Məscidin fəaliyyəti genişlənəndə hakimiyyətin qıcıqlanmasına səbəb oldu. Odur ki müdaxilə edib orada imamlıq etməmin qarşısını aldılar. 166
Üç aydan sonra yenidən İmam Həsən (ə) məscidinə qayıtdım. Ora kiçik olduğuna və uzaqda yerləşdiyinə görə təhlükəsizlik orqanları üçün əhəmiyyətli deyildi. Bir hədisin təbirincə desək, quş yuvası qədərincə olan həmin kiçik məsciddə namaza başlayan kimi hövzə və universitet tələbələri və bazar adamları oraya üz tutdular. Belə ki məscidin yeri darlıq etdi və onu genişləndirmək qərarına gəldilər. Bu baxımdan, Kəramət məscidindən də böyük oldu. Həssaslığı azaltmaq məqsədilə yalnız cümə günləri axşam namazında pişnamaz olur, sonra çoxlu dinləyicilərin iştirakı ilə Nəhcül-bəlağə kitabını tədris edirdim. 166
Məsciddə imamlıqdan əlavə evim də müxtəlif təbəqələrin müraciət mərkəzinə çevrilmişdi. Oraya gəlib sual, istək və təkliflərini bildirir, fikirlərini bölüşürdülər. Hamını gülərüzlə qəbul edirdim. Bu söhbətlər bəzən gecənin yarısına qədər davam edirdi. Yalnız Məşhəddən deyildi, digər şəhərlərdən də gələnlər olurdu. 166
Çıxış üçün bütün ölkədən, o cümlədən Tehrandan dəvət alırdım. Bəzi dəvətləri qəbul edir, vaxt azlığına görə bəzilərindən üzr istəyirdim. Şəhid Müfəttihin İmam Sadiqin (ə) vəfatı münasibətilə çıxış dəvətini də qəbul etmişdim. Mərhum Müfəttih Tehrandan qayıdandan sonra həbs olundu. Mən bunu proqnoz edirdim. Həmədan və Kirmandan gələn dəvətləri də qəbul etdim, Ərak səfərinə hazırlaşanda isə həbs olundum. Bu, altıncı həbsim idi. 166
Müraciət və dəvətlərin çoxluğuna baxmayaraq, biri fiqh, biri də üsul elminə dair gündə iki hövzə dərsini tədris edirdim. Bu dərslər 1964-cü ildə Qumdan Məşhədə gələndən başlanmışdı. 167
Dekabr ayında hava soyumağa başlayanda çox yorğun oduğumu hiss edib bir qədər istirahət etmək qərarına gəldim. Yoldaşıma dedim ki, istirahət məqsədilə bir neçə günlük səfərə çıxmaq istəyirəm, ancaq razılaşmadı. Bir neçə gündən sonra bu istəyimi yenidən dilə gətirdim. Nəhayət, şimala getmək barədə razılaşdıq. 167
Onda üç övladımız vardı. Böyük uşağımız Mustafa məktəbə gedirdi, digər iki uşaq isə hələ məktəb yaşına çatmamışdı. Mustafanı babasının yanında qoyduq. Yoldaşımın dayısını da səfərə dəvət etdim. O, tacir idi, yaxşı dost münasibətlərimiz vardı, çətinlik zamanı mənə əl tutur, çox xidmət edirdi. Avtomobili də vardı, həm də yoldaşıma məhrəm idi. O da həyat yoldaşını və uşaqlarını götürdü və birlikdə Mazandarana getdik. Orada üç gün qalandan sonra cümə günü axşam məsciddəki məclisə çatmaq üçün israrla Məşhədə qayıtmaq istədim. Lakin həmin məclisdən qabaq SAVAK əməkdaşları evimə tökülüşüb məni apardılar. 167