İnqilab necə başlandı?
İmamın hərəkatı 1962-ci ilin payızında başlandı. Qurana and içmək məsələsi dövlət tərəfindən səmavi bir kitaba and içməklə əvəzlənmiş, İranda İslamın qüdrətini və din alimlərinin nüfuzunu azaltmaq məqsədilə digər bu kimi qərarlar da qəbul olunmuşdu. İmam bu qərarları pislədi, iki aydan sonra ölkədəki etirazları nəzərə alıb onları ləğv elədilər, amma başqa bir plan düşündülər. Bir aydan sonra şah Ağ inqilab adı altında cəmiyyətə müxtəlif məsələlərlə bağlı altı layihə təqdim etdi. Bu layihələr əslində, Amerika tərəfindən verilmişdi. İmam onları da pislədi. Şah bu layihələrdən ötrü referendum təyin etdi, imam isə referendumu boykot etdi.
Mübahisə qızışandan sonra şah imamla və digər ruhanilərlə haqq-hesab çəkmək qərarına gəldi. O, din alimlərinin fəaliyyət mərkəzi olan Quma və ruhanilərin evlərinə getdi, şəhərin mərkəzində, həzrət Fatimə Məsumənin məqbərəsi önündəki meydanda sərt danışdı, ruhaniləri hədəf seçdi və beləliklə, təhlükəli bir manevr etdi.
İmam Xomeyni yolundan dönmədi. O, hər gün və ya iki gündən bir sərt bəyanat verirdi. Belə bir şəraitdə referendum keçirildi.
Hakim rejim referendumda 6 milyon insanın iştirak etdiyini bildirdi. Referendum 1963-cü ilin 26 yanvarında keçirildi. Həmin gün qardaşım Seyid Məhəmməd və başqa bir nəfərlə birgə ağa Milani tərəfindən imamın yanına göndərilmişdik. Biz Məşhəddən Tehrana çatanda şəhərin ən izdihamlı yerində də seçki məntəqələrinin boş olduğunu öz gözlərimizlə gördük.
İmam referendumdan sonra mövqeyini daha da sərtləşdirdi və referendumun nəticələrini tanımadı. Bu böhranlı şəraitdə onunla digər təqlid müctəhidləri arasında ayrılığın ilk əlamətləri görünməyə başladı.
Dostları ilə paylaş: |