35
dəstələr təşkil etdilər. Ermənilər xəbərdar olan kimi qorxuya düşdülər və bir neçə
ermənini onların hüzuruna göndərdilər ki, müsəlmanların gəlişlərinin səbəbini
öyrənsinlər. Atlılar həmin ermənilərə bildirdilər ki, gəlmişik köçərilərin yollarını
kəsənlərə layiqli cəza verək ki, bundan sonra bir də belə iş görməsinlər.
Ermənilər dedilər ki, biz onların yolunu kəsməmişik. Ola bilsin ki, köç
tayfası bizim ermənilərlə dava ediblər və bunun nəticəsində bir-iki adam ölübdür.
Xülasə, atlılar köçərilərin yolunu açdılar, onlar sərbəst gəlib oradan keçərək
öz oymaqlarına tərəf yollandılar.
Həmin günün sabahı xəbər gətirdilər ki, erməni tayfası Əsgəran səngərlərinə
girərək yolla gəlib-gedəni qəflətən güllə ilə vurub öldürür, yaxud yaralayırdılar.
Həmin saat, yəni xəbər gələn kimi qubernatorun əmri ilə bir dəstə kazak Abbas bəy
Talıb bəy oğlunu götürüb Əsgərana tərəf yollandılar. Kazaklar Abbas bəy Talıb
bəy oğlu ilə bərabər, erməniləri həmin səngərlərdən çıxarıb dağıtdılar. Ermənilər
isə Əsgəran səngərlərindən çıxarıldıqdan sonra onlar Xanabad kəndinə hücum
edirlər. Onlar kənddə Həsənağa Süleyman xan oğlunun mülkünü, böyük və gözəl
imarətlərini darmadağın edərək, mal-dövlətini talan etmişlər.
Bundan sonra ermənilər Badara kəndinə hücum çəkirlər. Onlar həkim Mirzə
Allahqulu oğlunun evini hər tərəfdən mühasirəyə alaraq od vururlar. Bu zaman
Mirzə Allahqulu oğlu öz övladları Cahangir bəy və Kərim bəylə bu əhvalatdan
xəbərsiz içəridə işlə məşğul idilər. Ermənilərin bir qismi isə içəri doluşaraq Mirzə
Allahqulu oğlunu və övladlarını, eləcə də nökərlərini övrət-uşaqları ilə birlikdə
qətlə yetirib mal-dövlətlərini talan etdilər.
Dostları ilə paylaş: