29
çatmışdılar. Dördüncü və beşinci səngərlərə rəhbərlik edən Əfrasiyab və Məşədi
Abış bəy öz dəstələri ilə sudxana istiqamətində hücuma keçərək gəlib oraya
çatdılar.
Bu dəstələrin igidləri ermənilərin üzərinə yürüş edərkən cənab qubernator
durbinlə vuruşa baxırmış. Müsəlmanlar əllərində
tüfəng əyilə-əyilə gedib
ermənilərin səngərlərinə daxil olaraq onları gülləbaran etdiyini görən qubernator
əl-ələ vurub təəccüblə demişdi:
— Bu hünər heç yaponda da olmayıb. Heç bir nizam görməyən bir millətin
belə bir hünər göstərərək səngərlər tutması çox qəribədir.
Kəndistan yerindən gəlmiş igidlər və yerli cəngavərlər bir-birinin ardınca
küçələri və səngərləri tutduqca şur və fəğan, «Ya Əli!» sədası, «Ura-ura!» səsləri
və tüfəng gurultusu fələyə qalxırdı. Odlanan dükanlar və evlər hər tərəfdə alışıb
yanırdı. Xüsusən taxtalarla dolu olan bir neçə dükanın alovu fələyin yanına
qalxmışdı. Belə ki, həmin dükanların alovu dörd ağac məsafədən görünürmüş.
Kərkicahan kəndinin adamları
deyirdi ki, həmin gün yanğın vaxtında
saysız-hesabsız yarım yanmış kağızlar dalbadal kəndin üstünə tökülürdü.
Müsəlmanlar Manas Muğdusi oğlunun evinə, yuxarı meydanın üstünə və
Xublar oğlunun şirəxanasına kimi bütün dükan və evlərə od vurub yandırmışdılar.
Eləcə də dərədə olan neçə mərtəbəli evlər, dükanlar və karvansara tamam od tutub
yanırdı.
Üçüncü səngərin adamları da kilsənin qiblə tərəfindən basmaxanaya qədər
evlərə və dükanlara od vurmuşdular. Təzə kilsənin ətrafındakı
evlər də
yandırılmışdı.
Dördüncü səngərin əhli Cəmşid bəyin evinin dövrəsində olan imarətlərə
vurduqları alovdan Cəmşid bəyin və Şəhnəzərovların mülklərinə, üzbəüzdə olan
evlərə, o cümlədən Ümrüd bəyin, Xandəmir oğlunun, Cavad bəyin və Ümrüd bəyin
oğlanlarının evlərinə də od vurub yandırmışdılar. Bundan əlavə, sudxana və Duma
divanxanası, xülasə bu qəbildən böyük evlər və ətrafında
da olan imarətlər,
dükanlar tamam alışıb-yandı.
Kilsələr məbədgah olduğuna görə onlara toxunmayıb od vurmadılar. Buna
baxmayaraq, bir neçə tərəkəmə darvazaya od qoyub kilsəni yandırmaq istəyərkən
şuşalılar onu söndürüb onlara acıqlanaraq demişlər:
— Kilsə və məscidlərə hörmət etmək lazımdır.
Dostları ilə paylaş: