, “Zəfər” mərcimək sortlarının və həmçinin yeni perspektivli “Nəzrin” noxud sortunun ilkin toxumçuluq işləri təşkil edilmişdir.
V. DAVAMLI ƏKİNÇİLİK VƏ BİTKİ DİVERSİFİKASİYASI PROQRAMI. Respublikanın bölgələri üzrə tarla bitkilərinin becərilməsinin və torpaq münbitliyinin idarə olunmasının elmi və praktiki əsaslarının öyrənilməsi mövzusu M.Rzayevin rəhbərliyi altında Z.Abdullayeva, Ş.Əhmədov, B.Abbasov, S.Dünyamalıyev, Ş.Quliyev, İ.Cümşüdov, M.Məhərrəmov, İ.Eminov, Ə.Əliyeva, N.Hümbətov tərəfindən aparılmışdır.
Qarabağ düzənliyi şəraitində adi səpinlərə nisbətən tirəli səpinlərdə qidalanma şəraitindən asılı olaraq payzılıq buğdanın Fatimə sortu 2,4-5,0 s/ha, Zirvə-85 sortu 0,8-8,5 s/ha, Şəfəq sortu 1,0-7,8s/ha və Qarabağ-33 arpa sortu isə 1,5-3,8 s/ha artıq dən məhsulu vermişdir. Tirəli səpinlərdə adi səpinlərə nisbətən buğda və arpa sortlarının dən məhsuldarlığı yüksəlməklə yanaşı toxumun səpin normasına xeyli qənaət olunur. Belə ki, adi səpinlərdə ən yüksək dən məhsulu hektara 4 mln ədəd toxum normasında alındığı halda, tirəli səpinlərdə hektara 3mln ədəd toxum normasında alınmışdır.
Zaqatala rayonunun nəmliklə təmin olunmuş dəmyə şəraitində payızda qaldırılmış dondurma şumunun qarğıdalı səpini üçün yazda 18-20 sm dərinlikdə pərşum, Şəki rayonunun suvarma şəraitində isə 14-16 sm dərinlikdə kultivasiya edilməsi ən yaxşı nəticə verir. Hər iki şəraitdə taxıl sələfi qarğıdalı sələfinə nisbətən üstünlük təşkil etmişdir. Belə ki, bölgələrdən və becərmə üsullarından asılı olaraq qarğıdalı sələfindən sonra qarğıdalının dən məhsuldarlığı 73.0-86.4 s/ha təşkil etdiyi halda, taxıl sələfindən sonra 77,2-91,2 s/ha təşkil etmişdir.
Qarabağ düzənliyi şəraitində arpadan sonra torpağı becərmədən tirəyə Braziliya istehsalı olan toxum səpənlə bir başa qarğıdalı səpini aparılmışdır. Səpin üçün qarğıdalının tezyetişən (90 gün) MAS-70 hibridindən istifadə edilmişdir. Bu hibrid sıfır becərmə şəraitində hektardan 53,2 sentner 2-ci dən məhsulu vermişdir. Sıfır becərmə variantında torpağın əsas və səpinqabağı becərmələrinə və bir vegetasiya suyuna çəkilən xərclər aşağı düşdüyü üçün maya dəyəri aşagı düşməklə rentabellik səviyyəsi yüksəlir.
Düzən Şirvanın suvarma şəraitində amarant və sorqonun qarışıq səpinlərində ən yüksək yaşıl kütlə m əhsulu 60 x 20 sm səpin sxemindən alınmışdır - 408,3 s/ha.
Ağstafa və Gədəbəy rayonlarında yem çuğundurundan ən yüksək kök məhsulu N50P40K30 gübrə fonunda 60 x 20 sm səpin sxemindən alınmışdır (560,6 s/ha; 517,7 s/ha).
Raps, gülül və vələmir bitkilərindən ibarət qarışıq səpinlərdə ən yüksək yaşıl kütlə məhsulu N70P80K60 gübrə fonunda alınmışdır. Bu fonda qarışıq səpinlərin yaşıl kütlə məhsuldarlığı 716 s/ha təşkil etmişdir.
VI. YEMÇİLİK PROQRAMI. Azərbaycanın yay və qış otlaqları ekosisteminin dayanıqlı idarə edilməsi mexanizminin yaradılması üçün yaxşılaşdırma və səmərəli istifadə üsullarının texnoloji elementlərinin, proseslərin öyrənilməsi və təkmilləşdirilməsi mövzusu R.Zeynalovun rəhbərliyi ilə T.Rüstəmova, M.Məmmədov tərəfindən aparılmışdır.
Quru subtropik iqlim şəraitində otlaq ərazisində əsaslı yaxşılaşdırma aparmaq üçün sınaqdan keçirilən bitkilər yerli şəraitə uyğun olduqları üçün heç bir xarici təsirə məruz qalmamış və normal inkişaf etmişdir.
Quru subtropik iqlim şəraitində yerləşən təbii yem sahələrinin yaxşılaşdırılması üçün aparılmış tədqiqatların nəticəsindən məlum olmuşdur ki, ot qarışığı səpini +N30P30K30 variantında hər hektardan orta hesabla 312,11 sentner yaşıl kütlə və ya 84,23 sentner quru ot məhsulu istehsal etmək mümkündür.
Ot qarışığı səpini +N60P60K30 variantından orta hesabla 381,22 s/ha yaşıl kütlə və ya 102,78 s/ha quru ot məhsulu istehsal olunur.
Ot qarışığı səpini +N30P30K30+mikro gübrə variantının yaşıl kütlə məhsuldarlığı orta hesabla 335,28 s/ha, quru ot məhsuldarlığı isə 91,34 sen/ha olunmuşdur.
