Qəribə yuxu
Bu zindanda hər şey özünə görə əhəmiyyətli və mənalı idi, çünki cəmiyyətdən ayrılmış qapalı kamera həyatına aid idi. Yuxu görmək də belədir. Vaxtımızın bir hissəsini gördüyümüz yuxular barədə danışmaqla keçirirdik. Mən orada qəribə yuxular görmüşəm. Bir gün sübh namazından sonra yatıb yuxuda gördüm ki, quru bir səhrada dayanmışam, qarşımda qurumuş bir çay var. Çayın kənarında yarpaqları tökülmüş qədim ağaclar görünürdü. Bu zaman birdən uzaqdan böyük və qorxunc bir it peyda olub quduz kimi hürməyə və mənə doğru qaçmağa başladı. O, çayın o tərəfində idi, mənsə bu tərəfində. Çox qorxdum. Nə edəcəyimi bilmirdim. Sağ-soluma baxdım. Heç bir sığınacaq yox idi. İt mənim on metrliyimə çatan kimi sürətini azaltdı, tədricən səsi də zəiflədi, sonra tam sakitləşdi, astadan ulamağa başladı və dönüb getdi. Təəccübləndim və çox sevindim.
Yuxudan oyananda heç nə xatırlamırdım. Bir qədər sonra nəzarətçi əlində ağ vərəqlə kameranın qapısını açıb dedi: "Əli kimdir?" Onlar kimisə axtaranda belə deyir, kimlikləri gizli qalsın deyə soyadı söyləmirdilər. Hansısa dustağın kamera sayını səhv salıb başqa bir kameraya getməsi mümkün idi. Bu zaman dustağın soyadını çəkmək, onun həmin zindanda olduğunu digər kameranın dustaqlarına xəbər vermək demək idi. Nəzarətçilərin çoxluğuna, əvəzlənmələrinə və hər dustağı tanımadıqlarına görə həmişə bu üsuldan istifadə olunurdu.
Dedim ki, mənəm. Dedi: "Hansı Əli?" Dedim ki, Əli Xamenei. Dedi: "Üzünü ört və mənimlə gəl". Dustaqları bayıra çıxaranda adətən, belə edirdilər. Dustaq köynəyi ilə üzünü örtməli idi. Getdiyimiz yolun döngələrindən bildim ki, istintaq otağına gedirəm. Həm də yoldan zindanın çertyojunu təxmin etdim, azadlığa çıxandan sonra bir vərəqə çəkdim. İnqilabdan sonra oraya baxış keçirəndə gördüm ki, tam uyğun olmasa da, çox da fərqli deyilmiş.
Dostları ilə paylaş: |