Peyğəmbər övladına qarşı belə edərlər?!
Həmin səfərdən iki il sonra, 1955-ci ildə Nəvvab edam edilib şəhadətə qovuşdu. Mən o zaman Nəvvab mədrəsəsində Hacı Şeyx Haşim Qəzvinidən dərs alırdım. Bu xəbərdən sonra bütün ölkəni, xüsusən də elm hövzələrini vahimə bürüdü. Müəllimimiz Hacı Şeyx Qəzvini o zaman yeganə ruhani idi ki, Məşhəddə bu vahiməni sındırdı, dərsinin əvvəlində Nəvvab haqda danışdı, onun edamına kəskin etiraz etdi, həyəcanla və ucadan dedi: "Peyğəmbər övladına qarşı belə edərlər?!"
Biz gənclər də məclislər keçirməyə başladıq. O məclislərdə Nəvvabın və dostlarının üstünlüklərindən, yol və məqsədlərindən danışdıq, mücahidlərin edamına etirazımızı bildirdik.
Nəvvabın şəhadətindən bir il sonra İslam fədailərindən biri ilə rastlaşdıq. O, Məşhədə yay tətilini keçirməyə gəlmişdi, adı Abbas Qəlləzari1 idi. Əleyhinə sübut olmadığına görə mühakimədən kənarda qalmışdı. Onunla tanış olduq, bizə Nəvvabın şəxsiyyəti və düşüncələri haqda danışdı. Mən bundan sonra Nəvvabı daha çox sevməyə başladım, onun ixlasına, fədakarlığına və məqsədlərinə inamım artdı. Biz düşüncə və duyğu bağları olan gənclərdən ibarət bir qrup idik. Qəlləzari bizdən təxminən on yaş böyük idi. Onunla yaxın münasibət qurduq və o, növbəti illərdə də yay tətilində Məşhədə gəldi.
Dostları ilə paylaş: |