Sınaqdan keçirilən variantlardan istehsal olunan yemlərdə qidalılıq dəyəri də yüksək olmuşdur.
Böyük Qafqazın şimal-şərq yamacında Xızı rayonunun Altıağac ərazisində eroziyaya uğramış torpaqlarda otlaq sahələrinin yaxşılaşdırılması üsullarının öyrənilməsi, yeni “Azofos” mineral gübrəsinin torpaqların qida ehtiyatının artırılmasında və bitki örtüyünün idarə edilməsində rolu və fermer təsərrüfatlarında tətbiqi M.Zeynalzadənin rəhbərliyi ilə aparılmışdır.
Eroziyaya uğramış bozqırlaşmış dağ-qəhvəyi otlaq torpaqlarda apardığımız səthi yaxşılaşdırma təcrübələrinin ikiillik yekunu göstərmişdir ki, məhsuldarlıq nəzarətə nisbətən artıb. Beləliklə, nəzarətdə (təbii otlaq sahəsi) 21,00 s/ha yaşıl kütlə, 5,94 s/ha quru ot olduğu halda, Fonda (Təbii otlaq sahəsi+ot toxumu) variantında məhsuldarlıq 30,89 s/ha yaşıl kütlə və ya 9,11 s/ha quru ot məhsulu götürülür. Artım 9,89 s/ha yaşıl kütlə və ya 3,17 s/ha quru ot təşkil edir.
Təbi otlaq sahəsində N45P45 mineral gübrələrdən istifadə etdikdə hektardan yaşıl kütlə məhsuldarlığı 40,00, quru ot məhsuldarlığı isə 12,12 sentner olmuş və nəzarətə nisbətən artım 19,00 s/ha yaşıl kütlə, 6,18 s/ha quru ot təşkil etmişdir.
Tədqiqatın ikiilik nəticəsinə əsasən bozqırlaşmış dağ-qəhvəyi torpaqlarda yerləşən eroziyaya uğramış təbii otlaq sahələrində mineral gübrələrlə səthi yaxşılaşdırma aparmaq üçün ən yaxşı variant təbii otlaq sahəsi+ot toxumu+N60P60 variantı hesab olunur. Belə ki, bu variantda hektardan yaşıl kütlə məhsuldarlığı orta hesabla 50,67 sentner, quru ot məhsuldarlığı isə 15,33 sentner olunmuşdur.
Yeni yaradılmış “Azofos” gübrəsi tətbiq edilmiş variantlar digər variantlara nisbətən məhsuldarlığa daha yaxşı təsir göstərmişdir. Belə ki, təcrübənin birillik nəticələrinə əsasən Xızı rayonunun eroziyaya uğramış yay otlaqlarında “Azofos” gübrəsinin hektara 150 kq (≈ N45P40) səpin norması variantı fona (təbi otlaq sahəsi + ot toxumu) nisbətən 36,0% və ya 11,1 s/ha və təsiredici maddə hesabı ilə N45P45 variantına nisbətən isə 5,0% və ya 2,0 s/ha, hektara 200 kq (≈ N60P54) səpin norması variantı isə fona (təbi otlaq sahəsi + müxtəlif ot qarışığı) nisbətən 72,3% və ya 22,3 s/ha, təsiredici maddə hesabı ilə N60P60 variantına nisbətən isə 5,0% və ya 2,6 s/ha artıq yaşıl kütlə məhsulu vermişdir.
Beləliklə tədqiqatın ikiillik nəticəsinə əsasən demək olar ki, eroziyaya uğramış bozqırlaşmış dağ-qəhvəyi torpaqlarında yerləşən təbii otlaq sahələrində müəyyən səthi yaxşılaşdırma işləri apardıqda vahid sahədən 1,5-2 dəfə artıq məhsul götürmək olar. Bu da təbii otlaq sahələri altında olan torpaqların münbitliyinin artmasına və eroziya proseslərinin zəifləməsinə səbəb ola bilər.
Respublikada mövcud yemlərin keyfiyyət göstəricilərinin (kimyəvi tərkibinin) öyrənilməsi və yem rasionlarının hazırlanmasında istifadəsi S.Abbasquliyevanın rəhbərliyi ilə aparılmışdır.
Amarant bitkisi dənindən kənd təsərrüfatı heyvanları və quşları üçün yem rasionunun hazırlanma texnologiyası Ə.Adıgözəlovun rəhbərliyi ilə A.Qədimova, S.Abbasov tərəfindən aparılmışdır.
167 yem nümunəsində keyfiyyət göstəriciləri öyrənilmişdir.
İlk nəmlik, hiqroskopik nəmlik, xam yağ, xam protein, xam kül, xam selülloza və karotin öyrənilmiş, ümumi nəmlik, quru maddə hesablanmışdır.
Abşeron YTT, Tərtər BTS, Ağstafa YTT, Kürdəmir YTT-da əkilmiş amarant bitkisindən 127 kq amarant toxumu (dəni) istehsal edilmişdir.
Mövzu planına əsasən quşların yemləndirilməsində amarant dəninin səmərəliliyinin öyrənilməsi məqsədilə Lənkəran Quşçuluq Təsərrüfatında quşlar üzərində təcrübə qoyulmuş və hal hazırda davam etdirilir.
TƏRƏVƏZ, BOSTAN BİTKİLƏRİ VƏ KARTOF
Tərəvəzçilik ET İnstitutunda 2016-cı ildə respublika əhalisinin tərəvəz, bostan və kartof məhsullarına olan tələbatının ilboyu təmin edilməsində ən yeni, müasir seleksiya və fizioloji metodlarla yüksək məhsuldar, müxtəlif yetişkənliyə malik, əsas xəstəlik və zərərvericilərə, abiotik amillərin stress təsirlərinə qarşı davamlı, açıq və örtülü sahə üçün sort və birinci nəsil hibridlərinin yaradılaraq, əsas tərəvəzçilik bölgələrinin müxtəlif aqroekoloji torpaq-iqlim şəraitində sınaqdan keçirilərək seçilməsi, onların ilkin və reproduksiya toxumçuluğunun təşkil edilməsi istiqamətində 1 problem, 7 mövzu üzrə tədqiqatlar aparılmışdır.
