Sən Yusif olacaqsan
Yeri gəlmişkən, yadımda qalmış qəribə yuxulardan birini də danışım. Səhv etməsəm, 1967 və ya 68-ci ilə aiddir.
O zaman Məşhəddə siyasi vəziyyət olduqca, ağır idi, islamçılar güclü repressiya altında idilər. Belə ki yalnız bir neçəsi istisna olmaqla digər dostlar mübarizədən əl çəkməyi üstün tutdular.
O zaman yuxuda gördüm ki, həzrət İmam Xomeyni vəfat edib, cənazəsi Məşhəddə bizim ata evimizin yaxınlığında bir evdədir. Dəfnə çoxlu adam toplaşıb, mən də oradayam. Ürəyim sıxılırdı, bütün vücudumu qəm-kədər bürümüşdü. Tabutu çiynimizə götürüb yola düşdük, ardınca izdiham da irəliləməyə başladı. Orada bir çox din alimləri vardı, mən onlarla birgə gedirdim. Adət üzrə cənazə bizdən öndə gedirdi, əksəri ruhanilərdən ibarət insanlar da onun arxasınca. Mən yolda ucadan ağlayır, əlimlə dizimə vururdum. Üzlərini xatırladığım bəzi din alimləri isə buna məhəl qoymadan və əsla kədərlənmədən bir-biri ilə söhbət edir, gülüşürdülər. Bu məni daha da narahat edirdi, ancaq əlimdən bir şey gəlmirdi.
Cənazə şəhərin sonuna çatdı. İnsanların çoxu qayıtdı, amma mənimlə birgə iyirmi-otuz nəfər şəhərdən çıxıb yola davam etdik. Sonra cənazə bir təpəyə çatdı. Çoxu təpənin aşağısında qaldı, cənazə dörd nəfərin müşayiəti ilə yuxarı qalxdı. Mən də onların arasında idim.
Təpənin başı adətən, aşağıdan kiçik görünür, qalxandan sonra isə böyük və geniş olduğu bilinir. Lakin yuxudakı təpənin başı yerdən göründüyü kimi kiçik idi, bir çarpayıya bənzəyirdi. Tabutu oraya qoyduq.
Mən tabutun ayaq tərəfinə yaxınlaşdım ki, imamın üzünü görüm və onunla vidalaşım. Ona baxdığım yerdə birdən sağ əlini qaldırıb işarə barmağını uzatdı. Bütün vücudumu heyrət bürüdü. Sonra gözübağlı oturmağa başladı, nəhayət, işarə barmağı mənim alnıma toxundu, ya da toxunmağa az qaldı. Təəccüblə ona baxırdım. Bu zaman ağzını açıb iki dəfə dedi: "Sən Yusif olacaqsan! Sən Yusif olacaqsan!"
Ayılanda yuxunun bütün xırdalıqları indiki kimi yadımda idi. Bu yuxunu bir çox dost və qohumlara, o cümlədən anama danışmışdım. Anam yuxunu belə yozmuşdu:
"Bəli, Yusif olacaqsan, ömür boyu həbsxanada qalacaqsan!"
Bu yuxunu anamın təbiri ilə birgə Şeyx Hafiziyə də danışmışdım. 1970-ci ildə Məşhəd həbsxanasında onunla bir kamerada qalmışdıq. Mən prezident seçiləndən sonra yanıma gəlib dedi: "Seçki günü Məkkədə idim. Fəqih rəhbərin oradakı ofisinə səs verməyə gedəndə həmin yuxunu və ananızın təbirini xatırlayıb ağladım. Bildim ki, məsələ yalnız həbslə bitmirmiş".
Dostları ilə paylaş: |