Kənd təsərrüfatı heyvanlarının, quşların, balıqların, arıların və tut ipəkqurdunun yeni yüksək məhsuldar tip və xətlərinin yaradılması üzrə seleksiya-genetik üsulların işlənməsi, məhsuldarlığın bazarın tələbinə uyğun yüksəldilməsində mütərəqqi üsulların və biotexnologiyasına tətbiqi həyata keçirilir.
Aparılan tədqiqat işləri, genetik fondların qorunub saxlanılması, bərpa edilərək təkmilləşdirilməsi problemlərinə, həmçinin yeni reseptlərinin işlənib hazırlanmasına həsr olunmuşdur.
İnstitutda hal-hazırda 4 şöbə: ”Maliyyə və mühasibat uçotu”, “Hüquq, kadr və kargüzarlığın təşkili”, “İnformasiya təminatı və elmi nəticələrin tətbiqi”, və “Təsərrüfat”şöbələri; 6 laboratoriya: “At, dəvə, quş və balıqların genetikası və seleksiyası”, “İri buynuzlu heyvanların genetikası və seleksiyası”, “Xırda buynuzlu heyvanların genetikası və seleksiyasi”, “Yemləmə, yem istehsalı və məhsulların emalı texnologiyası”, “Zootexniki və biokimyəvi tədqiqatlar” və “Baramaçılıq”laboratoriyaları,” Arıçılıq” mərkəzi, Yardımçı Təcrübə Təsərrüfatı, “Ağdam Atçılıq Təsərrüfatı” MMC, “Ağstafa Atçılıq Təsərrüfatı”MMC, Şəki Dayaq Məntəqəsi və Abşeron Heyvandarlıq Təcrübə Stansiyası fəaliyyət göstərir.
Seleksiya yolu ilə iribuynuzlu qaramalın damazlıq və məhsuldarlıq keyfiyyətlərinin bazarın tələbinə uyğun yüksəldilməsi mövzusu üzrə “Yerli qaramalın damazlıq keyfiyyətlərindən istifadə etməklə rəqabətə davamlı və yüksək məhsuldarlıq keyfiyyətlərinə malik, Simmental və Qara-ala cinslərindən olan inək naxırlarının yaradılması” işi F.Mirzəyev, G.Babayev, M.Əliyev, L.A.Ələkbərova tərəfindən aparılmışdır.
Tədqiqat işləri Göygol rayonunun Mollacəlilli kəndində olan “Əliyev” kəndli fermer təsərrüfatında və Ağcabədi rayonu, Kürdlər kəndində “Zahir” kəndli fermer təsərrüfatında aparılmışdır.
Tədqiqatın məqsədi respublikamızın aran və dağətəyi zonalarında Simmental və Qara-ala cinsli yüksək məhsuldar çinslərin, damazlıq keyfiyyətlərindən istifadə etməklə yerli qaramalın məhsuldarlıq keyfiyyətini yüksəltmək və inək naxırları yaratmaqdır.
“Əliyev” təcrübə təsərrüfatında 54 baş, “Zahir” təsərrüfatında isə 62 baş qaramal vardır. Təsərrüfatların hər birində 30 baş ana mal - cəmi 60 baş inək və qalanları isə müxtəlif yaşlı düyələr və danalar olmuşdur.
“Əliyev” təsərrüfatında əsasən Simmental cinsli buğaların toxumu ilə 9 baş inəyi mayalandırılmışdır. 9 baş inək hər birinin diri çəkisi 370-390 kq arasında olmuşdur.
“Zahir” kəndli fermer təsərrüfatında isə, əsasən Qara-ala buğaların toxumundan istifadə etməklə 4 baş inək mayalandırılmışdır. Bu təsərrüfatda olan iki yaşdan yuxarı düyələrin orta gündəlik artımı son 4 ayda 811 qram, erkəklərdə isə bu göstərici 984 qram olmuşdur. Bundan əlavə, təcrübə təsərrüfatlarında olan bütün mal-qaranın diri çəkiləri, bədən ölçüləri, indeksləri və gündəlik artımı nəzarətdə saxlanaraq öyrənilmişdir.
Aparılan təcrübələr sübut etmişdir ki, buzovların tam dəyərli, yüksək keyfiyyətli yemlərlə təmin olunması gələcəkdə yüksək diri cəkili və ət cıxarına malik heyvanların yetişdirilməsini təmin edir.
“Zebu buğaları ilə Qara-ala cinsindən olan inəklərin çarpazlaşdırılması yolu ilə süddə yağın miqdarının yüksəldilməsi” işi F.Mirzəyev, A.Mehdiyev, Ş.Məmmədova, M.Həsənova, S.Ağayeva, E.Mustafayeva, L.Əliyeva tərəfindən aparılmışdır.
Tədqiqat işlərinin aparıldığı yer Şəmkir rayonunun “Qapanlı” kəndli fermer təsərrüfatıdır.
Mövzunun aparılmasında məqsəd: Dövlət damazlıq və fermer təsərrüfatında yetişdirilən qara-ala cinsli inəklərin Zebu buğalarının toxumları ilə çarpazlaşdırılmasından alınan hibridlərin istiqamətli yetişdirilməsini təmin etməklə yüksək məhsuldar damazlıq düyələr yaratmaqdır. İnək naxırında onların tək-tək qiymətləndirilməsi üçün bonitirovka aparılmasını təşkil etmək məqsədəuyğundur.
İşin yeniliyi: Qara-ala cinsli inəklərin saxlanma şəraitinin yaxşılaşdırılması ilə onların məhsuldarlıq göstəricilərinin artırılmasını təmin edən texnologiyanın işlənilməsi.
Qara-ala inəklərin üzərində aparılan damazlıq-seleksiya işlərini daha da yaxşılaşdırmaq üçün onun südlük Zebu buğaları ilə çarpazlaşdırmaq və yaxud onların dərin dondurulmuş toxumu ilə mayalandırılması daha məqsədə uyğundur.