Elmi-tədqiqat işləri institutunun Abşeron YTT, Qusarçay BTS, Lənkəran BTS, Tovuz BTS və Şəmkir DM-də aparılmışdır.
SELEKSİYA. Tərəvəz və bostan bitkilərinin seleksiya və fizioloji metodlar əsasında yeni, yüksək məhsuldar, əsas xəstəliklərə və zərərvericilərə, abiotik amillərin stress təsirlərinə qarşı davamlı sortların yaradılması, əlverişli nümunələrin respublikanın əsas tərəvəzçilik bölgələrində ekoloji sınağının keçirilməsi, seçilməsi və ilkin toxumçuluq işinin təşkili Z.Əliyeva və M.Yusifovun rəhbərliyi altında aparılmışdır.
Məhsuldar, zoğa getməyə davamlı payızlıq və yazlıq ağbaş kələm sortlarının yaradılması və ilkin toxumçuluğunun təşkili işi Z.Əliyeva, Ə.Məmmədov (Qusarçay BTS), M.Muradov (Lənkəran BTS) tərəfindən aparılmışdır.
Yazlıq ağbaş kələmin seleksiya işi üzrə təqdiqat hibrid, seleksiya, nəzarət, müsabiqəli sort sınaq sahəsi və 2016-cı ilin təcrübəsindən “Apşeronskaya azimaya” sortundan 0,5 kq super elit toxumu, “Derbentskaya uluçşennaya” sortundan 2,1 kq super elit və elit toxumu, Araz sortundan 3,8 kq super elit və elit toxumu əldə olunmuşdur.
“Pomidorun müxtəlif yetişkənliyə malik, məhsuldar, fuzarioz xəstəliyinə və əlverişsiz abiotik amillərə qarşı davamlı sortlarının yaradılması və ilkin toxumçuluğunun təşkili” İ.Əliyeva, C.Rəşidov, S.Mahmudova tərəfindən aparılmışdır.
Hesabat ilində pomidorun açıq sahə üçün rayonlaşmış bərkmeyvəli sortlarının ilkin toxumçuluğu və əlverişli genofond materiallarının toxumlarının bərpası üzrə yerinə yetirilmiş təcrübələrin aşağıdakı mühüm nəticələri alınmışdır:
1. Tədqiqat işinin məzmununa uyğun olaraq pomidorun 41 sortnümunəsi üzərində ilkin toxumçuluq, sorttəmizləmə, aprobasiya və köhnəlmiş toxumların həyatilik qabiliyyətinin qiymətləndirilməsi işləri aparılmışdır;
2. Genotiplərin qiymətləndirilməsi nəticəsində bitkilərin vegetasiya dövrünün uzunluğu, fenofazalar üzrə onların boyatma intensivliyi öyrənilmiş, bitkilərin bioloji və təsərrüfat tezyetişkənliyi, əmtəəlik və toxumluq məhsuldarlığı, həmçinin fuzarioz xəstəliyinə davamlılığı müəyyən olunmuşdur;
3. Dövlət reyestrinə daxil edilmiş pomidor sortlarından və 37 ədəd genofond materiallarından bütünlüklə 2,89 kq miqdarında superelit və elit toxumlar istehsal edilmişdir;
4. “Bahar” sortu respublikada becərilmək üçün Dövlət reyestrinə daxil edilmişdir.
“Məhsuldar, perenosporoz (yalançı unlu- şeh) xəstəliyinə davamlı, saxlanmaya yararlı baş soğan sortlarının yaradılması və ilkin toxumçuluğunun təşkili” işi Z.Əliyeva və Ş.Maksudov tərəfindən aparılmışdır.
Hesabat ilində soğanın seleksiyası kolleksiya, seleksiya, müsabiqəli sort sınağı pitomniklərində və çoxaltma sahəsində aparılmışdır.
Çoxaltma sahəsində isə 2014-cü ildə Dövlət reyestrinə daxil edilmiş “Yaxşılaşdırılmış Yerli Hövsan” , “Aydan”, “Aytac” və “Sabir” sortları olmuşdur.
Müsabiqəli sort sınaq pitomnikində nəzarət sortunda gövdənin yatması ilə yığım arasında 20 gün olmuşdursa, 9 nömrəli sortnümunədə bu müddət 17 gün olmuşdur.
“Məhsuldar, pas xəstəliyinə davamlı, saxlanmaya yararlı sarımsaq sortlarının yaradılması və ilkin toxumçuluğunun təşkili” işi Ə.Əsgərov, A.Əliyev, Z.Dadaşov və A.Cəlalov tərəfindən aparılmışdır.
Hesabat ilində sarımsağın seleksiyası-başlanğıc material pitomnikinin kolleksiya sahəsi, seleksiya, nəzarət, müsabiqəli sortsınağı pitomniklərində və çoxaltma sahəsində aparılmışdır.
Kolleksiya sahəsində təqvim ilində 3, seleksiya pitomnikində 2, nəzarət pitomnikində 3, müsabiqəli sortsınağı pitomnikində 3 sortnümunəsi sınaqdan keçirilmış, çoxaltma sahəsində 1; 2; 3 nömrəli sortnümunələri artırılmışdır. Təcrübədə nəzarət kimi Cəlilabad sortu götürülmüşdür.
