Bu kitab necə yazıldı?
Bu xatirələrin müəllifini yaxından tanıyan bütün mütəxəssislər onun Qurana və ərəb dilinə xüsusi marağını görmüşlər. Məsələni araşdıranda öyrənmişlər ki, o, məktəbxanada Quranın 30-cu cüzünü öyrəndiyi vaxtdan Quran dilinə valeh olub, şirinliyini dadıb, bəlağət bulağından su içib, ərəb dilini sevməyə başlayıb, həyatının bütün mərhələlərində Quran, hədis, Nəhcül-bəlağə, şeir və ədəbiyyat vasitəsi ilə bu dili yaşayıb. O, bu dilin şeir və ədəbiyyatında işləmiş bir adamla rastlaşanda ədəbi və digər məsələlər barədə söhbət etməyə çalışır. Ona son vəzifələr tapşırılandan sonra da ərəb dilinə olan sevgi və həvəsi yerində qalmış, elmi həyatında, mütaliə, araşdırma, təhsil, tədris və tərcümə sahəsində bu dillə əlaqəsi heç vaxt kəsilməmişdir. O inanır ki, ərəbcə danışmaq qəlblərə həyat, zövqə gözəllik və Atlantik okeanından Hind okeanına qədər uzanmış ümmətin birliyinə güc qatır.
O, işlərinin çoxluğuna baxmayaraq, iyirmi il öncədən həftəlik iclaslarda müxtəlif məsələlər barədə ərəbcə danışmış, daha çox yeni ərəb ədəbiyyatından mətnlər oxumuş, bəzi söhbətlər əsnasında sürgün və həbslərinə, fərdi və ictimai təcrübələrinə dair xatirələr danışmışdır.
Həmin iclasların birində bu xatirələrin yazılmasının vacibliyi söylənəndə qəbul etdi və öz həyat xatirələrini söyləməyə başladı. İndi oxuculara təqdim olunan bu kitab həmin xatirələrin yalnız sürgün və həbslərə aid hissəsidir.
Bir daha xatırladırıq ki, bu xatirələr ərəbcə söylənmiş, əvvəlcə ərəbdilli oxuculara təqdim olunmuşdur. Bu da onun Quran dilinə hörmətini, bu dilin heç bir coğrafi, irqi və etnik fərq qoymadan İslam ümmətinin birliyi üçün güclü potensialına inandığını göstərir.
İslam hərəkatının tarixinə və inqilab rəhbərinin həyatına dair bu xatirələr müasir İslam tədqiqatçıları üçün vacib məlumatlara malikdir. Bu kitab həmçinin Allah yolunun fəallarına müxtəlif sahələrə dair səmərəli təcrübələr verir və sübut edir ki, bütün əzab-əziyyətlərə baxmayaraq, iradə güclü və sağlam olarsa, qələbə mümkündür. Eyni zamanda, hər bir oxucu kitabdan fərdi və ictimai sahələrə dair maraqlı və mühüm məlumatlar əldə edə bilər.
Sonda kitabı tərtib etmiş Doktor Məhəmmədəli Azərşəbə, ərəbcə mətni üzərində işləmiş cənab Məhəmmədmehdi Şəriətmədara və farscaya çevirmiş cənab Məhəmmədhüseyn Batman Qılınca təşəkkür etməyi özümüzə borc bilirik.
“İslam İnqilabı” Tədqiqat və Mədəniyyət Mərkəzi
Həzrət Ayətullah Xameneinin Əsərlərinin Nəşri Şöbəsi
Fevral, 2019
Dostları ilə paylaş: |