Mən istixarə üçün gəlməmişəm
Sürgün yerimin İranşəhr olduğunu bildirdilər. Buna sevindim, çünki dostum Şeyx Məhəmmədcavad Höccəti Kirmani də oraya sürgün olunmuşdu. Yola düşən gün qohum və dostlar sağollaşmağa gəldilər. Vida səhnəsi üzücü deyildi, çünki həbsxanalardan dəfələrlə rahat olan sürgünə gedirdim. Avtovağzalda Zahidana gedən bir avtobusa mindik. Zahidandan da İranşəhrə gedəcəkdik. Səfərdə məni biri zabit, ikisi isə gizir olmaqla üç nəfər müşayiət edirdi. Avtobus Günabadda namaza və yeməyə dayandı. Günabada bir neçə dəfə getdiyimə görə əhali məni tanıyırdı. Həmçinin bəzi tələbələrim, o cümlədən ağa Fərzanə, Şəhid Kamyab və ağa Sadiqi oradan idilər. Mənim tələbələrlə münasibətim adətən, müəllim-tələbə kimi yox, yaxın dost kimi olurdu. Onların toyunda Günabada getmiş, camaatla tanış olmuşdum. Avtobusdan enəndə bir gənc mənə yaxınlaşıb dedi: "Ağa, mənim üçün bir istixarə edin". Yanımdakılar məni yaxından izləyirdilər. İstixarə etdiyim yerdə həmin gənc yavaşca dedi: "Mən istixarə üçün gəlməmişəm. Bilmək istəyirəm ki, sizi nə üçün nəzarət altında bu şəhərə gətiriblər". Dedim ki, məni tanıyırsan? Dedi ki, bəli. Məsələni ona danışdım və dedim ki, İranşəhrə sürgünə göndərildiyim haqda dostlara xəbər versin.
Ertəsi gün sübh çağı Zahidana çatdıq. Mən bir məscidə gedib namaz qıldım. Sonra səhər yeməyi yedik və təxminən bir saat şəhərdə qaldıq. Ondan sonra başqa bir avtobusla İranşəhrə yola düşdük. Çatanda məni əvvəlcə şəhərin icra hakimiyyətinə apardılar. Orada onlara məni polis bölməsinə aparmalarını tapşırdılar. Polis bölməsində mənə qovluq açıb öhdəlik aldılar ki, şəhəri tərk etməyim və hər gün imza üçün polis şöbəsinə gedim.
Dostları ilə paylaş: |