Təcrübə sahəsindən 110 kq yaş halda sarımsaq məhsulu yığılmış, qurudulmuş və quruma nəticəsində 72.2 kq quru soğanaqlı məhsul əldə olunmuşdur.
“Badımcanın müxtəlif yetişkənliyə malik, məhsuldar, fuzarioz xəstəliyinə və əlverişsiz abiotik amillərə qarşı davamlı sortlarının yaradılması” işi Ə.Eyvazovun rəhbərliyi ilə İ.Əliyeva və Ə.Vəliyev tərəfindən aparılmışdır.
Qiymətli-təsərrüfat əhəmiyyətli əlamətlərinə görə şöbənin genofondundan götürülmüş kolleksiya nümunələri və rayonlaşmış sortlar başlanğıc material pitomnikinin kolleksiya, çoxaltma və toxumluq sahələrində öyrənilmiş seçilmiş və qiymətləndirilmişdir.
2016-cı ildə İnstitutun YTT-na 110 kq əmtəəlik məhsul təhvil verilmiş, 150 kq toxumluq məhsul götürülmüş 2.010 kq superelit və elit toxumu istehsal olmuşdur.
“İntensiv becərmə texnologiyası üçün yalançı unlu şeh xəstəliyinə davamlı xiyar sortlarının yaradılması və ilkin toxumçuluğunun təşkili” işi Z.Əliyeva, S.İsmayılova və A.Qurbanov tərəfindən aparılmışdır.
Qiymətli təsərrüfat əhəmiyyətli əlamətlərinə görə Seleksiya və toxumçuluq şöbəsinin genofondundan götürülmüş və xaricdən alınmış sortnümunələr kolleksiya sahəsində və seleksiya pitomnikində II təkrarda öyrənilmiş və qiymətləndirilmişdir.
Sortnümunələr arasında müxtəlif yetişkənliyə, məhsuldarlığa, xəstəlik və zərərvericilərə, abiotik amillərə qarşı davamlılığına görə seçmə aparılmışdır.
Sortnümunələrin seleksiya tədqiqat işi növbəti pitomniklərdə davam etdiriləcəkdir.
55 kq toxumluq məhsul götürülmüşdür.
Qusarçay BTS-də sortnümunələri kolleksiya sahəsində təkrarsız öyrənilmişdir.
“Məhsuldar, unlu-şeh və antraknoz xəstəliklərinə davamlı, saxlanmaya yararlı, yüksək biokimyəvi tərkibə malik bostan bitkiləri (qarpız və yemiş) sortlarının yaradılması və ilkin toxumçuluğunun təşkili” mövzusu Z.Əliyeva və N.Quliyev tərəfindən aparılmışdır.
2016-cı ildə qarpız bitkisi üzərində aparılan tədqiqatın nəticəsi olaraq, qeyd etmək olar ki, İndoneziyadan gətirilmiş 1 və 2 nömrəli nümunələr , eyni zamanda Genetik Ehtiyatlar İnstitutundan gətirilmiş iki nümunə Dövlət reyestrinə daxil edilmiş Mərcan sortu ilə müqayisəli öyrənilmişdir.
Yemiş bitkisi üzrə tədqiqatlar 12 nümunə üzərində aparılmışdır. Nümunələr İnstitutun genofondunda olan və Genetik Ehtiyatlar İnstitutundan gətirilmiş nümunələr olmuşdur. Koleksiya sahəsində aparılan tədqiqat işləri zamanı ( qarpız və yemiş ) fenoloji müşahidələr aparılmış, biomorfoloji təsvirləri öyrənilmiş, bütün göstəricilər təcrübə jurnalında qeydə alınmışdır.
“Bibər (şirin və acı) rayonlaşmış və K/T-ı Bitkilərinin Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə təqdim olunmaq üçün nəzərdə tutulmuş perspektiv sortların ilkin toxumçuluğunun təşkili” işi Z.Əliyeva tərəfindən aparılmışdır.
Şirin bibərin Dövlət reyestrinə daxil edilmiş sortlarının ilə toxumçuluq əkinləri aparılmış və 1 kq 810q yüksək kateqoriyalı toxum istehsal edilmişdir. Onlardan Murad sortundan-0,75 kq, Şəfa sortundan-0,13 kq, Yadigar sortundan-0,45 kq, Zümrüd sortundan-0,28 kq toxum əldə olunmuşdur.
“Yerkökü bitkisinin rayonlaşmış “Abşeronskaya zimnyaya” sortunun yenidən bərpa edilməsi və ilkin toxumçuluğunun təşkili” üzrə tədqiqat işi Z.Əliyeva tərəfindən yerinə yetirilmişdir.
2015-2016-cı illərdə yerkökü bitkisinin “Abşeronskaya zimnyaya” sortundan isə toxumçuluq məqsədilə təcrübə qoyulmuşdur.
2016-cı ildə əkilmiş toxumluq yerkökü sahəsindən 300q superelit toxum və 400q elit toxum istehsal olunmuşdur.
“Mətbəx çuğunduru bitkisinin başlanğıc materialının toplanması, öyrənilməsi və qiymətləndirilməsi” Z.Əliyeva və A.Dadaşov tərəfindən aparılmışdır.
2016-cı ildə ilk dəfə olaraq Qusarçay Bölgə Təcrübə Stansiyasında institutun Seleksiya və toxumçuluq şöbəsi tərəfindən hazırlanmış metodika və proqram əsasında mətbəx çuğundurunun seleksiya üzrə tədqiqat işlərinə başlanılmışdır.
Kolleksiya nümunələrinin biomorfoloji və təsərrüfat göstəriciləri öyrənilmişdir.
“Rayonlaşmış və perspektiv lobya sortlarının fotosintez fəaliyyətinin və məhsuldarlığının su rejimi ilə əlaqədar öyrənilməsi” işi M.Yusifovun rəhbərliyi ilə F. Məhərrəmova və S.İsrafilova tərəfindən aparılmışdır.
Lobya bitkisinin morfofizioloji göstəricilərinə kəskin (4 suvarma), sərt (8 suvarma) və normal suvarma (15 suvarma) rejimlərinin təsiri müəyyənləşdirilmişdir. Normal suvarma rejiminə nisbətən kəskin suvarma variantında torpaq quraqlığının azaldığı müəyyənləşdirilmişdir. Buna səbəb bitkilərin körpə vaxtlarında su qıtlığına daha həssas olmasıdır, lakin bitkilər yaşlaşdıqca həmin həssaslıq azalmış, adaptasiya (uyğunlaşma) isə artmışdır.
Bitkilərdə məhsulun struktur elementlərinə kəskin və sərt suvarma rejimləri azaldıcı təsir göstərmişdir. Bu zaman onların ən çox azalması kəskin suvarma rejimində qeydə alınmışdır.
Kəskin və sərt suvarma rejimlərində yaranmış torpaq quraqlığının təsirindən Bəyaz sortunun tez saralıb solması baş vermişdir. Sevinc sortunda isə bu hadisə 25-30 gün gec özünü biruzə vermişdir. Bununla da bu sort özünü quraqlığa daha davamlı olmasını göstərmişdir.
“Rayonlaşdırılmış və perspektiv bibər və badımcan sortlarının stress amillərə qarşı davamlılığının təyin edilməsi” işi G.Qati tərəfindən aparılmışdır.
Badımcan və bibər bitkiləri sortnümunələrinin quraqlığa davamlılığının qiymətləndirilməsinin aparılması nəticəsində quraqlığa müxtəlif dərəcədə davamlı nümunələr ayrılmışdır. Badımcan nümunələri arasında 172 və 178 nömrəli nümunələr, bibər nümunələri arasında isə uyğun olaraq 180 və 186 nömrəli nümunələr başqa nümunələrlə müqayisədə fərqlənmişdir. Qeyd olunan nümunələrdə davamlılıq göstəricisi orta davamlılığa uyğun gəlir.
“Kartof sortlarının gübrə rejimi ilə əlaqədar fotosintez fəaliyyətinin və məhsuldarlığının öyrənilməsi” K.Qasımov tərəfindən öyrənilmişdir.
Kartof bitkisinin fotosintez fəaliyyəti sortların bioloji xüsusiyyətlərindən, bitkilərin inkişaf fazalarından və gübrə rejimindən asılı olaraq müxtəlif olmuşdur.
Monoliza sortunun bitkilərində fotosintez fəaliyyətinin göstəriciləri Sevinc sortuna nisbətən yüksək olmuşdur. Məhsulun strukur elementlərindən kök yumruların sayı və orta çəkiləri də məhz Monoliza sortunda çox olmuşdur.
Gübrə rejimlərinin tətbiqi hər iki sortda fotosintez fəaliyyətini artırmışdır. Buna görə də gübrə variantlarında məhsuldarlıq yüksək olmuşdur.Lakin ən yüksək məhsul N120P120K90+20t.Peyin variantından alınmışdır.
“İstixana üçün pomidorun genofond materiallarının qiymətləndirilməsi, əsas xəstəlik və zərərvericilərə davamlı yeni izogen xətlərin, hibridlərin yaradılması, əlverişli nümunələrin toxumçuluğunun təşkili və tətbiqi” işi Ə.Babayevin rəhbərliyi altında Z.Əliyeva və R.Nəbiyev tərəfindən həyata keçirilir.
“Respublikanın torpaq iqlim şəraiti üçün yararlı, yüksək məhsuldar, əsas xəstəlik və zərərvericilərə qarşı nisbətən davamlı kartof sortlarının yaradılması, rayonlaşmış və perspektiv sortların elit toxumlarının yetişdirilməsi və müasir becərmə texnologiyasının işlənməsi” Ə.Eyvazovun rəhbərliyi altında İ.Həsənov, M.Nəsibova, A.Abbasov, İ.Ağayev, Ə.Məmmədov tərəfindən aparılmışdır.
Kartofun seleksiya və toxumçuluq sahələri dəmyə şəraitində yerləşdiyindən və yağışların olmaması səbəbindən 2016-cı ildə də məhsuldarlıq kəskin azalmışdır. Belə şərait istər yeni sortların alınmasını, istərsə də kartofun toxumçuluq işlərinin ləngiməsinə səbəb olmuşdur.
Dövlət reyestrinə daxil edilmiş və perspektiv kartof sortlarının sağlamlaşdırılması üçün yeni yaradılmış Biotexnologiya laboratoriyasında müvafiq işlər aparılır. Laboratoriyada alınmış mini yumrular Tovuz BTS-in Sarı-Tala sahəsində əkilmişdir.
Gələcəkdə botaniki toxumlardan alınmış nümunələrdən, həm məhsuldarlıq, həm də xəstəliyə davamlılığına görə seleksiyada istifadə etmək məqsədəuyğundur.
“Dövlət reyestrinə daxil edilmiş kartof sortlarının elit toxumlarının yetişdirilməsi üsullarının işlənməsi və təkmilləşdirilməsi” işi H.Həsənov, Ə.Abbasov, V.Əmiraslanov, Ə.Məmmədova tərəfindən aparılmışdır.