Şəmkir rayonu Qapanlı kəndində yerləşən “Üç qardaş” fermer təsərrüfatında cəmi 118 baş qaramal var. Onlardan 2 baş zebu buğası, 82 başı qara-ala ana inək, 34 başı isə 1 yaşdan yuxarı düyələrdən ibarətdir.
Təsərrüfatda olarkən doğulan balaların uçotu aparılmış (35-40 baş) və təcrübə üçün 10 baş, nəzarət üçün 10 baş heyvan seçilmiş və həm təcrübə üçün, həm nəzarət üçün seçilən inəklərin diri çəkiləri, süd məhsuldarlıqları, doğum tarixləri bir-birinə uyğun götürülmüşdür. Təsərrüfatda olarkən doğulan balaların diri çəkiləri tərəzidə tək-tək çəkilməklə öyrənilmişdir (diri çəkisi 25-32 kq arasinda dəyişmişdir). 6-aylıqda (cavanlarda) isə diri çəkiləri 80-110 kq olmuşdur.
Doğumlar üzrə 1 başdan alınan süd 16-18 l olmaqla süddə yağ %-i 3,69 olmaqla, təbii mayalanmadan istifadə edilir.
Təsərrüfatda olarkən heyvanların yemləndirilməsinə nəzarət edilmiş, yemləndirilmə təsərrüfatda olan yemlərə əsasən aparılmışdır.
II laktasiyada müvafiq olaraq süd 3,69 % yağlılığında 2293,0 kq, süddə yağ 85,0 kq, diri çəki 415 kq, III laktasiyada süd 3,64 % yağlılığında 2426,0 kq, süddə yağ 88,3 kq, diri çəki 445 kq olmuşdur.
“Camışların məhsuldarlığının yüksəldilməsi istiqamətində aparılan damazlıq-seleksiya işlərinin təkmilləşdirilməsi” işi F.Mirzəyev, M.Həziyev, Z.Hüseynova,Y.Aslanov, G.Səfərova, Ə.Tağıyeva tərəfindən aparılmışdır.
Tədqiqatın aparıldığı yer Yevlax rayonu “Məmmədli” fermer (kəndli) təsərrüfatıdır.
Damazlıq seleksiya işlərinin düzgün təşkili, yüksək məhsuldar camışların buğalarından istifadə etməklə “Azərbaycan camışı” cinsinin məhsuldarlıq göstəricilərinin daha da yüksəldilməsindən ibarətdir.
“Məmmədli” kəndli fermer təsərrüfatının ümumi torpaq sahəsi 100 hektardır, o cümlədən otlaq sahəsi 50 hektar, əkin yonca sahəsi 40 hektar, arpa sahəsi isə 10 hektardır.
2016-cı ilin təqvim planına əsasən 13 mart 2016-cı ildə işin icraçısı Yevlax rayonu Qoyunbinəsi kəndi Məmmədli k.f.t-da olmuş, təcrübə qrupu üçün 10 baş Azərbaycan camışı, nəzarət qrupu üçün 10 baş, I nəsil mələz camışlar (Azərbaycan X Murrah) seçilmişdir. Həm təcrübədə, həmdə nəzarətdə seçilən camışların diri çəkiləri, süd məhsuldarlığı, doğum tarixləri bir-birinə uyğun götürülmüşdür. Təcrübədə və nəzarətdə doğulan kəlçələr qapanda çəkilmiş, çəkilər 28-35 kq arasında dəyişmişdir (doğulanda).
25 may 2016-cı ildə tədqiqatçı Yevlax rayonu Qoyunbinəsi kəndi Məmmədli k.f.t-da olmuş, təcrübəyə qoyulmuş kəlçələrin diri çəkisi və eksteryer bədən ölçüləri götürülmüşdür (6 aylıqda).
Tədqiq olunan naxırlardakı mələz camışların diri çəkisi ilə süd məhsuldarlığının əlaqəsi müəyyən edilmişdir. Diri çəkisi orta hesabla 365 kq olan camışlardan 1350 kq, diri çəkisi 420 kq olan camışlardan 1400 kq, diri çəkisi 450 kq olan heyvanlardan isə 1600 kq süd sağılmışdır. Odur ki, camışların təkmilləşdirilməsi üzrə aparılan damazlıq işində yüksək diri çəkiyə malik olan heyvanlardan istifadə etməklə süd məhsuldarlığını və iqtisadi səmərəni daha da artırmaq mümkündür.
“Abşeron şəraitində yayılmış südlük malın yüksək məhsuldar Qara-ala mənşəli törədicilərlə təkmilləşdirilməsi” işi üzrə F.Mirzəyev, V.Hümbətov, A.Həsənov, G.Xavəri tədqiqat aparmışdır.
Tədqiqat işi Abşeron rayonu Sultan Əliyev adına maldarlıq üzrə damazlıq K.T. istehsal müəsisəsində aparılmışdır.
İri və xırda fermer təsərrüfatlarında südlük istiqamətli cavan qaramalların böyümə və inkişaf dinamikasının müqayisəli öyrənilməsi, dişilərin südlük istiqamətli yetişdırılməsi, yüksək diri çəkiyə malik olan erkək və dişilərdən damazlıq kimi yetişdirib başqa təsərrüfatlara damazlıq düyə və buğacaları satmağın texnologiyasının hazırlanması olmuşdur.
Gözlənilən nəticə. Cinsarası çarpazlaşdırma yolu ilə alınmış mələz balaların laktasiyalar üzrə bioloji-təsərrüfat xüsusiyyətlərinin öyrənilməsi, həmin cavanların istiqamətli bəslənməsi və yüksək damazlıq keyfiyyətinə malik olanlardan damazlıq naxır yaratmaq.
