Mənəvi hal
Oradan tək-tənha çıxıb bir məscidə getdim. Öyrəndim ki, şəhərin yeganə şiə məscidi Ali-Rəsul məscididir. Getdiyim əhli-sünnə məscidi olduqca gözəl və əzəmətli idi, yerinə bahalı xalçalar döşənmişdi, həyətində hündür ağaclar, dadı və şirinliyi ilə məşhur olan Tehran suyuna bənzər şirin suyu vardı. Sevinc və rahatlıq hissi keçirdim. Şəhərin havası isti və təravətli idi. Mənim bədənimin təbiəti qışın çox soyuğuna uyğun deyil. Şəhərin mənzərəsi də çox gözəl idi.
Üst geyimimi çıxarıb bir tərəfə qoydum, dəstəmaz alıb namaza başladım. Məndə elə güclü mənəvi hal yarandı ki, onun şirinliyini indi də xatırlayıram. Ailə-uşaqlarımdan və dostlarımdan uzaqlaşmış, bütün qəlbimlə Allah-Taalaya üz tutmuşdum. Bu hiss o qədər ləzzətlidir ki, ondan üstünü təsəvvürə gəlmir.
Əlimdə çanta məsciddən çıxdım. Camaat mənə şəhərlərinə sürgün edilmiş yeni bir adam kimi baxırdı. Bu şəhər siyasətçilərin sürgün yeri kimi məşhurlaşmışdı. Şəhərin əsas xiyabanına getdim. Möminlərdən ağa Rəufinin ünvanını bilirdim. Onu axtarmağa başladım. Məni bir dükana yönəltdilər. Dükan bağlı idi. Bir qədər ətrafda gəzib yenidən qayıtdım, ancaq yenə bağlı idi. Bir qədər dayanıb vitrindən içəri baxdım. Birdən yanımda bir maşın dayandı. İçində iki nəfər vardı. Biri soruşdu:
– Kimi istəyirsiz?
– Ağa Rəufini.
– Rəufini tanıyırsız?
– Yox, - dostlarımdan birinin adını çəkib əlavə etdim: “Mənə onun yanına getməmi söyləyiblər”.
Avtomobildən enib dedi: "Mən Rəufiyəm, bu da qardaşımdır". Görüşüb-qucaqlaşandan sonra maşına mindik. Şam namazına az qalırdı. Fatimiyyəyə tərəf getdik. Şam namazını orada qıldım. Çox yorğun idim. Dedim ki, istirahət etmək istəyirəm. Evlərinə getməyi təklif etdilər, mənsə orada yatmağı üstün tutdum. Bir saatdan sonra ayıldım, ancaq yuxusuzluq hələ də gözlərimi ağırlaşdırırdı. Camaat məhərrəm ayı münasibətilə fatimiyyəyə toplaşmışdı. Sonra Höccəti Kirmanini gördüm və birlikdə Rəufigilə getdik.
Dostları ilə paylaş: |