Dövlət reyestrində olan “Əmiri-600” və “Sevinc” kartof sortlarının super elit və elit toxum materiallarının alınması yüksək məhsul əldə etməyə imkan verir. Bu məqsədlə 2016-cı ildə bu sortların toxumluq keyfiyyətini yüksəltmək üçün sort xüsusiyyətlərini özündə cəmləşdirən yumrular seçilmiş və klonların sınağı pitomnikindən alınan tam sağlam yumrular super elit pitomnikində əkilmiş və 2 dəfə sort təmizləmə işləri aparılmışdır.
“Azərbaycanın Abşeron bölgəsində faraş kartofun becərilmə texnologiyasının işlənməsi” T.Məmmədov, F.Abbasov, Y.Mustafayev, İ.Ağayev tərəfindən aparılmışdır.
Alınan nəticələr ondan ibarətdir ki, cari ildə faraş kartofun Abşeron şəraitində intensiv becərilməsi bəzi müəyyən edilmiş şərtlərlə əlaqəlidir. Belə ki, havanın temperaturu cücərtilərin alınmasına, böyüməsinə və inkişafına güclü təsir göstərir. Burada kartof yumruları əkiləndən cücərtilərin alınmasına qədər 27 gün keçir. Bunun mənfi təsirini azaltmaq üçün qışaltı əkin üsulundan istifadə etmək lazımdır.
Kartofun ayrı-ayrı inkişaf mərhələlərində və torpağın rütubəti və istiliyi onun inkişafına müxtəlif cür təsir göstərir. Çiçəklənmə dövründən saralmaya qədər olan dövrdə yüksək temperaturun təsiri nəticəsində kartof tam yetişir. Təbii saralma dövründə su rejimi pozularsa kartof dərhal cücərir.
Sxemlər üzrə əkilmiş faraş kartofda 1-ci təcrübədə “Əmiri-600” sortunda 70x25 sm ölçüsü olan əkin sxemində daha yüksək nəticə alınmışdır. “Sevinc” sortunda isə ən yaxşı nəticə 70x20sm əkin sxemində alınmışdır.
“Resurs mühafizəedici və enerjiqoruyucu əkinçilik metodlarının tətbiqi ilə tərəvəz bitkiləri və kartofun intensiv becərmə texnologiyasının elmi əsaslarla işlənməsi və tətbiqi” R.Abbasovun rəhbərliyi altında T.Şahbazova, İ.İsmayılzadə, B.Ağayev, Q.Babayev, F.Yarəliyev, T.Məlikov, B.Məmmədzadə, D.Şabandayev, F.Ağayev, M.Hümbətov tərəfindən həyata keçirilmişdir.
Torpağın əkinə hazırlanmasında üstünlüyü enerjiqoruyucu becərməyə (şırımlarla, tirəyə səpin) verilməsi tövsiyə edilir. Torpağın kombinə edilmiş rotorlu dik bıçaqlı vərdənələyici frez aqreqatı ilə hazırlanması, innovativ texnologiyalarla becərilməsi zamanı material və əmək resurslarına qənaət olunur və daha çox iqtisadi səmərə verir.
Lent üsullu əkin sxemləri ilə tək cərgəli əkin sxemlərinin müqayisəsində nəzarətə nisbətən pomidorda 42,5 s/ha, ağbaş kələmdə 30,4 s/ha, baş soğanda 19,4-46,3 s/ha, xiyarda 70-113 s/ha məhsul artıq olmuşdur.
Sarımsaq bitkisində dişlərin iriliyindən, əkin sxemlərindən və becərmə texnologiyasından (tirəyə əkin) asılı olaraq məhsuldarlıq 134,8-198,7 s/ha arasında dəyişmişdir və nəzarətə nisbətən 35-120 s/ha məhsul artıq olmuşdur.
Kartof bitkisinin vegetasiyası ərzində Sevinc və Əmiri-600 sortlarında əkin sxemindən asılı olmayaraq yarpaq səthi 5-6 yarpaq fazasından başlayaraq yumruların intensiv böyüməsi fazasına qədər daim artır və bu fazada yarpaq səthinin sahəsi maksimal səviyyəyə malik olur. Vegetasiyanın sonuna doğru getdikcə yarpaqlar saraldığından və quruduğundan yarpaq səthinin sahəsi də kəskin azalır.
Yarpaq səthi sahəsinin artım dinamikası fotosintezin xalis məhsuldarlığını şərtləndirir. FXM əkin sxemindən və sortların bioloji xüsusiyyətlərindən asılı olaraq dəyişir. FXM-in yüksək qiyməti yumruların intensiv böyümə dövründə, ən aşağı qiyməti isə vegetasiyanın sonunda qeydə alınır.
Kartof bitkisinin müxtəlif sortlarının yarpaqlarında xlorofilin toplanma dinamikası iki maksimumlu əyri ilə səciyyələnir. Hər iki sort üzrə əkin sxemindən asılı olmayaraq xlorofilin maksimum miqdarı qönçələmə və yumruların intensiv böyümə fazalarında qeydə alınır. Vegetasiyanın sonunda yarpaqlarda xlorofilin miqdarı kəskin azalır və vegetasiya ərzində ən kiçik miqdar vegetasiyanın sonunda, yəni yumruların tam texniki yetişkənlik dövründə müşahidə edilir.
Kartof bitkisinin müxtəlif sortlarının vegetativ orqanlarında və kök yumrularında əkin sxemindən asılı olmayaraq quru maddənin ən yüksək miqdarı vegetasiyanın sonunda, kartof yumrularının tam texniki yetişkənlik dövründə müşahidə edilir. Vegetasiya ərzində həm vegetativ orqanlarda, həm də yumrularda quru maddənin daim artım tendensiyası qeydə alınır.
