Bəzi dostlarla birgə gözəl və kreativ bir iş olan təşkilatlanma ilə də məşğul idik. Biz Qumda din alimləri arasında ilk təşkilatı yaradıb nizamnaməsini də yazdıq. Qardaşım Seyid Məhəmmədlə birgə nizamnamənin hazırlanmasında iştirak edirdik. Onun belə işlərə xüsusi istedadı vardı.
Hərəkatın əvvəlindən başlayaraq mən Qumdan gedənə qədər, yəni təxminən bir il yarım ərzində bir neçə təşkilat yaratdıq. Onların bəzisi eyni zamanda yaradıldı.
Qum Alimləri Təşkilatı bir çox din alimlərini özündə birləşdirirdi. Bu təşkilat sonradan Qum Elm Hövzəsinin Müəllimlər Cəmiyyəti adlanmağa başladı. Cəmiyyətin indiki üzvlərinin bir çoxu bu təşkilatın yaradılmasında mənim rolumdan xəbərsiz idilər. Ağa Əmini bunu onlara söyləyəndə bəziləri təəccübləndilər.
On bir nəfərdən ibarət başqa bir təşkilat da vardı. Onlar aşağıdakılardan ibarət idi: Haşimi Rəfsəncani, qardaşım Seyid Məhəmməd, Misbah Yəzdi (o, həm də iclasların katibi idi), Əmini, Meşkini, Müntəziri, Qüddusi, Azəri Qumi, Hairi Tehrani, Rəbbani Şirazi və mən.
Misbah Yəzdi iclasların protokolunu özünün ixtira etdiyi sirli dildə və qədim dualara oxşayan xətlə yazırdı. O, iz azdırmaqdan ötrü dəftərin üstünə belə yazmışdı: "Qəribə elmlərə dair tapdığım və üzünü köçürdüyüm kitab". Həmin dəftər bəlkə indi də qalır.
Bu on bir nəfərin və əlavə olaraq, ağa Rəbbani Əmləşi ilə Şeyx Əli Əsgər Mirvaridin də üzv olduğu başqa bir qrup da vardı. Bu qrupun işi təbliğat proqramı hazırlamaq idi. Şah rejiminin cinayətlərini ifşa etmək məqsədi ilə Qum şəhərində baş tutmuş 15 Xordad qiyamından sonrakı ilk ramazan ayında müxtəlif şəhərlərdə ruhanilərin dini çıxışları üçün proqram layihəsini həmin qrup hazırlamışdı. Mən bu proqrama əsasən Zahidana getmək qərarına gəldim və orada həbs olundum.
Dostları ilə paylaş: |