Ministry of agriculture of azerbaijan republic



Yüklə 1,09 Mb.
səhifə4/13
tarix07.07.2018
ölçüsü1,09 Mb.
#55924
1   2   3   4   5   6   7   8   9   ...   13

MEYVƏÇILIK VƏ ÇAYÇILIQ
Respublikamızın iqtisadiyyatında, ölkə əhalisinin ilboyu müxtəlif ərzaq məhsulları ilə təmin olunmasında kənd təsərrüfatının müstəsna rolu vardır. Belə ki, əhalinin təzə halda istifadə edilən meyvə məhsullarına olan tələbatını fasiləsiz ödəmək üçün meyvə məhsulu istehsalının həcmi və çeşidinin artırılması hazırki bazar iqtisadiyyatı şəraitində başlıca vəzifə kimi qarşıda durur.

Yuxarıda qeyd edilən problemlərin araşdırılıb öyrənilməsi və tematik planlara uyğun həyata keçirilməsi, Meyvəçilik və Çayçılıq ET İnstitutunda 2016-2019-cu illər üçün əvvəlcədən təsdiq edilmiş mövzu iş planı üzrə “Meyvəçilik”, “Subtropik bitkilər” “Azərbaycan çayı” proqramları daxilində yerinə yetirilmişdir.

Elmi-tədqiqat işləri tumlu, çəyirdəkli, subtropik, qərzəkli, sitrus meyvə bitkiləri və çay bitkisinin genetik ehtiyatlarının toplanaraq qorunub saxlanması, öyrənilməsi, təsərrüfat-bioloji əlamətlərinə görə üstün olan sort və formalarının seçilib istifadəsi, yaxın və uzaq ölkələrdən respublikanın torpaq-iqlim şəraitinə uyğun gələn, məhsuldar və perspektivli olan yeni meyvə sortlarının introduksiyası, ənənəvi və müasir seleksiya üsullarından istifadə edilməklə yeni sortların yaradılması, müxtəlif cins və sortlarının bioloji xüsusiyyətlərinə və becərildiyi ərazilərin mühit şəraitinə uyğun olan, elmi cəhətdən əsaslandırılmış becərmə texnologiyalarının işlənib hazırlanması, meyvə bitkiləri aqrosenozlarının zərərli canlı orqanizmləri əleyhinə inteqrir mübarizə tədbirlərinin işlənib hazırlanması, eləcə də istehsal olunmuş meyvə məhsullarının saxlanması problemlərinin və emalının mühüm əhəmiyyət kəsb edən məsələlərinin araşdırılması istiqamətində aparılmışdır.


  1. MEYVƏÇILIK”

Problemə 6 mövzu və 19 iş daxildir.

Bu problem üzrə elmi-tədqiqat işləri institutun pomoloji kolleksiya bağlarında meyvə bitkilərinin sortlarının öyrənilməsi, alma, armud, gilas, heyva bitkilərinin yeni sortlarının yaradılması, meyvə bağlarının becərilmə texnologiyasının təkmilləşdirilməsi, meyvələrin biokimyəvi göstəricilərinin və emalı texnologiyasının öyrənilməsi üzrə yerinə yetirilir.

Seleksiya. İntensiv bağçılığın və bazarın tələblərinə cavab verən yüksək məhsuldar və əmtəə qabiliyyətli, yerli sortlardan bütün keyfiyyət göstəricilərinə görə üstün olan tumlu, çəyirdəkli meyvə və giləmeyvə bitkilərinin yeni sortlarını yaratmaq və mövcud sortları öyrənmək üzrə tətqiqat işi Ə.Sadıqovun rəhbərliyi ilə aparılmışdır.

Alma bitkisinin yerli və introduksiya edilmiş genefondunun öyrənilməsi, seleksiyada yeni, spur tipli, tez məhsula düşən, keyfiyyətli, davamlı sortların yaradılması və seçilməsi üzrə tədqiqat işləri institutun Quba Yardımçı Təcrübə Təsərrüfatı və Zərdabi adına Elmi Tədqiqat Bazasının kolleksiya, seleksiya və hibrid bağlarında aparılmışdır. Almanın yeni sortlarını yaratmaq məqsədilə 2012-2016-cı illərdə 15 kombinasiyada 20537 ədəd çiçək təcrid edilmiş və 17947 ədədində tozlandırılma aparılmış, 1086 ədəd meyvə əldə edilmiş, onlardan 5182 ədəd hibrid toxumu alınmışdır. Ata valideyn Şıxı canı, Cır Hacı, Qızıl Əhmədi və Sarı turş, ana valideyn kimi isə C1-A2, C1-A4, C2-A2, C2-A6, C2-A9, C1-A12, C2-A4, C1-A10, C3-A1, C4-A4 , C4-A12 formalarından istifadə edilmişdir.

Alma bitkisi üzrə seleksiya və sortöyrənmə işinin nəticəsi olaraq 2012-2016-cı illərdə 2 yeni seleksiya sortu (Sevinc, Elvin), 6 introduksiya olunmuş (Starkimson, Qolden Spur, Royal red Delişes, Qrani Smit, Fuji, Conaqold) alma sortu Dövlət reyestrinə daxil edilmiş, 22 yeni alma sortlarının sənədləri Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə təqdim edilmiş və sınaq üçün qəbul edilmişdir.

Armud bitkisinin genefondu əsasında yeni, alçaqboylu, tez məhsula düşən, məhsuldar, davamlı sortların yaradılması və seçilməsi V.Əliyev və A.İbadov tərəfindən aparılmışdır.

Yeni armud sortlarının seleksiya yolu ilə yaradılması məqsədilə 2012-2016-cı illərdə 15 kombinasiyada 18285 ədəd çiçək təcrid edilmiş, 16641 ədəd çiçək tozlandıırlmış, vegetasiyanın sonuna 544 ədəd meyvə və 1102 ədəd hibrid toxumu əldə edilmişdir. Seleksiya işində ata valideyn kimi Cır Nadiri və Vilyams sortları, ana valideyn kimi isə C2-A1, Lətifə, Gülşən sortları, C20-A3, C7-A25, C2-A22, C9-A30, C10-A19 formalarından istifadə edilmişdir.

Sort və formalardan asılı olaraq 5 ildə orta hesabla ağacların məhsuldarlığı 27-42 kq, hektardan isə 119-180 sentner arasında dəyişmişdir. Yüksək məhsuldarlığına görə C2-A1 (180 sen/ha), C10-A19 (163 sen/ha), C6-A2 (152 sen/ha) formaları fərqlənmişdir.

Gilas bitkisnin mövcud genefondu üzərində məhsuldar, keyfiyyətli, davamlı, yeni sortların yaradılması və seçilməsi Q.Mərdanov tərəfindən öyrənilmişdir.