Müəyyən edilmişdir ki, kartofun tezyetişən Sevinc sortu üçün ən optimal qida sahəsi 70x25 və 70x30 sm əkin sxemi, ortayetişən Əmiri-600 üçün isə 70x25sm əkin sxemidir. Məhz bu əkin sxemlərində kartofun məhsuldarlığı daha yüksək olur. Kartofun yerüstü hissəsinin daha güclü inkişafı isə hər iki sort üzrə 70x20sm əkin sxemində qeydə alınır.
Kartof bitkisinin müxtəlif sortlarında əkin sxemindən asılı olaraq biomorfoloji əlamətlərin yeddi parametri- yarusların sayı, kökün uzunluğu, əsas gövdənin uzunluğu, əsas gövdənin kütləsi, yarpaqların kütləsi, saplaqların kütləsi, çiçəyin kütləsi üzrə aparılan müşahidələrin nəticələri göstərmişdir ki, tezyetişən Sevinc sortunda bu parametrlər ortayetişən Əmiri-600 sortuna nisbətən aşağı qiymətə malikdir.
“Fermer təsərrüfatlarını təmin etməkdən ötrü noğullaşdırılmış pomidor toxumlarının açıq sahə üçün şitil yetişdirilməsinin texnologiyasının işlənməsi” M.Ferens tərəfindən aparılmışdır.
Açıq sahədə geçikmiş payız və təkrar səpinlərdə pomidor şitilinin becərilməsində altıcərgəli lentvari səpin sximində cərgəarası məsafə 15 sm, lentarası zolaqların məsafəsi 75+65 sm olduqda traktor və digər texniki vasitələrin tətbiqinə imkan yaranır.
Təcrübənin nəticəsi göstərmişdir ki, yetişkənliyi eyni qrupdan olan pomidor şitillərin açıq sahədə becərilmə texnologiyası universaldır.
Həmin sahədə sonrakı becərmədə şitillərin təklif olunan qaydada seçilib ayrılması iqtisadi cəhətdən səmərəli olmaqla hektardan 1200000 ədədə qədər əmtəəlik şitil və əlavə olaraq hektardan 20 ton pomidor məhsulu almağa imkan verir.
“Abşeron bölgəsində pomidor bitkisinin aqrobioloji xüsusiyyətlərinin öyrənilməsi və iqtisadi səmərəliliyi” işi dissertant E.Allahverdiyev tərəfindən aparılmışdır.
Bitkinin böyüməsində, inkişafında və xəstəliklərə qarşı davamlılığının artırılmasında toxumların KMnO4, sink sulfat, dəmir sulfat və mis sulfatda isladılması daha yaxşı səmərə verir.
Pomidor bitkisində çiçək salxımlarının və bar verən budaqların sayı mis sulfatın təsirindən 4,38-4,95 ədəd, sink sulfatın təsirindən 4,6-4,84 ədəd, dəmir sulfatın təsirindən 4,18-4,7 ədəd olduğu halda, nəzarət variantında bu göstərici 3,0-3,5 ədəd olmuşdur.
Bitkinin boy və inkişafının artması ilə yanaşı həmin mikroelementlər məhsuldarlığa da təsir etmişdir. Belə ki, mis, sink və dəmir sulfatda məhsuldarlıq nəzarətə nisbətən 16,5 t/ha və ya 59,5 %, xörək sodası və bor turşusunda 14,7 t/ha və ya 45,4 % artıq olmuşdur.
“Respublikanın müxtəlif bölgələrində gübrələrin (üzvi, mineral) tərəvəz bitkilərinin və kartofun yeni sortlarının məhsuldarlığına, keyfiyyətinə və torpağın ekoloji vəziyyətinə təsirinin öyrənilməsi və tətbiqi” mövzusu Ş.Quliyevin rəhbərliyi altında Ə.Əsədova, T.Soluyanova, E.Məmmədova, Ə.Ağayev, İ.Məmmədov tərəfindən aparılmışdır.
Abşeron yarımadası şəraitində baş kələm ,baş soğan, sarımsaq, tərəvəz lobyası, Lənkəran-Astara bölgəsi şəraitində pomidor, xiyar, Tovuz bölgəsi şəraitində isə kartof bitkiləri 30t peyin+(NPK+ME)240 və 30t peyin+(NPK+ME)250 variantlarında daha yüksək məhsul vermişdir, məhsul artımı 1,5-2 dəfə təşkil etmişdir. Tərəvəz bitkiləri və kartofdan yüksək əmtəəlik məhsul əldə etmək üçün 30t peyin fonunda mürəkkəb +mikro gübrə olan NPK(8+24+24)+ME-nin 220-250 kq-lıq dozasının istifadə edilməsı məqsədəuyğundur.
Mürəkkəb mikro gübrələrin həm bioloji-təsərrüfat, həm də iqtisadi cəhətdən sərfəli olmasını nəzərə alaraq, aqronomik qaydalara əməl etməklə istifadə olunması tövsiyə olunur.
“Tərəvəz və bostan bitkilərinin kolleksiya nümunələrinin təbii və süni infeksiya fonunda xəstəliklərə qarşı davamlılığının öyrənilməsi və davamlı formalarının seçilməsi” X.Məmmədova və S.Bayramova tərəfindən aparılmışdır.
Hesabat ilində tarla təcrübələri kolleksiya, seleksiya və müsabiqəli sort sınağı pitomniklərində aparılmışdır. Alınmış nəticələrə görə kolleksiya pitomnikində sort nümunələrinin kompleks əlamətlərinə, məhsuldarlığına, quru maddənin miqdarına, xəstəliyə davamlılığına görə ən yaxşı göstəricilər Naxçıvan – 1, Abşeron- 1, Abşeron -2, Abşeron-9 sort nümunələrində müşahidə olunmuşdur.
