Sən azadsan
İki dustaqla birgə kamerada oturmuşdum. Onların biri ruhani idi, haqqında danışdım. Digəri də fədakar mübarizlərdən və mərhum Şahabadinin nəvəsi idi.
Nəzarətçi içəri girib adət üzrə dedi:
– Əli kimdir?
– Mənəm.
– Hansı Əli?
– Əli Xamenei.
– Üzünü ört və mənimlə gəl.
Məni Kavənin otağına apardı. O məni görən kimi dedi: "Sən azadsan".
Çox təəccübləndim. İnana bilmirdim. Onun otağından üzümü bağlamadan çıxmağıma icazə verildi. Həbsxananın dəhlizini ilk dəfə görürdüm.
Sonradan mənim azad olunduğumu eşidən hər kəs təəccüblə soruşurdu: "Səni nə üçün azad etdilər?" Mən tez cavab verirdim: "Həbsxana rəhbərliyinə etiraz etməlisiz!"
Kameraya girəndə yoldaşlarımdan birinin orada olduğunu, birinin isə getdiyini gördüm. Mənim azad edildiyimə sevindi. Onunla sağollaşdım. Sonra məni geyim otağına apardılar. Həbsxanaya girəndə paltarlarımızı orada çıxarmışdıq. Axşamüstü və hava isti idi. Yay hələ btməmişdi. Qışda həbs olunduğuma görə təhvil verdiklərim qış paltarları idi.
Qəba və əbamı geyinib əmmaməni başıma qoydum. Həbsxananın qapısından çıxanda mənə hər şey yeni görünür, maraqlı gəlirdi: insanlar, nəzarətçisiz yol yerimək... Uzunmüddətli qaranlıqdan sonra işıqlar gözlərimi ağrıdırdı.
Həbsxanada olanda azadlığa çıxmağımı həmişə yuxuda görürdüm. Dustaqlar ürəklərində olan arzuları yuxuda görürlər. Düşünürdüm ki, görəsən, bu da yuxudurmu?
Həbsxananın yaxınlığında yerləşən Topxana tərəfə getdim. Ac idim. Üstümdə bir qədər pul da vardı. Yemək alıb yedim. Yadıma da düşmədi ki, mənim kimisi özünə fikir verməli, küçədə bir şey yeməməlidir.
Sonra Doktor Behiştigilə zəng vurdum. İnanmırdı: "Bu sizsiz? Çıxmısız? Necə azad etdilər?" Sonra dedi ki, səbirsizliklə sizi gözləyirəm.
Ağa Behiştinin evinə getdim. Qardaş Şəfiq də orada idi. Ağa Behiştigildən çıxmaq istəyirmiş, zəngimdən sonra məni görmək üçün qalmışdı.
Məndə onların diqqətini ilk cəlb edən məsələ saqqalımın qırxılması oldu. Təəccübləndilər. Dedim ki, qırxıblar, amma yenə əvvəlki kimi olacaq! Bir qədər orada qaldım, sonra bir qədər pul alıb Tehranda yaşayan böyük qardaşımgilə getdim. Oradan Məşhədə zəng vurdum, sonra da şəhərimizə yollandım.
Yaxınlarım həbs müddətimdə çəkdikləri əzab-əziyyətlər haqda qəribə sözlər danışdılar. Oğlum Müctəba pak, məsum, duyğusal, mənəviyyatlı və bəzi ibadətlərə bağlı uşaq idi. Yoldaşım danışırdı ki, anası onu İmam Rzanın (ə) məqbərəsinə aparıb. Ona deyirmiş ki, İmam Rzaya (ə) təvəssül et və Allah-Taaladan istə atanı həbsxanadan azad etsin. Uşaq məsumcasına imama üz tutub təvəssül edirmiş. Bir axşam da nənəsi ilə məqbərəyə gedib və eyni işi görmüşdü, ancaq onda çox kədərlənmiş, ağlamış, uşaq səbrinin tükəndiyini və narahatlığının dərinliyini göstərən tərzdə, qarşısında dayanmış bir adam kimi İmam Rza (ə) ilə danışmış, çox ağlamışdı. Belə ki nənəsi öz işinə peşman olmuş, qərara gəlmişdi ki, bundan sonra Müctəbadan dua etməsini istəməsin. İki gündən sonra isə telefon çalınmış və səsimi eşitmişdilər. Azadlığa çıxandan sonra qardaşımın Tehrandakı evindən onlara zəng vurmuşdum.
Dostları ilə paylaş: |