Tədqiqat işi Quba YTT-nın hibrid gilas bağlarında aparılmışdır. Gilas bitkisinin yeni sortlarını yaratmaq məqsədilə 15 kombinasiyada 15899 ədəd çiçək təcrid edilmiş və 14258 ədədində tozlandırma aparılmışdır. Ana valideyni kimi C8A7-92, C9A3-92, C1A16-92, C6A4-92, C2A4-92, C7-A1-92, C9-A1-92 və C15-A1-92 saylı hibrid formalarından, ata valideyni kimi isə Valeri Çkalov, Roman-Oliva və Sarı Droqan sortlarından istifadə edilmişdir.

Formaların məhsuldarlığı orta hesabla bir ağacdan 40-60 kq arasında dəyişmiş, hektardan isə 180-220 sentner təşkil etmişdir. Bir meyvənin orta kütləsi 5-7 qr arasında dəyişmişdir.

Şəki-Zaqatala bölgəsində alma, armud sort və formalarının genefondunun öyrənilməsi, kolleksiya bağına cəlb edilməsi, qiymətləndirilməsi və seçilməsi S.Hacıyev və N.Əhmədov tərəfindən aparılmışdır.

Tədqiqat işi Qəbələ DM-də armud kolleksiya bağında aparılır.

Müşahidə altında olan 25 alma sortlarında tumurcuqların şişməsi 25-30 mart, açılması 20-22 aprel tarixlərində qeydə alınmış, ağaclar cavan olduğuna görə öyrənilən sortların tək-tək ağaclarında çiçəkləmə qeydə (26-29 aprel) alınmışdır. Sortların dəmgil xəstəliyinə yoluxması 1,3-2,6 ball həddində olmuşdur.

Sortların məhsuldarlığı son 5 ildə orta hesabla bir ağacdan 19-33 kq, hektardan isə 43,8-72,3 sentner təşkil etmişdir. Yüksək məhsuldarlığına görə Əntiqə (72,3 sen.), Alyanaq və Məhsuldar (66,8 sen.) sortları fərqlənmişlər və onların rentabellik səviyyəsi 112,9-130,0 % təşkil etmişdir.

Şirvan bölgəsində heyva bitkisinin genetik ehtiyatlarına daxil olan sort və formaların öyrənilməsi, mövcud kolleksiya bağının genefondunun zənginləşdirilməsi, qiymətləndirilməsi və seçilməsi E.İsmayılov tərəfindən aparılmışdır.

Tədqiqat işi Göyçay DM-də ümumi sahəsi 0,5 ha olan meyvə kolleksiya bağında 15 sort və formalar üzərində aparılmışdır. Müşahidə altında olan sortlarda tumurcuqların şişməsi 28-30 mart, çiçəkləmə 18-20 aprel tarixlərinə təsadüf etmiş, çüçəkləmə müddəti 10-12 gün davam etmiş, çiçəkləmənin sonu isə aprel ayının sonunda qeydə alınmışdır.

Quba-Xaçmaz bölgəsində alça sort və formalarının genefondunun öyrənilməsi və seçilməsi M.Babayev tərəfindən aparılmışdır.

Tədqiqat işinin məqsədi Quba-Xaçmaz bölgəsində yayılmış alçanın sort- formalarının genefondunun toplanması ilə kolleksiya bağının salınmasıdır.

2012-2016-cı illərdə bölgədə yayılmış alça sort və formalarını toplamaq məqsədilə ekspedisiyalar keçirilmiş, bölgə üzrə alçanın 52 sort və forması olduğu müəyyən edilmişdir.

Aşkar edilmiş sort və formaları koleksiyaya cəlb edilməsi məqsədilə şöbənin tinglik sahəsinə hər il cır alça toxumu səpilərək toxmacarlar yetişdirilmiş və toxmacarlara toplanmış sortlar calaq edilməklə artırılaraq kolleksiya bağına əkilmişdir. Yüksək təsərrüfat və keyfiyyət göstəricilərinə malik 22 sort və forma seçilərək, onlar üzərində (dəqiqləşdirilmiş ünvanlarında) müşahidə və ölçü işləri aparılmışdır.

Sort və formalardan, eləcə də təcrübə illərindən asılı olaraq, orta hesabla bir ağacdan məhsuldarlıq 70,0-97,0 kq arasında olmuşdur. Yüksək məhsuldarlığına görə Qəzvini, Q-F-1, Q-T-2, Şabrani, X-Q-1 və Q1-Q-1 formaları fərqlənmişlər.

Quba-Xaçmaz bölgəsində yeni introduksiya olunmuş alma sortlarının təsərrüfat-bioloji xüsusiyyətlərinin öyrənilməsi İ.Bəyəhmədov tərəfindən aparılmışdır.

Tədqiqat işləri Şabran rayonunun Daşlıyataq kəndində 2008-2009-cu illərdə 5x3 m və 4x3 m əkin sxemində əkilmiş 21,0 ha alma bağında aparılmışdır. Tədqiqat obyekti kimi respublikamıza 2003-2004-cü illərdə introduksiya olunmuş-Qrani Smit, Fuji, Conaqold, Conaqored, Reynedes renettes, Ağ renet, Qolden Delişes x 972, Qolden Delişes və Simirenko reneti sortları götürülmüşdür. Simirenko reneti və Qolden Delişes sortları nəzarət sortları kimi tədqiqata cəlb edilmişdir.

Sortlardan və əkin sxemindən asılı olaraq orta hesabla bir ağacdan məhsuldarlıq 16-27 kq, hektardan isə 10,6-22,5 ton arasında dəyişmişdir. Ən çox məhsul 4x3 m əkin sxemində “Qolden Delişes x 972”, “Qrani Smit”, “Qolden Delişes” və “Fuji” sortlarında, qeydə alınmışdır.

Yeni calaqaltı formalarını introduksiya etmək yolu ilə klon calaqaltılarının kolleksiyasını yaratmaq və intensiv tipli meyvə bağları salmaq üçün yararlığına görə qiymətli təsərrüfat əlamətləri üzrə onları qiymətləndirmək İ.Qurbnovun rəhbərliyi altında aparılmışdır.

Tumlu və çəyirdəkli meyvə bitkilərinin (alma, armud, gavalı və gilas) alçaq boylu klon calaqaltılarını introduksiya etmək və üfiqi qələmlik (üfiqi çoxaltma) anaclığı kolleksiyasında öyrənilməsi A.Hacıyev tərəfindən aparılmışdır.

Hesabat ilində klon calaqaltı anaclığı kolleksiyasına almanın 5, heyvanın 1, gilas və gavalının hər birindən 1 ədəd olmaqla vegetativ üsulla artırılan calaqaltı formaları üzərində metodika və təqvim planına uyğun olaraq müvafiq müşahidə və ölçü işləri aparılmışdır.