Bu məqsədlə Abşeron rayon Ramana qəsəbəsi Sultan Əliyev adına südçülük maldarlıq təsərrüfatında mövzunun icrası üçün mənşəyi Almaniyadan gətirilmiş Qara-Ala cinsli inəklər üzərində təcrübə qoyulmuşdur.Ondan ötəri 3 laktasiyadan olan 5 baş inək hesaba alınmışdır. Həmin inəklərin 2 başı erkək, 3 başı isə dişi bala vermişdir. Diri çəkiləri (erkəklər 31,5-33,0; dişilər- 30,0-31,5) normal olmuşdur. Balalara 3 ay müddətində gündə hər birinə 4 litr üzlü süd verilmişdir, 3 həftədən sonra qaba yemə öyrədilmişdir. İnəklərin hər birinin verdiyi süd ayrılıqda qeyd edilmişdir, bu vaxta qədər inəklərin heç birinin laktasiyası sona yetməmişdir.
“Seleksiya-damazlıq üsullarından istifadə etməklə xırda buynuzlu heyvanların, qoyunların və keçilərin yeni yüksək məhsuldar tip və xətlərinin yaradılması” mövzusu üzrə “Abşeron və Mil-Qarabağ qoyun cins qruplarının Abşeron və Mil-Qarabağ ərazisində məhsuldar sürülərinin yaradılması məqsədilə seleksiya-damazlıq üsullarının tətbiqi” işi F.Mirzəyev, Ş.Məmmədov, T.Sadıqov, R.Əliyev, Z.Səmədova tərəfindən aparılmışdır.
Tədqiqat işi Beyləqan rayonunun Tatallar kəndi Mehdi, Dostluq kəndi Dədəş, II Aşıqlı kəndi Vaqif və Abşeron rayonunun Güzdək və Qobu qəsəbəsində olan təsərrüfatlarda 3126 baş Abşeron cinsli və 2598 baş Mil-Qarabağ cinsli qoyunlar üzərində aparılmışdır.
Bir yaşdan yuxarı cavanlarda bonitirə aparılmışdır
Abşeron və Mil Qarabağ qoyun cinsi qruplarının Abşeron və Mil Qarabağ ərazisində məhsuldar sürülərin yaradılması olmuşdur.
Sürülərin strukturu aşağıdakı kimi olmuşdur:
Abşeron cinsi üzrə:
Erkək toğlu -183 baş
Erkək toğlu -200 baş
Dişi toğlu -230 baş
Dişi toğlu -312 baş
Ana qoyun və şişək sürüləri formalaşdırılıb.
Sürülərə Abşeron və Mil-Qarabağ cinsinin yüksək məhsuldar elit və I-sinif törədici qoçları 1:20, 1:25 nisbətində ana qoyun sürülərinə təhkim edilmişdir.
Müvafiq olaraq Mil-Qarabağ cinsindən olan 1785 baş qoyun qırxılmışdır. Orta hesabla hər baş qoyundan 2,5 kq yun qırxılmaqla ümumi çəkidə 3331,3 kq yun istehsal olunmuşdur.
2016-cı ilin 6 ayı ərzində 150 baş Abşeron cinsli və 500 baş Mil-Qarabağ cinsli qoyunlar damazlıq kimi bölgənin ayrı-ayrı özəl qoyunçuluq fermer təsərrüfatlarına satılmışdır.
“Bozax qoyunlarının məhsuldarlıq və damazlıq keyfiyyətlərinin təkmilləşdirilməsində Avasi cinsinin törədicilərindən istifadə edilməsi” üzrə aparılan tədqiqat işi S.Əliyeva və L.Tanrıverdiyeva tərəfindən yerinə yetirilmişdir.
Tədqiqat işi HETİ-nin YTT-da aparılır. Heyvandarlıq Elmi Tədqiqat İnstitunun Yardımçı Təcrübə Təsərrüfatına Türkiyə Respublikasından (20 iyun 2004-cü ildə) gətirilmiş Avasi (İvesi ) cinsli qoçlarını yerli (aborigen) Bozaq cinsli qoyunlarla çarpazlaşdırılaraq alınmış nəsil mələzlərin boyu, inkişafı və məhsuldarlıq göstəriciləri öyrəniləcəkdir.
Bozaq cinsli qoyunların məhsuldarlıq və damazlıq keyfiyyətinin təkmilləşdirilməsində Avasi cinsli törədici qoçlardan istifadə etmək lazımdır. Avasi cinsli törədici qoçlarla Bozaq cinsli qoyunların çarpazlaşdırılmasından alınan balaların seçmə və taylaşdırma yolu ilə böyümə və inkişafına, canlı kütləsinə və yun məhsuldarliğına Avasi cinsli törədici qoçların təsirini müqayisəli öyrənməkdir.
Təsərrüfatda 36 başa yaxın təmizqanlı Avasi cinsli qoyun yetişdirirlir. Bunlardan: törədici qoç 3 baş, ana qoyun 17 baş, şişək 4 baş, dişi toğlu 4 baş, erkək quzu 3 baş, dişi quzu 5 baş təşkil edir. Balavermə qabiliyyəti törədici qoçlarda və ana qoyunlarda yüksəkdir. “Avasi” cinsli qoyunların canlı kütləsi yüksək olmaqla iri gövədəli heyvanlardır.
Avasi qoyunları respublikamızın qərb bölgəsinin iqliminə uyğunlaşmışdır. Son zamanlar qohumluqda cütləşmə (imbridinq) nəticəsində alınmış balaların canlı kütləsi azalmaqla bərabər, yaşam qabiliyyəti zəifləyir və inkişafı ləngiyir. Yarım illik hesabat dövründə qoyunların, qoçların, dişi və erkək quzuların (doğulduqda və aylar üzrə ) canlı kütlələri və yun məhsuldarlığı təyin edilmişdir.
Süd məhsuldarlığı Avasi cinsli qoyunlarda yerli qoyun cinslərinə nisbətən daha yüksəkdir. Ana qoyunlardan alınan südün miqdarı laktasiya ərzində yüksək olmaqla 155 l-ə çatır.
