İkinci fəsil: Ustadların hüzurunda Hövzə təhsili
Böyük qardaşımla birgə ibtidai məktəbi bitirəndən sonra elm hövzəsində təhsilə başladıq. Ruhani formasını çıxarmayım deyə, atam məni dövlət məktəblərində təhsil almağa qoymadı.
Hər bir hövzə tələbəsi təhsilə ərəb qrammatikasını öyrənməklə başlayır. Mən ibtidai məktəbdə Camiül-müqəddimat kitabının bir hissəsini, Ünmuzəc bölməsinin sonuna qədər oxumuşdum. Əmsilə kitabını atamla başlamışdım, amma davam etmədi və başqa bir müəllimlə bitirdim. Sərf-Miri atamdan öyrəndim. Əvamil-mənzuməni bir müəllimin yanında oxudum. Ünmuzəci öyrəndiyim əsnada ibtidai məktəbi bitirdim.
Şeyx Hüseyn Bəcistaninin1 nəzarəti altında olan Süleyman xan2 mədrəsəsində hövzə dərslərini davam etdirdim. Şeyx Bəcistani dəyərli ruhanilərdən və atamın dostu idi. Mədrəsənin müdiri Axund Xorasaninin oğlu Şeyx Əhməd Kifayi idi. Ağa Bəcistani Ələvi adlı bir nəfəri mənə müəllim təyin etdi və mən ondan Səmədiyyə kitabını öyrənməyə başladım. O, sonradan tibb üzrə təhsil alıb həkim oldu. Sonra ağa Bəcistani Məsudi adlı bir nəfəri mənə müəllim təyin etdi. Mən Süyuti və Müğni kitablarını ondan öyrəndim.
1953-cü ildə Süleymaniyyə mədrəsəsindən Nəvvab mədrəsəsinə1 getdim. Orada istedad və bacarıqlarımı kəşf etdim, özümdə elm və təhsilə dair tükənməz enerji duydum.
Müğnidən sonra Mütəvvəli oxudum. Mütəvvəl ərəb ədəbiyyatının bəlağəti sahəsində dəyərli kitabdır, amma oxunması uzun zaman alır. Müğni isə ərəb ədəbiyyatının sintaksisinə dair misilsiz bir kitabdır.
Fiqh (İslam hüququ) və üsul (İslam hermenevtikası və İslam hüququnun əsasları) elmlərinə atamdan Şəraye kitabını öyrənməklə başladım və həcc bölməsinə qədər davam etdirdim. Onda atam böyük qardaşıma Lümənin şərhini tədris edirdi və həcc bölməsinə çatmışdılar. Mən bəzi kitablarda qardaşımın şagirdi olsam da, orada onunla dərs yoldaşı oldum. Lümənin şərhi kitabının dörddə üçünü atamdan, dörddə birini də Seyid Əhməd Müdərris Yəzdidən öyrəndim.
Ondan öncə Məalim əl-üsul kitabını atamın dostu Seyid Cəlil Hüseynidən öyrənmişdim. Sonra Rəsail və Məkasib kitablarını atamdan və Hacı Şeyx Haşim Qəzvinidən öyrəndim. O, həqiqətən, güclü müəllim idi və mən tədris üslubunda ondan yaxşısını görməmişəm.
On yeddi yaşımda Rəsail, Məkasib və Kifayə kitablarını bitirdim, 1956-cı ildən fiqh və üsulun xaric – müctəhidlik üçün xüsusi ixtisas dərslərində iştirak etməyə başladım. Sonrakı ildə ziyarət üçün İraqa yollandım və bir neçə ay Nəcəfdə qaldım. O müddətdə Məşhəd hövzəsinin dərsləri ilə müqayisə etmək üçün böyük alimlərin dərslərində iştirak etdim. Ağa Xoi, ağa Həkim,1 ağa Bocnurdi2, ağa Şahrudi3, Mirzə Baqir Zəncani4 və Mirzə Həsən Yəzdi belə alimlərdən idilər.
Kifayənin sonlarında atamın tövsiyəsi ilə ağa Milaninin dərslərinə getməyə başladım. Ağa Milani 1954-cü ildə Məşhədə gəlib İcarə bölməsinin əvvəlindən fiqh tədrisinə başlamış və iki ilə bitirmişdi. Mən onun dərslərinə gedəndə namaz bölməsinə başladı. İki il yarım o dərsdə iştirak etdim, 1958-ci ildə Quma gedib 1964-cü ilə qədər orada qaldım. 1964-cü ildən İslam inqilabının qələbəsinə qədər isə Məşhəddə yaşadım.
Atamdan müctəhidlik üçün xüsusi ixtisas dərsi də aldım, amma bu dərs ciddi deyildi. Çünki ondan ötrü güclü hazırlığa və müxtəlif mənbələrin mütaliəsinə ehtiyac vardı və atam buna qadir deyildi.
Dərsləri ərəbcə yazmağa adət etmişdim. Çalışırdım ki, işim tərtibat baxımından da yeni üslubda olsun.
Dostları ilə paylaş: |