2016-cı ildə kolleksiya sahəsinə hər birindən 10 ədəd olmaqla 2 alma (M 26, M 9), 1 gilas (Maxma-14), 1 armud (BA 29), 1 gavalı (Mirabolan-29 c) və CFF-677 calaqaltı formaları əkilmişdir.

İntroduksiya olunmuş klon calaqaltıları hesabına alma calaqaltı anaclığını genişləndirmək və onların anaclıq kolleksiyasında qiymətləndirilməsi işi T.Məmmədov tərəfindən aparılmışdır.

Müəyyən edilmişdir ki, alma calaqaltı anaclığı respublikamıza Belarus Respublikasından gətirilmiş calaqaltı formaları Quba-Xaçmaz bölgəsinin torpaq-iqlim şəraitinə yaxşı uyğunlaşır və normal inkişafa malikdirlər.

Kooperativ və digər özəl təsərrüfatlarda meyvə bağlarının hər hektarından yüksək keyfiyyətli meyvə məhsulu əldə edilməsinə cavab verən intensiv becərmə texnologiyasını işləyib hazırlamaq və mövcud texnologiyanı təkmilləşdirmək üzrə aparılan tədqiqat işi B.Quliyevin rəhbərliyi altında aparılmışdır.

Çəmənbağının tələblərinə cavab verən yeni seleksiya və introduksiya olunmuş alma sortlarını seçməklə, becərmə texnologiyasını təkmilləşdirmək B.Quliyev tərəfindən aparılmışdır.

Tədqiqat işi Zərdabi adına ETB-da 2014-cü ilin mart ayında 90x30 sm əkin sxemində əkilmiş 0,02 ha çəmən bağı sahəsində aparılır. Təcrübə sahəsinə MM 106, M 9 calaqaltıları üzərində introduksiya edilmiş alma sortlarının (“Qolden Delişes”, “Redvinter”, “Qala”, “Simirenko reneti”) 132 ədəd, institutun seleksiya alma sortlarının 37 ədəd tingləri və MM 106 klon calaqaltısının 100 ədəd köklü əkin materialı əkilmişdir. Əkilmiş calaqaltılara 2016-cı ilin avqust ayında institutun seleksiya alma sortları (“Ülvi”, “Çıraqqala” və “Sevinc”) calaq edilmişdir.

Müxtəlif əkin sxemli intensiv tipli alma bağlarında cərgəarası torpağın saxlanılması sistemini təkmilləşdirmək üzrə tədqiqat işi T.Kərimov tərəfindən aparılmışdır.

2016-cı ildə müxtəlif əkin sxemləri (4 x 2,5 m, 4 x 2,0 m və 4 x 3,0 m) üzrə təcrübələr davam etdirilmişdir. Təcrübə sahəsi Zərdabi adına ETB-da olmaqla, ümumi sahəsi 0,12 hektardır.

Tədqiqat obyekti kimi MM-106 calaqaltısı üzərində olan “Qrani Smit” və “Simirenko reneti” sortları götürülmüşdür.

Aparılmış biometrik ölçü işləri nəticəsində müəyyən edilmişdir ki, ağacların hündürlüyü 137-182 sm, ştambın diametri 13,3-19,0 mm, birillik zoğların uzunluğu 16-31 sm arasında dəyişməklə, ən yüksək göstəricilər “Qrani Smit” sortunda qeydə alınmışdır.

Meyvə bağlarından və tinglik sahələrindən yüksək meyvə məhsulu və ting istehsalına təminat verən gübrələmə sistemini işləyib hazırlamaq və təkmilləşdirmək F.Əliyevin rəhbərliyi altında aparılmışdır.

İntensiv tipli alma bağlarında makro və mikro gübrələrin optimal, artırılmış və izafi dozalarının tətbiqinin ağacların boy, inkişaf və məhsuldarlığına təsiri F.Əliyev tərəfindən öyrənilmişdir.

Müşahidə altında almanın “Simirenko reneti”, “Qrani Smit”, “Fuji”, “Qala” və “Qolden Delişes” sortları olmuşdur.

Hesabat dövründə, yəni 2016-cı ildə təcrübə sahəsi torpağının aqrokimyəvi xüsusiyyətlərini öyrənmək məqsədilə 0-60 sm dərinlikdə torpaq qatlarından torpaq nümunələri götürülmüş, bitkilər üzərində fenoloji və biometrik ölçü işləri aparılmışdır. Müəyyən edilmişdir ki, təcrübə variantları və sortlardan asılı olaraq, ağacların gövdə diametri orta hesabla 23,9-26,5 mm, ağacların hündürlüyü 126,7- 200,3 sm, çətirdə budaqların sayı 10-19 ədəd, illik zoğların uzunluğu isə 3,9-9,9 sm arasında dəyişmişdir. Ağacların məhsuldarlığı sortlardan asılı olaraq 1,0-3,0 kq/ağac olmuşdur. Bütün variantlarda ən çox məhsulu, təcrübənin ikinci ilində, “Qrani Smit” (3,0 kq/ağac) və “Fuji” (2,4 kq/ağac) sortlarında müşahidə edilmişdir.

Üzvi və mineral gübrələr fonunda (maye, yarpaq gübrələri) tumlu meyvə bitkilərinin (alma) boy, inkişaf və məhsuldarlığına təsiri Q.Şirinova tərəfindən öyrənilmişdir.

Müşahidə altında almanın “Qrani Smit”, “Qala”, “Fuji” və “Qolden Delişes” sortları olmuşdur.

Hesabat ilində işin metodikasına uyğun olaraq təcrübənin variantları üzrə ağacların gövdə ətraflarına mineral gübrələr verilmiş, maye yarpaq gübrələri 2 dəfə olmaqla ağacların yarpaq səthinə çilənmişdir.

Müşahidə altında olan sortların məhsuldarlığı orta hesabla bir ağacdan 2,0-5,5 kq olmuşdur. Ən yüksək məhsul “Qrani Smit” və “Fuji” sortunda qeydə alınmışdır.

Ekoloji amilləri nəzərə almaqla pestisidlərdən minimum (zəruri hallarda) istifadə etməklə meyvə bitkilərinin zərərverici və xəstəliklərinə qarşı inteqrir mübarizə sisteminin təkmilləşdirilməsi M.Qurbanovun rəhbərliyi altında aparılmışdır.

Alma ballıcasının bioekoloji xüsusiyyətlərinin tədqiqi əsasında ona qarşı səmərəli mübarizə tədbirləri sisteminin işlənib hazırlanması N.Sadıqova tərəfindən aparılmışdır.