Bu sortlarda bir bitkidən məhsuldarlıq 1,8-4,1 kq daxilində dəyişilir, quru maddənin miqdarı 11,5-12,7 %, sortların fuzarioz soluxmasına qarşı davamlılıq həddi 1-2 bal arasındadır. Zədələnmə 2-10 % rasında dəyişir.
Müsabiqəli sort sınağı pitomnikində öyrənilmiş sortlardan ən yaxşı göstəricilərə malik Şahnisə 1 sortu olmuşdur. Bu sortda orta məhsuldarlıq 5,3 kq-dır, quru maddənin miqdarı 12,7 %, fuzarioz soluxmasına qarşı davamlılığı 0,9 baldır. Zədələnmə 2 % dən ibarətdir. Ən yaxşı nəticələrə malik olduğuna görə Şahnisə-1 sortu KTN yanında Bitki Sortlarının qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə təqdim olunacaqdır.
“Quba-Xaçmaz bölgəsində (Qusarçay Bölgə Təcrübə Stansiyası) bostan bitkilərinin (yemiş) əsas xəstəliklərinin öyrənilməsi və onlara qarşı inteqrir mübarizə tədbirinin işlənib hazırlanması” işi A.Mirzəyev tərəfindən aparılmışdır.
“Lənkəran-Astara bölgəsində (Lənkəran BTS) tərəvəz bitkilərinin (xiyar) əsas xəstəliklərinin öyrənilməsi və onlara qarşı inteqrir mübarizə tədbirlərinin işlənib hazırlanması” X.Məmmədova və C.Nəcəfov tərəfindən aparılmışdır.
Qeyd etmək lazımdır ki, təcrübə sahəsindəki bitkilərin yarpaqları səthi xəstəliklərlə sirayətlənmişdir. Aparılmış müşahidələrə əsasən xəstəliyin sirayətlənmə dərəcəsi 5 ballıq şkalaya əsasən 2 balla qiymətləndirilmişdir. Fitopotoloji nəzarət qaydalarına əsasən uçot bitkilərin sayı (200) məlum olduğundan, 30 yarpağın xəstə olması aşkar edilmişdir. Sahənin digər yerində 3balla sirayətlənmə aşkar edilmişdir. Bu da uçot bitkilərində 56 yarpağın xəstə olması deməkdir.
Laboratoriyada pomidor meyvələrinin orqanoleptik göstəriciləri müəyyən olunmuşdur. Tədqiqat işləri Dövlət reyestrinə daxil edilmiş Alsu sortu və perspektiv olan 111 №-li, 118 №-li və 132 №-li sort nümunələri meyvələri üzərində aparılmışdır. Meyvələrin xarici görnüşünə vizual baxış zamanı aşkar olunmuşdur ki, Alsu sortunun mevələri bərk və daha cazibədardır. Qalan üç nömrənin 111, 118 və 132 meyvələri yumşaq, hündürlüyü boyunca meyvə saplağına qədər partlamış vəziyyətdə olmuşdur.
Eyni zamanda hər bir sort nümunələrindən 4 kq miqdarında (dəqiq tərəzidə çəkməklə) üç təkrarda standart plastik yeşiklərdə soyuducu kameraya yerləşdirilmişdir. Kameralarda temperatur 50C, nisbi rütubət 80-85% səviyyəsində nizamlanmışdır. Saxlama müddəti bütün nümunələr üçün 10 gün müəyyən olunmuşdur.
Saxlamanın sonunda Alsu sortunun meyvələri 0,2-5,3% təbii itkilərə məruz qalmışdır. Qalan üç perspektiv sort nümunələrində (83, 104, 118 №-də) təbii itkilərin miqdarı 0,8-1,2 % olmuşdur.
“Perspektiv və rayonlaşdırılmış tərəvəz sortları məhsullarının emala yararlılığının müxtəlif üsullarla öyrənilməsi” G.Abdullayeva tərəfindən aparılmışdır.
İnstitutda aparılan müxtəlif təcrübələrdən götürülmüş nümunələrdən müxtəlif növ konserv məhsulları, xiyar turşusu, göy qabaq turşusunun konservi və göy qabaq mürəbbəsi hazırlanmışdır.
Hazır məhsulların orqanoleptik göstəriciləri vizual üsulla təyin olunmuşdur. Bu zaman bankalarda olan duz məhlulunun şəffaflığı, meyvələrin xarici görünüşü, göy qabaq və xiyar məhsullarının kövrəkliyi, duz məhlulunun dadı 5 ballı qiymətləndirmə şkalasına əsasən 4 və 4,5 balla qiymətləndirilmişdir.
Eyni zamanda laboratoriyada göy qabağın mürəbbəsi hazırlanmışdır, şəkər norması hesablanmış, quru maddənin miqdarı təyin edilmiş, dequstasiya üsulu ilə dad keyfiyyəti təyin edilərək 5 balla qiymətləndirilmişdir.
Məlum olmuşdur ki, xiyarın və göy qabağın hazırda respublikada rayonlamış sortları daha yaxşı keyfiyyət xüsusiyyətlərinə malikdir.
“Biotexnologiya üsullarından istifadə etməklə kartof bitkilərinin sağlam əkin materialının alınması” tədqiqat işi M.Mustafayev, L.Aslanova, V.Mirzəli və F.Şərbətova tərəfindən aparılmışdır.
Laboratoriyada, süni işıq şəraitində və istixanada qismən nizamlanan şəraitdə aparılan təcrübələrin ilkin nəticələri göstərir ki, yerli kartof sortlarından Telman(82,3 %), xarici sortlardan isə Kurodo (88,2%) sortunun artırılması daha yüksək göstəricilərə malikdir.
Mikroyumruların və regenerant bitkilərin artırılması üçün ən yaxşı substrat isə təmiz torf olmuşdur.
Dostları ilə paylaş: |