Bozaq cinsli qoyunlarla Avasi cinsli qoçların çarpazlaşdırılmasından (A x B) alınan quzuların hər qrupda 20 baş olmaqla, doğulduqda canlı kütləsi təcrübə qrupunda erkəklərdə 3,9 (3,4-4,5) kq, dişilərdə 3,7 (3,2-4,5) kq, nəzarət qrupunda erkəklərdə 3,8 (3,2-4,4) kq, dişilərdə 3,6 (3,1-4,3) kq olmuşdur.
“Ləzgi mənşəli qoyunların yaş qrupları üzrə mütərəqqi texnologiya ilə bəslənməsini və yemləndirilməsini təşkil etmək” işi M.Məmmədov, Ş.Əliyeva, F.Cabbarova tərəfindən aparılmışdır.
Elmi tədqiqat işi Şəki-Zaqatala bölgəsində yetişdirilən yarımqaba yunlu ətlik-yunluq-südlük Ləzgi cinsli qoyunlar üzərində aparılacaqdır.
Tədqiqat işində məqsəd yarımqaba yunlu ətlik-yunluq-südlük Ləzgi mənşəli qoyunların yaş qrupları üzrə mütərəqqi texnologiya ilə bəslənməsini və yemləndirilməsini təşkil etməklə qoyunların məhsuldarlıq keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır.
Bütün yaş qrupları üzrə qoyunların bəslənməsi və yemləndirilməsi yüksək yaylaq dağ otlaqlarında və qış yataq şəraitində az miqdarda: qüvvəli yem (arpa), quru ot verilməklə aparılacaqdır.
Ləzgi cinsli ana qoyunların hər qrupda 20 baş olmaqla, canlı kütləsi təcrübə qrupunda 37,2 (35,5-45,7) kq, nəzarət qrupunda 34,5 (32,4-43,6) kq olmuşdur.
Ləzgi cinsli törədici qoçlar hər qrupda 5 baş olmaqla, canlı kütləsi təcrübə qrupunda 45,5 (37,9-55,4) kq, nəzarət qrupunda 43,4 (36,4-54,6) kq olmuşdur.
Ləzgi mənşəli quzuların hər qrupda 20 baş olmaqla, doğulduqda canlı kütləsi təcrübə qrupunda erkəklərdə 3,2 (2,5-3,7) kq, dişilərdə 2,9 (2,2-3,5) kq, nəzarət qrupunda erkəklərdə 3,1 (2,4-3,6) kq, dişilərdə 2,8 (2,1-3,5) kq olmuşdur.
Bütün quzular 7 aylıq yaşa qədər ümumi sürüdə saxlanılır, sonra erkək və dişilər seçilərək cinsin tələblərini ödəyən quzular damazlıq üçün saxlanılır. İnkişafdan qalmış, damazlığa yaramayan quzular (erkək və dişi) isə seçilərək mütərəqqi texnologiya ilə kökəldilərək satılır.
“Azərbaycan dağ merinosu cinsinin bərpası məqsədilə damazlıq-seleksiya işlərinin tətbiqi” M.Məmmədov, S.Abbasova, V.Məmmədova tərəfindən aparılmışdır.
Elmi tədqiqat işi Şəmkir rayonunun “Koroğlu” adına Dövlət Damazlıq Kənd Təsərrüfatı Müəssisəsində yetişdirilən Azərbaycan dağ merinosu cinsli qoyunlar üzərində aparılmışdır.
Məqsəd: Tədqiqat işində Azərbaycan dağ merinosu cinsinin bərpası üçün tipik xüsusiyyətlərini özündə daşıyan ana qoyunların və törədici qoçların seçilərək taylaşdırılması, onların üzərində seleksiya-damazlıq işlərinin aparılması ilə yanaşı digər yüksək məhsuldar Askaniya, Qafqaz və s. zərifyunlu cinslərin qoçlarından istifadə edərək alınan nəslin məhsuldarlıq göstəricilərini müqayisəli öyrənməklə, aşağı məhsuldar və cinsin xüsusiyyətini özündə daşımayan fərdlər seçilib çıxdaş edilməklə yeni məhsuldar sürülər yaratmaq yollarını öyrənməkdən ibarətdir.
Təcrübə qruplarının təşkili: Təcrübə və nəzarət qruplarına analoq üzrə 3-4 yaşlı sağlam, ən tipik məhsuldar, nisbətən möhkəm konstitusiyalı I sinifin tələbatını ödəyən hər birində 20 baş olmaqla, 40 baş ana qoyun seçilərək Azərbaycan dağ merinosu qoçları (2 baş) ilə cütləşdiriləcək, hər 20 baş ana qoyuna 1 baş törədici qoç təhkim olunacaq. Mümkün olduğu halda yüksək məhsuldar zərifyunlu Askaniya, Qafqaz və s. cinslərin qoçlarından istifadə olunacaqdır.
Azərbaycan dağ merinosu cinsli qoyunlar respublikamızın qərb bölgəsinin iqliminə uyğunlaşmışdır. Son zamanlar qohumluqda cütləşmə (imbridinq) nəticəsində alınmış balaların canlı kütləsi azalmaqla bərabər, yaşam qabiliyyəti zəiflədiyi üçün inkişafı ləngiyir. Yarım illik hesabat dövründə qoyunların, qoçların canlı kütlələri, yun məhsuldarlığı öyrənilmişdir. Dişi və erkək quzuların (doğulduqda və aylar üzrə) canlı kütlələri öyrənilmişdir. Azərbaycan dağ merinosu cinsli quzular hər qrupda 20 baş olmaqla, hər iki qrupda quzular doğulduqda erkəklər dişi quzulara nisbətən ağır (3,30-2,94 kq) olurlar. Təcrübə qrupunda olan erkək quzular, nəzarət qrupuna nisbətən bütün təcrübə boyu canlı kütləsi üstünlük təşkil etməklə 1-ci ayda 8,45-7,60 kq; 3-cü ayda 19,18-17,22 kq bütün yaş dövründə davam edir.
Təcrübə qrupunda olan dişi quzular, nəzarət qrupuna nisbətən bütün təcrübə boyu canlı kütləsi üstünlük təşkil etməklə 1-ci ayda 7,85-7,00 kq; 3-cü ayda 16,5- 15,24 kq olmuşdur.
“Seleksiya və yeni biotexnoloji üsullar əsasında toyuq, ördək, qaz və hinduşqaların genetik potensialının yüksəldilməsi proqramının işlənib hazırlanması və təkmilləşdirilməsi” F.Mirzəyev, Y.Gözəlov, S.Namazova, Ş.Quliyeva tərəfindən aparılmışdır.
Tədqiqat işi Şəmkir rayonu Dəllər qəsəbəsində, F.M.Mirzəyevin şəxsi təsərrüfatında və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun Yardımçı Təcrübə Təsərrüfatında aparılmışdır.
2016-2020-ci illərdə respublikaya gətirilən yüksək məhsuldar, kənd təsərrüfatı quşlarının genetik potensialından istifadə etməklə, respublikanın genefondunu təşkil edən, yerli populyasiyalardan olan müxtəlif növ toyuq, ördək, qaz, hind toyuqları və s. quşların damazlıq və məhsuldarlıq keyfiyyətlərinin təkmilləşdirilməsində seleksiya və yeni biotexnoloji üsulların işlənməsi və tətbiqinə nail olmaqdır.
Elmi tədqiqat işinin materialları. Tədqiqat işinin təqvim planına uyğun olaraq 14 aprel 2016-cı il tarixində “İnkubator Təcrübə Mərkəzi”ndən Gümüşü Adler, Kuçinski və Yerli quşlardan olan 1 günlük cücələrin hər birindən 125 baş olmaqla götürülmüş və yetişdirilməyə başlanmışdır.
Yumurtalara ovaskopla baxılmış, standartlara uyğun olmayan yumurtalar seçilmişdir. Yumurtaların seçilməsi və qablaşdırlmasında məsul icraçı və icraçılar bilavasitə iştirak etmişlər. İnkubasiyanın 12 günündə yumurtalar miraj edilmiş və mayalılıq dərəcəsi müəyyənləşdirilmişdir.
Hazırda tədqiqat işi davam etdirilir. Tədqiqat işinin sonrakı mərhələlərində bir sıra işlərin görülməsi nəzərdə tutulmuşdur.
1.Yeni hibrid xətlərin alınması;
2.Alınmış xətlər üzərində elmi tədqiqat işlərinin aparılması və s.;
Həmçinin, tövsiyyə və təlimatların yazılıb sahibkarlar arasında yayılması, bununla da nəticələrin tətbiq olunması nəzərdə tutulur.
“Müxtəlif heyvanların yem payında bioloji aktiv maddələrin təsirinin öyrənilməsi” N.Həsənov, Y.Aslanov, B.Muradov, E.Əliyeva, Ş.Həsənova, G.Həsənova tərəfindən aparılmışdır.
Məlum olduğu kimi, sağmal inəklərin südünün və süddə yağ faizinin artırılmasını təmin etmək məqsədilə, inəklərə müxtəlif premikslərin verilməsi, yemlərin həzmə gediciliyini yüksəldir və məhsuldarlığını artırır. Qabaqcıl heyvandarlıq ölkələrində heyvandarlıq məhsullarının miqdarını və keyfiyyətini artırmaq üçün, dənli bitkilərlə yanaşı, tərkibi sənaye tullantıları, vitamin və mineral maddələrlə zənginləşdirilərək istehsal edilən yemlər fermer təsərrüfatlarında istifadə edilir. Təcrübə zamanı sağmal inəklərin yem payına müxtəlif mineral maddələri əlavə etməklə, onların südün miqdarına və keyfiyyətinə təsirinin öyrənilməsi məqsəd kimi qarşıya qoyulmuşdur.
Təcrübə işləri hər qrupda 5 baş olmaqla 2 qrupda formalaşmış sağmal inəklər üzərində aparılmışdır. Tədqiqat işləri institutun Yardımçı Təcrübə Təsərrüfatında həyata keçirilmişdir.
Təcrübə altında olan sağmal inəklərin yem rasionuna əlavə edilmiş premiks aşağıdakı tərkibdə olmuşdur: Kobalt sulfat – 2,4 qr; Dəmir sulfat – 15 qr; Mis sulfat – 18 qr; Kalium sulfat – 1,0 qr; Vitamin D2 – 0,06 mq; Vitamin E – 18 mq.
Premiks qarışığı yemə aşağıdakı qaydada əlavə edilmişdir: 1 ton qarışıq yemə 10 kq premiks əlavə olunur və yaxşı qarışdırılır.
Aparılmış tədqiqatın ilkin nəticələrinə əsasən müəyyən edilmişdir ki, sağmal inəklərin yem payına yuxarıda göstərilən tərkibdə premiks əlavə etdikdə, ənənəvi yemlərlə yemləndirilən inəklərə nisbətən onların südü 8,5 %, süddə yağın faizi isə 0,10 – 0,14 % artır.
“Azərbaycanda arıçılığın və ipəkqurdunun yem bazasının möhkəmləndirilməsi, genefondun mühafizəsi və iqtisadi səmərəliliyinin yüksəldilməsi” mövzusu üzrə “Tut bitkisi genefondunun mühafizəsi və ondan səmərəli istifadənin işlənməsi” işinin öyrənilməsi V.Məhərrəmova, F.Poladov, M.Qurbanova, A.Məmmədova tərəfindən aparılmışdır.
Hesabat dövründə Gəncə bazasında yerləşən I kolleksiya, Faxralı təcrübə bazasında III kolleksiya bağının V cərgəsində yerləşən sortlar üzərində tədqiqat işləri aparılmışdır.
Erkən yazda sortlar üzərində onların böyümə və inkişaf fazalarını öyrənmək üçün 2016-cı ilin mart ayından başlayaraq fenoloji müşahidələr aparılmışdır.
Kolleksiya bağlarında olan sortlara seleksiya, meyvəçilik və toxumçuluq baxımından qiymət vermək üçün, Gəncə və Faxralı bazalarında olan sortlardan meyvələr toplanmış, çəkilmiş, onların forması və rəngi müəyyən olunmuş, on meyvədə meyvələrin ölçüsü təyin edilmişdir. Sonra həmin meyvələr yuyularaq onlardan toxum alınmış, sayılmış, çəkılmiş, bir qramda olan toxumun sayı müəyyən olunmuşdur.
2016-cı ilin erkən yazında plantasiyada olan bütün ağacların qurumuş budaqları budanmış, köhnə budaqlardan təmizlənmişdir. Sonra hər bir sortun təkrarında olan ağacların gövdə yoğunluğu torpaq səthindən 70 sm hündürlükdə ölçülmüş və bunun əsasında hər təkrarda 5 model ağac seçilmiş, rənglənmiş və sonrakı uçot işləri həmin 20 ağacda aparılmışdır.
Sonra həmin ağaclarin gövdə yoğunluğu ölçülmüş, budaqların sayı və uzunluğu müəyyən edilmişdir. Plantasiyada olan sortların böyümə və inkişaf fazalarını öyrənmək üçün sortlar üzərində fenoloji müşahidələr aparılmışdır.
“Gəncə-Qazax bölgəsinin suvarılan torpaqlarında gübrələrin və suvarma normalarının birillik yem bitkilərinin (arpa, gülül, vələmir) məhsuldarlığına və torpağın münbitliyinə təsiri” işi İ.Məmmədova, R.İsgəndərov, N.İsgəndərova, T.Muradova tərəfindən aparılmışdır.
Tədqiqatın məqsədi arpa, gülül və vələmir bitkisinin birgə səpinindən yüksək və keyfiyyətli ot məhsulu götürmək, müxtəlif suvarma sayında optimal gübrə normaları müəyyən etmək, qida maddələri ilə zəif təmin olunmuş boz-qonur torpaqların münbitliyini artırmaq, mineral gübrələrin balans əsasında tətbiqini araşdırmaqdan ibarətdir.
Təcrübəyə başlamazdan əvvəl sahənin diaqonalı boyunca 5 yerdən quyular qazılmış və 0-30 sm, 30-60 sm və 60-100 sm-lik qatlardan torpaq nümunələri götürülmüş, laboratoriya şəraitində qurudulmuşdur. Götürülmüş torpaqlar döyülüb ələkdən keçirilmiş, əvvəlcədən tikilib hazırlanmış kağız torbalara yığılmış və müvafiq laboratoriyada analiz olunmuşdur.
Bir il müddətində təcrübə sahəsinə, yəni bütün variantlar üzrə 4 təkrara fiziki çəkidə ammonium şorası 4,600 kq, superfosfat 6,404 kq, kalium sulfat isə 2,04 kq verilmişdir. Yuxarıda göstərilən mineral gübrə normaları 3, 4 və 5 suvarma fonunun hər birinə ayrı-ayrılıqda tətbiq edilmişdir.
Bitkilər torpaqdakı suda və zəif turşularda həll olan birləşmələr formasında, eləcə də mübadilə yolu ilə udulmuş vəziyyətdə olan qida maddələrini mənimsəyə bilir. Müxtəlif torpaqlarda qida elementlərinin mənimsənilməsi eyni intensivlikdə getmir, bu qida maddələrindən ibarət olan birləşmələrin xarakterindən, iqlim şəraitindən, torpağın xassəsindən və aqrotexnikasının səviyyəsindən asılıdır
Arpa, gülül, vələmir bitkiləri vegetasiya dövründə tam yetişdikdən sonra biçilmiş, ayrı-ayrı variantlar üzrə çəkilmişdir. Biçildikdən sonra sahədə qalan küləş nümunələri yığılaraq analiz üçün hazırlanmışdır.
Heyvanların yemlənməsində xüsusi çəkiyə malik olan arpa, gülül və vələmir bitkisinin qarışıq səpinindən alınan məhsuldarlıq, istər suvarmanın sayından, istərsə də tətbiq edilən mineral gübrələrin verilmə normalarından asılı olaraq əhəmiyyətli dərəcədə dəyişmişdir.
Tədqiqat zamanı suvarma sayından asılı olmayaraq müxtəlif mineral gübrə normalarının məhsuldarlığa təsiri də ətraflı öyrənilmişdir. Nəticədə məlum olmuşdur ki, suvarma sayından asılı olmayaraq gübrəsiz variantın hər hektarından 41,0 sentner məhsul alındığı halda, N60P50K40 variantında bu göstərici 42,3 sentner, N80P40K60 variantında 44,7 sentner, N90P80K60 variantında isə bu göstərici 45,7 sentner olmuşdur.
Cari ildə aparılmış təcrübədən alınmış göstəriciləri yekunlaşdırdıqda belə qənaətə gəlmək olar ki, 4 dəfə suvarma fonunda N80P40K60 variantını tətbiq etməklə daha rentabelli nəticə əldə etmək olar.
“Müxtəlif mənşəli tut ipəkqurdu cinslərinin bioekoloji xüsusiyyətlərinin öyrənilməsi, istifadəsi və genofondun mühafizəsi” A.Məmmədova, S.Musayeva, M.Kazımova, K.Savadova tərəfindən aparılmışdır.
Tədqiqat obyekti HETİ-nin canlı kolleksi-yasında saxlanılan 82 tut ipəkqurdu cinsləridir. Təcrübələr “Baramaçılıq” laboratoriyasında yerinə yetirilmişdir.
Əsas vəzifə canlı kolleksiyada olan cinslərin sınaq yemləməsini aparmaq, onların bioekoloji göstəricilərini təyin etmək, ən yaxşı göstəriciyə malik seleksiya işlərində istifadə üçün tövsiyə etmək və aşağı göstəriciyə malik olanları isə yaxşılaşdırmaqla yanaşı təmiz halda qoruyub saxlamaqdır.
“Yerli və əcnəbi cinslərinin çarpazlaşdırılması yolu ilə yaradılmış hibridlərin bazar iqtisadiyyatının təlabatına cavab verən yüksək məhsuldar tut ipəkqurdu hibridlərinin yaradılması” mövzusunda tədqiqat A.Mirzəyeva, T.Hacıyeva, V.Mirzəyeva tərəfindən aparılmışdır.
Tədqiqat işinin ilkin mərhələsi, mart 2016-cı il tarixdən Heyvandarlıq ET İnistutunun Baramaçılıq laboratoriyasında həyata keçirilmişdir.
Cinslərdən yaşama qabiliyyətinə görə Vratsa-2002, Vratsa 2003, Askoloi, Yapon yaşıl, Xəyal, Mayak-5, Kəpəz qoyulmuş limitlərə uyğun gələrək özünü doğrultmuşdur. Seleksiya proqramına uyğun olaraq işin hesabat ili mərhələsində yüksək keyfiyyətli 3 sintetik seleksiya populyasiyası yaradılmışdır.
Bu iş aşağıdakı qaydada yerinə yetirilmişdir: seçilmiş yerli və əcnəbi cinslərin 2016-ci ilin yaz mövsümündə yemləməsi aparılmışdır. Hər cinsin qurdları 3-cü yaşın sonuna qədər normal aqrozootexniki şəraitdə, təkrarsız bəsləniləcək. 4-cü yaşın 1-ci günü hər cinsdən hərəsində 250-300 qurd olan 3 təkrar tərtib olunacaq və yemləmənin sonuna qədər əlverişsiz (istehsalat şəraitinə uyğun) şəraitdə bəslənəcək, əlverişsiz şərait dedikdə 4-cü yaşın 1-ci günündən başlayaraq yemləmənin sonunadək kümxanada istilik və nəmliyə heç bir müdaxilə etməmək, 4-cü yaş ərzində qurdlara 5 dəfə, 5-ci yaş ərzində isə 4 dəfə yem verilmişdir. Yemləmə başa çatdıqdan sonra cinslər 4 bioloji əlamətin- yaşama qabiliyyəti, diri baramanın və barama pərdəsinin orta kütlələri, diri baramanın ipəkliliyinə görə ən yaxşı cins kimi müəyyənləşdirilmişdir.
Yaşama qabiliyyətifatınə görə xarici cinslər yerli cinslərə nisbətdə yüksək olmuşdur. Bu baxımdan yerli və xarici cinslərin çarpazlaşması məqsədyönümlü sayılır. Yaşama qabiliyyəti 4-cü yaşdan başlayaraq xəstə və ölmüş qurdların və pupların uçotu aparılmaqla, qurdların yaşama müddəti yemləmənin başlanmasından qurdların şaxa getməsinə qədər tarixlərinin qeydiyyatı əsasında təyin olunmuşdur. Təcrübə dövründə qurdun, baramanın morfoloji quruluşu müəyən edilmiş tipə uyğun seçilmiş, habelə xəstəlik və ya digər səbəblərdən yaşama qabiliyyəti çox aşağı olan cinslər çıxarılmış, seçilmiş cinslərin baramalarının hər təkrarından bioloji göstəricilərə uyğun baramalar seçilib ayrılmışdır.
Əlverişsiz mühit şəraitində yüksək məhsul verə bilən yeni tut ipəkqurdu hibridlərinin öyrənilməsi Q.Məmmədov, S.Əliyeva tərəfindən aparılmışdır.
Öyrənilən tədqiqat işi aprel 2016-cı il tarixindən Gəncə şəhərində-Baramaçılıq laboratoriyasında yerinə yetirilmişdir. Tədqiqat obyekti kimi Az.ETİİ-nin varisi bu laboratoriyada yaradılmış Gəncə 6; Çinar; Şəki adı (Şəki - İpək ASC – dən gətirilmiş); Şəki süd rəngli (Şəki adidən seçilmiş); Zəfər; Mayak 5 (Bəxtiyar); Vətən; Yaşar; Mayak 1 cinslərindən, Bolqarıstandan gətirilmiş Volve 222; Hesa 2/1 cinslərindən, Gürcüstandan gətirilmiş Mizuri-1; Mizuri-5 cinslərindən, yeni yaradılan 3 seleksiya xəttindən (AZŞ-1;2;3;) və Respublikamıza İİR-dan və ÇXR-dan gətirilmiş hibridlərdən (bu hibridlərin adı qısa olaraq İran və Çin hibridi adlandırılmışdır). Bundan başqa laboratoriyanın öz məhsulu olan Qafqaz×Uğur; Zəfər×Mizuri 5; Qafqaz×Qarabağ; Sultan×Volve×; Vətən×Vratsa 2004 hibridlərindən istifadə olunmuşdur.
Təcrübədə 9 yerli, 4 xarici cinsdən və 3 xəttən istifadə olunmuşdur. Bundan başqa Respublikamıza 2016-cı ilin yaz yemləməsi ücün İİR-dan və ÇXR-dan gətirilmiş və Qax Damazlıq İpəkçilik Stansiyasında dirildilmiş 1750 qutu qrenadan az da olsa qrena götürülmüş (hər hibriddən 0,5qr) və institutun labopatoriyasında yemləməsi aparılmışdır. Məqsəd yerli və xarici hibridləri müqayisə etmək olmuşdur.
9 cinsin içərisində diri baramanın orta kütləsinə görə Namazlı-3 cinsi (2,9q) ən yüksək, barama pərdəsinin orta kütləsinə görə Vətən cinsi (548mq) və diri baramanın ipəkliliyinə görə yenə Vətən cinsi (20,9%) ən yüksək nəticə göstərmişdir.
6 hibrid içərisində diri baramanın orta kütləsinə görə isə ən yüksək göstərici yerli hibridlərdə Qafqaz×Uğur; Zəfər×Mizuri-5; Qafqaz×Qarabağda, uyğun olaraq 3,1; 3,0 və 3,0 q olmuşdur. Bu göstəriciyə görə xarici hibridlərdən ÇXR-sı (3,1q) fərqlənmişdir. İnstitutun hibridlərinin xarici hibridlərdən heç də geri qalmadığı müşahidə olunmuşdur.
Yuxarda qeyd olunan 3 xəttin (AZŞ-1;2;3) isə baramalarının və pərdələrinin orta çəkisi ailələr üzrə fərdi, tək-tək çəkilmişdir. Baramanın orta çəkisinə görə AZŞ-1 xətti ən yaxşı nəticə göstərmişdir. İpəklilik AZŞ-3 xəttində ən yüksək olmuşdur.
“Arıçılıq” Mərkəzi – Heyvandarlıq ET İnstitutunun “Arıçılıq” Mərkəzində cari ildə 1 problem, 3 mövzu üzrə tədqiqat aparılmışdır. Genofondda 2 bitki, 2 arı cinsi toplanmışdır. 2 kitab (1-i xaricdə), 13 məqalə-tezis, buklet və tövsiyə nəşr olunmuşdur. 1 nəfər fəlsəfə doktorluğu üzrə müdafiə etmişdir.
Bir “Boz dağ Qafqaz arısı” cinsi rayonlaşmaya tədqim edilmişdir.
Azərbaycan arıçıliğında damazlıq-seleksiya işlərinin süni mayalandırma texnologiyası əsasında qurulması A.Seyidov, E.Əhmədov, Y.Osmanov, M.Xəlilov tərəfindən aparılmışdır.
Bal arıları da digər həşəratlar kimi kənd təsərrüfatı bitkilərinin tozlandırılmasında xüsusi rol oynayır ki, bu da bitkilərin məhsuldarlığının artırılmasına gətirib çıxarmaqla bərabər, onların toxum və meyvələrinin də keyfiyyətcə yaxşılaşdırılmasına səbəb olur.
Metodikaya uyğun olaraq fevral ayından başlayaraq yaz hazırlıq işləri aparılır.
Mart ayının ilk on günündə pətəklərdən çərçivələr çıxarılıb, vərəmumdan təmizlənir, çərçivələr təzə pətəklərə köçürülür. Köhnə pətəklər dezinfeksiya (təmizlənib qaz lampası ilə yandırıldı) olunur.
Müəyyən müddətdən sonra arı ailələrinə baxış keçirilmiş və sürətli inkişaf etmiş arı ailələri qeydə alınaraq onlara əlavə süni şan çəkilmiş çərçivələr verilmişdir. Mərhələli baxışlar keçirilən zaman lazım olan arı ailələrinin bəzilərinə gövdə və yarımgövdə verilmişdir.
Bunların arasından tədqiqat üçün 100-ü seçilmiş və həmin 100-dən 60-ı “Arıçılıq” Mərkəzinin genofond arıxanasına verilmişdir.
Planlaşdırılmış prosedur üzrə həmin arı ailələrindən bir daha genetik analizlər üçün nümunələr götürülərək Türkiyəyə göndərilmişdir.
Hesabat ilində arıxanada 10 ədəd damazlıq ailə, 12 ədəd damazlıq erkək arı ailələri, 3 ədəd başlanğıc ailə və 6 ədəd bəsləyici ailələr seçilərək təqiqata cəlb edilmişdir.
Azərbaycanın botaniki-coğrafi rayonları üzrə bal və çiçək tozu verən bitki növlərini, onların yayılmasını və ehtiyatını müəyyən etmək üzrə tədqiqat işi A.Seyidovun rəhbərliyi altında M.Əlizadə, Q.Ələkbərov, S.Sadıxova, N.Məhərrəmov tərəfindən həyata keçirilmişdir.
Gəncə-Qazax bölgəsində balverən çəyirdəkli meyvə bitkilərinin çiçəkləmə biologiyası və çiçəklərin nektar məhsuldarlığının öyrənilməsi, həmçinin təkliflər paketinin hazırlanması, işin əsas məsədi olmuşdur.
Bölgənin torpaq-iqlim şəraiti ayrı-ayrılıqda iqlim göstəriciləri və digər aqrometeoroloji rəqəmlər əsasında təhlil olunacaqdır. Onu da qeyd etmək lazımdır ki, elmi-tədqiqat işi bölgənin Gəncə ətrafı və Goranboy rayonu ərazisində aparılır.
Gəncə-Qazax bölgəsində nektarlı bitkilərin aşkar edilməsi və “polen” genbankının yaradılması metodikası A.Seyidovun rəhbərliyi ilə T.Məmmədova, G.Hacıyeva, R.Hüseynova tərəfindən aparılmışdır.
Tədqiqat işini aparmaqda məqsəd respublikamızın Gəncə-Qazax bölgəsində bitən nektarlı bitkilərin tozcuq hüceyrələrini öyrənməkdən və onların Azərbaycanda genefondunun yaradılmasına nail olmaqdır.
Tədqiqatın obyekti kimi Gəncə-Qazax bölgəsində yayılmış nektarlı bitkilər götürülmüşdür. Bura həm ot, həm kol, həm də ağac bitkiləri aiddir.
Tədqiqatın aparıldığı yer Gəncə-Qazax iqtisadi rayonuna daxil olan Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Tovuz inzibati rayonlarını, Gəncə və Naftalan kimi şəhərləri əhatə edir.
İlk dəfə olaraq respublikamızda çiçək tozunun öyrənilməsi və gen bankının yaradılması həyata keçirilir. Bu tədqiqat nəticəsində bal üzərində aparılan analizlərlə balın tərkibinin müəyyənləşməsinə və hansı bölgənin balında hansı bitkinin dominant olduğu müəyyənləşdiriləcəkdir.
Dostları ilə paylaş: |