Alma ballıcasının yayılma ocaqlarını və inkişafını müəyyən etmək məqsədilə cari ildə bölgənin müxtəlif təsərrüfatlarında 4 dəfə marşrut tədqiqatları aparılmış, zərərvericinin yumurtadan kütləvi çıxışı aprel ayının I və II ongünlüyündə qeydə alınmışdır.

Zərərvericiyə davamlılığına görə sortlar 3 qrupa -1,3-1,6 balla davamlı (Qrani Smit, Azərbaycan, Məxməri, Qızıltac); 1,7-2,4 balla orta davamlı (Qızıl Əhmədi, Cır hacı, Çıraqqala, Elvin, Nigar, Marfa) və 3,3-3,9 balla davamsız (Qolden Delişes, Qolden Spur, Starkimson, Simirenko reneti, Şabran) qruplarına ayırılmışlar. Bu zərərvericinin 8 növ etnomofaqının olduğu və onlardan parabüzan, qızılgöz və sirfid milçəyinin zərərvericinin sayının azalmasında müsbət rol oynadığı tərəfimizdən müəyyən edilmişdir.

Zərərvericiyə qarşı yuxarıda adları qeyd olunmuş preparatlarla kimyəvi mübarizə aparılmış, onların bioloji səmərəsi 82,5-88,5 % arasında dəyişmiş və ən yüksək səmərə thiachloprid və imidachlorid preparatlarında qeydə alınmışdır. Zərərvericiyə qarşı 3 dəfə-erkən yazda tumurcuqlar oyanmamış, çiçəkləmədən sonra və meyvələrin formalaşdığı dövrdə mübarizə aparılmalıdır.

Yeni introduksiya olunmuş gilas bitkisi sortlarının xəstəliklərinin öyrənilməsi və onlara qarşı mübarizə tədbirləri sisteminin təkmilləşdirilməsi işi M.Qurbanov tərəfindən aparılmışdır.

2016-cı ildə bölgənin müxtəlif rayon və kəndlərində yerləşən 50 ha yeni salınmış intensiv tipli gilas bağlarında 19 dəfə marşrut tədqiqatları aparılmış, əsasən mikoz quruma, vertisillioz, qismən isə monilioz, sitosporoz və bakterial xərçəng xəstəliklərinin yayıldığı aşkar edilmişdir. Mikoz quruma xəstəliyinin yayılması 23,7 %, inkişaf dərəcəsi isə 12,4 % olmuşdur. Ən az mikoz quruma xəstəliyi Ziraat sortunda qeydə alınmış, xəstəliyin yayılması 9,8 %, inkişafı isə 3,7 % olmuşdur.

Mikoz quruma xəstəliyindən sonra nisbətən geniş yayılmış vertisillioz xəstəliyinə qarşı 0,025 % Skor, 0,1 % Effekt, 0,4 % Kuprosin və 0,3 % Funquran funqisidləri tətbiq edilmiş, onların bioloji səmərəsi 73,8-83,7 % arasında dəyişmiş, ən yüksək səmərə Funquran preparatında qeydə alınmışdır (83,7).

Alma genotiplərinin dəmgil xəstəliyinə davamlılıq genlərinin skrininqi və seleksiyada tətbiqi H.Şıxlinski, E.Xankişiyeva tərəfindən aparılmışdır.

Hesabat ilində xəstəliyə qarşı davamlılıq genlərinin aşkarlanması məqsədilə 40-dan çox müxtəlif alma sortlarının təbii şəraitdə xəstəliyə davamlılığı müəyyən edilmişdir. Aydın olmuşdur ki, sortların meyvə və yarpaqların xəstəliyə yoluxma dərəcəsi 0,3-22,3 % arasında dəyişmişdir. Ən çox yoluxma Qolden Delişes (22,3 %), Starkimson (18,6 %) və Red Delişes (20,2 %) sortlarında, ən az isə Qızıl Əhmədi (0,3 %), Şıxıcanı (0,5 %), Əyyubi (0,9 %), Cır Hacı (1,1 %) kimi yerli sortlarda, eləcə də seleksiya yolu ilə əldə edilmiş Azərbaycan, Məxməri və Qızıl Tac sortlarında xəstəliyə yoluxma müşahidə edilməmiş və ya az miqdarda müşahidə edilmişdir. Bu da Qızıl Əhmədi, Şıxı Canı, Əyyubi, Cır Hacı, Azərbaycan, Məxməri və Qızıl Tac sortlarının bu patogenə qarşı davamlılığını göstərilir.

Müxtəlif meyvə bitkiləri meyvələrinin emalı və saxlanması texnologiyasının işlənib hazırlanması Q.Hafizov tərəfindən aparılmışdır.

Hesabat ilində tətqiqat işinin əsas məqsədi nar, xurma və digər subtropik meyvələrindən dietik-müalicəvi təsirə malik məmulatların istehsalı texnologiyasını işləyib hazırlamaq.

İşlənib hazırlanmış yeni texnologiyanın patentləşdirilməsi üçün lazımi sənədlər hazırlanaraq Rusiya Federasiyasının Sənaye Mülkiyyətinin Federal İnstitutuna göndərilmişdir.

Qeyd olunanlarla yanaşı 2016-cı ildə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən institut əməkdaşlarının hazırladığı “Meyvə marinadının hazırlanması üsulu” və “Meyvə qarışığının istehsal üsulu” ixtiralarına patent alınmışdır.

İnstitutda yaradılmış yeni alma sortları meyvələrinin müxtəlif üsullarla saxlanılması rejimlərinin öyrənilməsi M.Piriyeva tərəfindən aparılmışdır.

2016-cı ildə saxlamaya qoyulan meyvələrin mexaniki, fiziki və biokimyəvi tərkibi saxlamaya qoyulan zaman öyrənilmişdir. Aydın olmuşdur ki, bir meyvənin orta kütləsi 110-195 qr arasında dəyişmiş, meyvənin həcmi 122,6-195,0 sm3, xüsusi çəkisi isə 0,72-0,84 qr/sm3 təşkil etmişdir.

Sortlardan asılı olaraq meyvələrin tərkibində quru maddənin miqdarı 11,7-13,2 %, ümumi şəkərlər 7,97-10,74 %, turşuluq 0,48%-0,87 %, vitamin “C”-nin miqdarı isə 1,58-1,94 % arasında olmuşdur.

Son illərdə introduksiya olunmuş alma sortları meyvələrinin müxtəlif üsullarla saxlanılması rejiminin öyrənilməsi H.Abubəkirov tərəfindən davam etdirilir.

2016-cı ildə saxlamaya qoyulması nəzərdə tutulmuş meyvələrdə sortlardan asılı olaraq, bir meyvənin orta kütləsi 168,6-216,0 qr, həcmi 205-272,4 sm3, xüsusi çəkisi 0,74-0,83 q/sm3, sıxlığı 4,6-9,8 kq/sm3 təşkil etməklə, meyvənin tərkibində həll olunmuş quru maddənin miqdarı 13,6-15,2 %, ümumi şəkərlər 10,6-13,8 %, ümumi turşuluq 0,38-0,85 %, vitamin “C” nin miqdarı isə 2,52-5,08 mq % arasında dəyişmişdir.


II. “SUBTROPİK BİTKİLƏR”
“Subtropik, qərzəkli, sitrus meyvə bitkilərinin şaxtaya, xəstəlik və zərərvericilərə davamlı yerli sortlarını öyrənməklə yeni məhsuldar sortlarını yaratmaq və seçmək” tədqiqat işinin rəhbərləri subtropik və qərzəkli bitkilər üzrə C.Məmmədov, sitrus bitkiləri üzrə F.Abdullayevdir.

Narın xəstəlik, zərərvericilər və şaxtaya davamlı yeni sortlarını yaratmaq, mövcud sortlarını öyrənmək və ən perspektivlilərini DSS-na təqdim etmək işi M.Əliyev tərəfindən aparılır.

Tədqiqat işi Göyçay Dayaq Məntəqəsində, nar kolleksiya bağında, 65-ə qədər introduksiya olunmuş, xalq seleksiya yolu ilə əldə edilmiş və həmçinin institutun seleksiya sortları və hibrid formaları üzərində aparılır. Təcrübə sahəsi 8,4 ha olub, bitkilərin qida sahəsi 5x5 m-dir.

Cari ildə 2015-ci ildə əldə edilmiş 720 ədəd hibrid toxumları stratifikasiyaya qoyulduqdan sonra mart ayında açıq sahəyə səpilmiş, orta səviyyədə cücərti alınmış, vegetasiyanın sonuna 398 ədəd hibrid toxmacarı qalmışdır.

Hesabat ilində yeni nar sortları yaratmaq məqsədilə 10 kombinasiyada sortlararası çarpazlaşdırma işi aparılmış, hər kombinasiyada 4-5 çiçək olmaqla, cəmi 45 ədəd çiçək tozlandırılmış, 28 ədəd sağlam meyvə yığılmış, meyvələrdən toxumlar hələlik tədarük edilməmişdir.

Xurmanın xəstəlik, zərərvericilər və şaxtaya davamlı olan yeni məhsuldar sortlarını yaratmaq, mövcud sortlarını öyrənmək və ən perspektivlilərini DSS-na təqdim etmək üzrə tədqiqat işi Z.Məmmədova tərəfindən aparılmışdır.

Tədqiqat işi Göyçay DM-də 1.0 hektar xurmanın kolleksiya bağında, 28 sort və forma üzərində aparılır. Müşahidə altında olan bitkilərin fenologiyası öyrənilmişdir.

Sortlar üzrə zoğların böyümə dinamikası öyrənilmiş və bir zoğun orta uzunluğu 16-18 sm оlmuş, ən uzun zoğ Xiakume, ən qısa isə Xaçia sortunda qeydə alınmışdır. Sortların xəstəlik və zərəvericilərə yoluxması 0,2-0,8 balla qiymətləndirilmiş, məhsuldarlığı 2012-2016-cı illərdə orta hesabla bir ağacdan 35-143 kq arasında dəyişmiş, ən çox məhsul 27235 № hibrid formasında, ən az isə XX əsr və Tozlayıcı № 8 sortlarında müşahidə edilmişdir.

Zeytunun xəstəlik və zərərvericilərə davamlı yeni sortlarını yaratmaq, mövcud sort – formalarını öyrənmək və seçmək işi N.Lisixina və Q.Güləhmədova tərəfindən aparılmışdır.

Tədqiqat işi Abşeron TS-da, zeytun seleksiya bağında 45sort, forma və hibrid üzərində aparılır. Müşahidə altında olan bitkilərin fenologiyası öyrənilmişdir.

Formalardan asılı olaraq çiçəklərin qönçələmə fazasında çiçəklərin 4,5-8,6 %-i, çiçəkləmə fazasında 34,6-48,48 %-i, mayalanma fazasında 42,6-54,2 %-i tökülmüş, məhsul əmələ gətirmək üçün sort və formalardan asılı olaraq açılmış çiçəklərin 2,2-6,8 %-i mayalanmışdır. Zeytun sort və hibrid formalarının zərərvericilərdən bənövşəyi yastıcaya sirayətlənməsi 0,2-0,6 balla qiymətləndirilmişdir. Cari hesabat ilində təcrübə sahəsində xəstəliklər müşahidə edilməmişdir. Sort və formalardan asılı olaraq bir ağacdan 4-6 kq arasında məhsul yığılmışdır.

Püstənin mövcud sortlarını öyrənmək və seçməklə ən perspektivlilərini DSS-na təqdim etmək üzrə tədqiqat işi G.Məmmədova tərəfindən aparılmışdır.

Tədqiqat işi Abşeron Təcrübə Stansiyasında püstənin kolleksiya bağında, müxtəlif həyətyanı sahələrdə əkilmiş 30 sort və forma üzərində aparılır. Müşahidə altında olan bitkilərin aktiv inkişaf fazaları öyrənilmişdir. Kolleksiya bağında müvafiq aqrotexniki işlər aparılmış, unlu şeh və qonur ləkəlilik xəstəliklərinə qarşı təcrübə illərində (mart və may aylarında) Bordo mayesi ilə mübarizə aparılmışdır.

Sortların məhsuldarlığı orta hesabla bir ağacdan Binə qəsəbəsində cavan ağaclarda 2,8-3,6 kq, Mərdəkanda 60-70 yaşlı ağaclarda isə 20-30 kq arasında dəyişmişdir.

Azərbaycanda yayılmış əncir sortlarının kolleksiya bağlarını yaratmaqla onların aqrobioloji xüsusiyyətlərinin öyrənilməsi A.İbahov tərəfindən aparılmışdır.

Tədqiqat işi Zərdabi adına ETB-da 2011-ci ildə salınmış 0,04 ha əncir kolleksiya bağında aparılır.

İşin məqsədi Quba-Xaçmaz bölgəsində yayılmış müxtəlif əncir sortlarını kolleksiya bağına cəlb etməkdir.

Hesabat müddəti ərzində Siyəzən, Şabran, Quba və Xaçmaz rayonlarında ekspedisiyalar davam etdirilmiş, aşkar edilmiş sort və formalar (16 ədəd) üzərində fenoloji müşahidələr və biometrik ölçülər aparılmışdır.

Ağaclar cavan olduğuna görə məhsuldarlıq qeydə alınmamışdır.

İnnabın mövcud sort və formalarının öyərinlməsi və seçilməsi G.Məmmədova və B.Məmmədova tərəfindən aparılmışdır.

Tədqiqat işi Abşeron TS-nın innabın kolleksiya-hibrid bağında aparılır. Tədqiqat işləri innabın F-26, F-43, F-24, F-169 və F-18 formaları və nəzarət kimi Nəsimi sortu üzərində aparılmışdır. Müşahidə altında olan bitkilərin fenologiyası öyrənilmişdir.

Müşahidə altında olan hibrid formalarının məhsuldarlığı 5 ildə orta hesabla bir ağacdan 15-30 kq arasında dəyişmişdir.

Qərzəkli meyvə bitkilərinin tez məhsula düşən nazik qabıqlı, yüksək yağlılığa malik, kompleks davamlı yeni sortlarını yaratmaq və mövcud sortlarını öyrənmək (fındıq üzrə - Şəki-Zaqatala bölgəsində) üzrə tədqiqat mövzusu C.Məmmədov və İ.Soltanov tərəfindən aparılmışdır.

Tədqiqat işi Zaqatala DM-də fındıq kolleksiya bağında 30 sort və 22 forma üzərində aparılır. Müşahidə altında olan bitkilərin fenologiyası öyrənilmişdir. Sort və formalarda dişi çiçəklərin açılması 26.12.15-19.02.2016, tozlanma 29.12.2015-17.03.16, yarpaqalrın əmələ gəlməsi 06-18 mart, qərzəyin əmələ gəlməsi 11 aprel-13 iyun tarixlərində müşahidə edilmişdir. Sortların məhsuldarlığı orta hesabla bir ağacdan 6,5-18,5 kq arasında dəyişmişdir.

Seleksiya işinin nəticəsi olaraq 2 amerika mənşəli fındıq (Martarella, Tonda di Vindi) sortları Dövlət reyestrinə daxil edilmişdir.

Qərzəkli meyvə bitkilərinin tez məhsula düşən, nazik qabıqlı, yüksək yağlılığa malik, kompleks davamlı yeni sortlarını yaratmaq və mövcud sortlarını öyrənmək (yunan qozu üzrə) üzrə tədqiqat işi C.Məmmədovun rəhbərliyi ilə N.Abdullayeva tərəfindən aparılmışdır.

Tədqiqat işi Zaqatala DM-də 3 ha kolleksiya qoz bağında, 46 sort və forma üzərində aparılmışdır. Bitkilər üzərində fenoloji müşahidələr aparılmış, sort və formalarda yarpaqların əmələ gəlməsi 11-26 aprel, sırğaların görünməsi 20-25 aprel, tozlanma 27 aprel-4 may, dişi çiçəklərin açılması 26 aprel-3 may, qərzəyin əmələ gəlməsi 17-21 may tarixlərdə müşahidə edilmişdir. Sort və formaların məhsuldarlığı orta hesabla bir ağacdan 42-53 kq arasında dəyişmişdir.

Əldə edilmiş qoz meyvələri tinglik sahəsinə səpilmiş və cəmi 166 ədəd cücərti alınmış, onlardan hazırda 138 ədəd hibrid toxmacarı qalmışdır.

Quba-Xaçmaz bölgəsində mövcud olan Şərq xurması bitkisinin torpaq-iqlim şəraitinə adaptiv, yüksək səmərəliliyə malik olan sortların seçilməsi və yeni sortların yaradılması üzrə tədqiqat işi F.Həsənov tərəfindən aparılmışdır.

Tədqiqat işi Zərdabi ETB-da 2001-ci ildə salınmış 1 ha xurma bağında aparılmışdır.

Ağacların çiçəkləmə dərəcəsi 3-4 bal olmuşdur. Sortlardan asılı olaraq ağacların məhsuldarlığı 35-45 kq arasında dəyişmiş, yüksək məhsuldarlığına görə Xaçia və Xiakume sortları fərqlənmişdir. Bu sortların hektardan məhsuldarlığı 145-187 sentner arasında dəyişir.

Sitrus meyvə bitkilərinin mövcud sort və formalarının yeni genefond- kolleksiya bağlarını salmaq, narıngi bitkisnin mövcud sortlarını öyrənmək və seçmək işi N.Məcidova tərəfindən aparılmışdır.

Tədqiqat işi Lənkəran Çay Filialında aparılır.

2016-cı ildə şaxtalara qarşı mühafizə tədbirləri görüldüyünə görə cari ilin yazında sitrus bitkilərinin kolleksiya bağında olan 4 narıngi, 8 limon, 6 portağal, 3 qreypfrut, 1 kirkan və digər sitrus bitkilərinin növ və sortlarının hər birindən 3 ədəd (cəmi 78 bitki) olmaqla 2,5x 4m əkin sxemində əkilmiş bitkilər şaxtaya məruz qalmamışdır. Bitkilər üzərində müvafiq ölçü və müşahidələr aparılmış və bağda müvafiq becərmə tədbirləri yerinə yetirilmiş, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri aparılmışdır.

Ağaclar cavan olmasına baxmayaraq, bir ağacdan 3-5 kq arasında məhsul yığılmış, ən yüksək məhsul Unşiy sortunda (5 kq) qeydə alınmışdır.

Yeni limon bitkisinin mövcud sortlarının öyrənilməsi və genefond-kolleksiya bağlarının salınması işi Ə.Məlikov tərəfindən aparılmışdır.

Tədqiqat işi Lənkəran Çay Filialında 2009-cu ildə əkilmiş 0,05 ha təcrübə sahəsində aparılır.

Tədqiqatın məqsədi bölgədə yayılmış bütün limon bitkisi sort və formalarını kolleksiya bağına cəlb etmək və onların bioloji xüsusiyyətlərini öyrənməkdir.

Hesabat dövründə kolleksiya bağında müşahidə altında olan 8 limon sort və forması qış şaxtalarından qorunmuş və bitkilər üzərində müvafiq müşahidələr aparılmış, limonun 3 formasında çiçəkləmə və meyvəvermə müşahidə edilmişdir.

Tədqiqatlar nəticəsində bölgədə limon bitkisinin 24 sort-forma müxtəlifliyi müəyyən edilmiş, onların artırılaraq kolleksiyaya cəlb edilməsi istiqamətində işlər görülür.

Kivi bitkisinin mövcud sort və formalarını öyrənmək, yeni məhsuldar sortları introduksiya etmək, şaxtaya davamlılığına, məhsuldarlığına, məhsulun keyfiyyətinə görə üstün olanlarını seçmək F.Abdullayev və Ə.Məlikov tərəfindən davam etdirilir.

