Sel dayanan kimi zərərçəkmişlərə yardım komitəsi yaratdıq. Həmin gecə mühüm bir fəaliyyət mümkün deyildi. İşi səhərə saxladıq. 210
Evə getdim. Evdə iki otaq, ortalarında bir müştərək qapı vardı. Mən Raşidlə bir otaqda, Rəhimi və Musəvi Şali də digər otaqda qalırdılar. Onlar da Raşiddən sonra İranşəhrə sürgün olunmuşdular. Rəhimi inqilabdan sonra millət vəkili ikən şəhadətə qovuşdu. 210
Çatanda gördüm ki, hər şey qaydasındadır. Su evin yaxınlığına qədər gəlib dayanmışdı. 210
Şəhərdə xəbər dolaşdı ki, sürgün olunanların evini su basmayıb. Bunu bizim kəramətimiz zənn etdilər. Lakin insanlara izah etdim ki, ev hündür yerdə olduğuna görə seldən uzaq qalıb, ortada heç bir möcüzə və kəramət yoxdur. 210
Səhər çağı Rəhimi və Raşidlə birgə selin dərədə uçurduğu evləri görmək üçün şəhərdən çıxdıq. Təsadüfən, şəhərə sel gəlməsinin əsas səbəbi də həmin evlər idi. Bu şəhər tarix boyu yağış altında olub, ancaq su dərədən özünə yol açıb axırmış. Şəhər buna görə əsrlərlə sağlam qalıb. Bu səbəbdən suyun yolunda ev tikmək qadağan imiş. Lakin bəziləri pulsuz yer axtardıqlarına görə orada ev tikmişdilər. Belə insanlar indi də bəzi şəhərlərdə bu kimi işlər görürlər. Düşünmürlər ki, bununla təkcə özlərini deyil, bütün şəhəri təhlükəyə atırlar. 211
Dərədə tikilmiş bütün evlər uçmuşdu. Bir kişi, bir neçə qadın və bir neçə uşaqdan ibarət bir bəluc ailəsi uzaqdan bizə doğru gəlməyə başladı. Kişinin qucağında bir uşaq vardı, qadınlar ağlayırdılar. Yaxınlaşanda uşağın öldüyünü gördük. Bu səhnə mənə çox pis təsir etdi və ucadan ağlamağa başladım. 211
Mən uşaq və qadınlara qarşı çox həssasam. Bir uşağa və ya qadına qarşı ən kiçik xəsarət və təhqirə dözə bilmirəm. Dostlarıma dəfələrlə demişəm ki, qadın və kişi arasında hökm çıxarmağa əsla uyğun deyiləm; bilirəm ki, qadının tərəfini saxlayacağam! Uşaqlarda da belədir; mən hətta filmdə də bir uşağın əzab çəkməsinə baxa bilmirəm. Həmin uşağın sel nəticəsində həyatını itirdiyini görəndə təsirlənib ürəkdən ağladım. Həmin ailə mənim ağladığımı gördü. Ağa Raşid sonra mənə deyirdi: “Onlar sənin özlərindən də çox kədərləndiyini görüb heyrətə gəldilər”. Bu xəbər bəluclar arasında yayıldı. 211