Tədqiqat işi Lənkəran Çay Filialında 0,07 ha sahədə əkilmiş kivi bitkisinin 10-a qədər sort və formaları üzərində aparılır. Hesabat dövründə sort və formalarda fenoloji fazaların dəyişməsi və digər müşahidə və ölçü işləri aparılmışdır. Lianların boy dinamikası ölçülmüş və sortlardan asılı olaraq 110-210 sm, məhsul verən lianlarda isə 38-95 sm arasında olmuşdur. Ən uzun lian Hayvard sortunda, ən qısa isə Brino sortunda qeydə alınmışdır. Bölgənin fərdi həyətyanı sahələrində becərilən yeni kivi formaları aşkar edilməsi istiqamətində ekspedisiyalar davam etdirilir.

Feyxoa bitkisinin şaxtaya davamlı sort və formalarının seçilməsi, yeni sortların introduksiya edilməsi F.Abdullayev və Ə.Məlikov tərəfindən aparılmışdır.

Tədqiqat işi Lənkəran Çay Filialının feyxoa kolleksiya bağında aparılır. Bitkilər üzərində (76; 77; 78 və 79 saylı formalar) fenoloji müşahidələr aparılmış və tumurcuqların şişməsi 20-28 aprel, qönçələmə 20-26 may, çiçəkləmə 1-3 iyun tarixlərdə müşahidə edilmişdir. Feyxoa bitkisində zoğların uzunluğu ölçülmüş və onların 10-15 sm arasında uzunluqda olduğu müəyyən edilmiş, ən uzun zoğ Şəhla sortunda, ən qısa isə 78 saylı formada olmuşdur.

Subtropik və sitrus meyvə bitkilərinin yüksək və sabit məhsuldarlığını təmin edən intensiv becərmə texnologiyasını, onların xəstəlik və zərərvericilərinə qarşı ekoloji cəhətcə təhlükəsiz mübarizə tədbirlər sistemini işləyib hazırlamaq və təkmilləşdirmək üzrə tədqiqat işi C.Məmmədovun rəhbərliyi altında davam etdirilmişdir.

Quba rayonu şəraitində Şərq xurması bitkisinin azot gübrəsinin müxtəlif dozaları ilə yemləndirilməsinin ağacların böyüməsinə və məhsuldarlığına təsirinin öyrənilməsi işinin icraçısı H.Həsənovdur.

Tədqiqat işi institutun Zərdabi adına ETB-da 2001-ci ildə 6х4 м sxemində əkilmiş 0,93 ha Şərq xurması bağında yerinə yetirilir.

Tədqiqat işləri “Xiakume”, “Xaçia”, “Zənci-maru” və “Qoşo” sortları üzərində aparılmışdır.

Ən yüksək nəticə Fon+N120 variantında qeydə alınmış və bu variantda meyvələrin keyfiyyəti yüksək olmaqla, sortlardan asılı olaraq şəkərin miqdarı 15,48-15,96 %, vitamin “C” miqdarı isə 7,13-8,12 mq % arasında dəyişmişdir.

Sortlardan və variantlardan asılı olaraq ağacların məhsuldarlığı orta hesabla bir ağacdan 38-52 kq arasında dəyişmiş, ən çox məhsul Fon+N120 variantında qeydə alınmışdır.

Lənkəran-Astara bölgəsi şəraitində müxtəlif növ mineral gübrələrin aktinidiya (kivi) və feyxoa bitkilərinin məhsuldarlığına və məhsulun keyfiyyətinə təsirinin öyrənilməsi üzrə iş X.Babayev tərəfindən aparılmışdır.

Tədqiqat işi Lənkəran Çay filialında əkilmiş 0,10 ha kivi və 1,0 ha feyxoa bitkilərinin kolleksiya bağında yerinə yetirilir.

Tədqiqat işləri feyxoa bitkisi üzrə 7 variant, kivi bitkisi üzrə 8 variant və 4 təkrarda yerinə yetirilir. Müşahidə altında feyxoanın Lənkəran, kivi bitkisinin Hayvard sortlarıdır.

Təcrübə sahələrində müvafiq müşahidə və ölçü işləri, eləcə də becərmə tədbirləri yerinə yetirilmişdir. Müəyyən edilmişdir ki, Lənkəran kompostunun mineral gübrələrlə birlikdə verilməsi nəticəsində hektardan məhsuldarlıq nəzarətə nisbətən kivi üzrə 63 %, feyxoada isə 26,0 %, məhsul artımı müşahidə edilmişdir.

Yüksək keyfiyyətli əkin materialı yetişdirmək məqsədilə zeytun bitkisinin calaq üsulu ilə çoxaldılması texnologiyasını işləyib hazırlamaq işi Z.Abbasova tərəfindən aparılmışdır.

Tədqiqat işi Abşeron Təcrübə Stansiyasının tinglik sahəsində yerinə yetirilir. Tədqiqatın məqsədi calaq üsulu ilə zeytun bitkisinin əkin materialının (tinginin) yetişdirilməsi texnologiyasını işləyib hazırlamaqdır.

Hesabat dövründə təcrübə sahəsi seçilərək əkinə hazırlanmış, sahəyə 5 kq cır və 3 kq Pikvales zeytun sortunun toxumları stratifikasiya edildikdən sonra səpilmiş, eyni zamanda qış calağı vurulmuş 100 ədəd zeytun tingi sahəyə əkilmişdir. Toxumdan əmələ gələn cücərtilərə və qış calağı üsulu ilə artırılmış tinglərə müvafiq aqrotexniki qulluq edilmişdir. 2016-cı ilin avqust və sentyabr ayında calağa çatmış toxmacarlara zeytun bitkisinin müxtəlif sortları ilə 500 ədəd “göz”calağı edilmişdir. Növbəti ilin səpini üçün toxum tədarükünə başlanılmış və bu məqsədlə 60 kq cır zeytun toxumu tədarük edilmişdir.

Badam bitkisinin çoxaldılmasında müxtəlif calaq üsulları və müddətlərini müqayisəli olaraq öyrənməklə, daha optimal üsul və müddətin müəyyənləşdirilməsi M.Əliyev tərəfindən aparılmışdır.

Tədqiqat işi Abşeron Təcrübə Stansiyasının tinglik sahəsində yerinə yetirilir. Tədqiqatın məqsədi müxtəlif calaq üsullarından istifadə etməklə badam bitkisinin optimal calaq üsulu və müddətini müəyyən etməkdir.

2016-cı ildə tədqiqat işinin təqvim və iş planları hazırlanaraq təsdiq edilmişdir. Təcrübə sahəsinə ilk yazda 20 kq badam toxumu stratifikasiya edildikdən sonra sahəyə səpilmişdir. Səpilmiş toxumlardan qənətbəxş səviyyədə cücərti əldə edilmiş, onlara lazımi aqrotexniki qulluq edilmiş və vəziyyəti çox yaxşıdır.

Cari ildə növbəti ilin səpini üçün 50 kq acı badam toxumu tədarük edilmişdir.

Zeytun bitkisinin həlqəvi xallama xəstəliyinin bioekoloji xüsusiyyətlərini öyrənmək və ona qarşı əlaqəli mübarizə tədbirlərini işləyib hazırlanması X.Cahangirov tərəfindən aparılmışdır.

Tədqiqat işi Abşeron Təcrübə Stansiyasında zeytun bitkisinin kolleksiya bağında aparılır.

Müşahidə altında türk mənşəli “Manzanilla” və institutda seleksiya yolu ilə alınmış zeytun sortlarıdır.

Stansiyanın zeytun bağlarında həlqəvi xallama xəstəliyinin yayılma və inkişaf dərəcəsi öyrənilmiş, müəyyən edilmişdir ki, xəstəliyin yayılması aprel ayında 3,5%, may ayında 4,7%, iyun ayında isə 5,2%, inkişafı isə aylardan asılı olaraq 0,6-0,9% olmuşdur. Havanın temperaturunun artması (20-250C) və nisbi rütubətin yüksəlməsi (65-70%) xəstəliyin inkişafına müsbət təsir göstərmişdir.

Xəstəliyə qarşı Skor, Sneb və Bordo mayesi ilə kimyəvi mübarizə aparılmış, xəstəliyin qarşısı əhəmiyyətli dərəcədə alınmış və preparatların bioloji səmərəsi 68-78% arasında dəyişmişdir. Ən yüksək bioloji səmərə Skor preparatında (78%) qeydə alınmışdır.

İnnab bitkisinin geniş yayılmış xəstəliklərinin bioekoloji xüsusiyyətlərini öyrənmək və onlara qarşı mübarizə tədbirləri sistemini işləyib hazırlaması X.Cahangirov və Ə.Yusifov tərəfindən aparılmışdır.

Tədqiqat işi Abşeron Təcrübə Stansiyasında innabın genefond-kolleksiya bağında aparılır.

İnnab bitkisinin xəstəliklərini müəyyən etmək məqsədilə Stansiyanın və eləcə də Binə qəsəbəsinin təsərrüfatlarında olan innab bağlarında marşrut tədqiqatları aparılmış və müəyyən edilmişdir ki, innab bitkisində serkosporioz, kopnodium, meyvə çürüməsi, bükülmə və virus xəstəlikləri ziyan vururlar. Bunların arasında ən geniş yayılmış xəstəliklər- serkosporioz və kopnodium xəstəlikləridir.

Xəstəliklərə qarşı kimyəvi mübarizədə Siperkor preparatının 0,1 və 0,2 %-li məhlulundan istifadə edilmiş, 69,3-76,2 % bioloji səmərə əldə edilmişdir.

Zeytun bitkisinə zərər vuran koksidlərin (yastıcaların) növ müxtəlifliyini öyrənmək və onlara qarşı mübarizə tədbirləri sistemini təkmilləşdirmək Q.Jiqareviç tərəfindən həyata keçirilmişdir.

Tədqiqat işi Abşeron Təcrübə Stansiyasında zeytun bitkisinin kolleksiya bağında aparılır. Tədqiqat işinə 2015-ci ildən başlanılmışdır.

İşin məqsədi yastıcaların növ müxtəlifliyini öyrənmək və onlara qarşı mübarizə tədbirləri işləyib hazırlamaqdır.

Yastıcaların növ tərkibini müəyyənləşdirmək məqsədilə fenoloji və biomorfoloji müşahidələr və 16 dəfə marşrut tədqiqatları aparılmış, 622 ədəd zeytun ağacına baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, zeytun bitkisinə koksidlər qrupuna aid olan çəhrayı qalxanlı yastıca, oleandra yastıcası, yalançı sitrus yastıcası ziyan verir. Abşeron şəraitində zeytun bitkisinə ən çox çəhrayı qalxanlı yastıca, qismən isə oleandra yastıcası böyük zərər vurur. Ümumilikdə bitkilərin bu zərərvericilərlə sirayətlənməsi 0,6-0,8 bal təşkil etmişdir.

Lənkəran bölgəsində sitrus (limon-naringi) bitkilərinin zərərverici və xəstəliklərinin tədqiqi, onların geniş yayılmış növlərinə qarşı mübarizə tədbirləri sistemini təkmilləşdirmək Ə.Məlikov və F.Əskərov tərəfindən aparılmışdır.

Tədqiqat işi Lənkəran Çay Filialında sitrus meyvə bitkilərinin kolleksiya bağında yerinə yetirilir. Tədqiqatın obyekti limon və naringi bitkilərinin xəstəlik və zərərvericiləridir.

Tədqiqatın məqsədi Lənkəran bölgəsində becərilən limon və naringi bağlarının zərərverici və xəstəliklərini müəyyən etməklə, onlara qarşı inteqrir mübarizə sistemini işləyib hazırlanmasıdır. Sitrus bitkilərinin geniş yayılmış xəstəlik və zərərvericilərinin müəyyənləşdirilməsi məqsədilə bölgə şəraitində 7,5 ha sahəni əhatə edən 12 dəfə marşrut tədqiqatları aparılmış və onların növ tərkibinin əsasən zərərvericilərdən-unlu sitrus yastıcası, sitrus minalayıcı güvəsi, nazik çanaqlı yastıca, gümüşü və qırmızı gənəciklər; xəstəliklərdən isə - antraknoz, bakterioz və malşenko xəstəliyindən ibarət olduğu aşkarlanmışdır.

Zəfəran bitkisinin məhsuldarlığını artıran mütərəqqi becərmə texnologiyasını işləyib hazırlamaq və təkmilləşdirmək üzrə tədqiqat C.Məmmədov tərəfindən aparılmışdır.

Tədqiqat işi Abşeron Təcrübə Stansiyasında yerinə yetirilir. Tədqiqatın məqsədi zəfəran bitkisinin məhsuldarlığını artıran becərmə texnologiyasının işlənib hazırlanmasıdır.

Hesabat dövründə işin təqvim və iş planları hazırlanmış və təsdiq edilmiş, təcrübə sahəsində müxtəlif əkin sxemləri (5x3 sm, 10x5 sm, 20x10 sm) və müxtəlif əkin dərinlikləri (8,10,15 və 20 sm) üzrə təcrübələr davam etdirilmişdir. Sahədə müxtəlif suvarma normaları ilə suvarmalar aparılmışdır.


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin