Yeddinci fəsil: Müqəddəs göz yaşları
1963-cü ilin iyununda Tehranda və digər şəhərlərdə qırğın törədiləndə, yüzlərlə insan qətlə yetiriləndə mən Bircənddə idim. Səfərdə məqsədim hakimiyyəti ifşa etmək, rejimin Qum şəhərinin Feyziyyə mədrəsəsində din alimlərinə və ruhanilərə qarşı hörmətsizliyi və müsəlman İran xalqının dini kimliyini məhv etməyə yönəlmiş proqramları haqda xalqa məlumat vermək idi.
Ələmin qalası
Bircənd şəhəri Əmir Əsədulla Ələmin qalası sayıldığına görə oranı seçmişdim. O, nazir olsa da, səlahiyyətləri olduqca geniş idi, ölkənin ən qüdrətli fiqurlarından biri hesab olunurdu. Fərdustun xatirələrinin1 ikinci cildində Ələmin İrandakı mövqeyi barədə məlumat verilmişdir.
Ələmlər ailəsi ingilislərə səmimi xidmətlərinə görə bu səlahiyyətləri əldə etmişdilər. Xorasanda tiryəkin yayılmasında bu ailənin böyük rolu olmuşdu. Əcnəbilərə muzdurluqda da böyük keçmişləri vardı.
Mən həmin səfərdən öncə iki dəfə Bircəndə getmiş, onun oradakı nüfuzunu görmüşdüm. Dini mərasimlərdə Ələmin adına xütbə oxunurdu. Bütün din alimləri onun məclislərində iştirak etməli idilər. Hansı alim iştirak etməsəydi, evini yıxardı. Bir dəfə məhərrəmlikdə bir ruhaninin minbərdən ərəbcə Ələmi təriflədiyini özüm eşitdim. Ruhaninin ucadan dediyi cümlə indi də yadımdadır: "Qılınc və qələm sahibi, Əmir Əsədulla Ələm!"
Bircəndin əksər böyükləri birbaşa və ya dolayısı ilə Ələmin xidmətçi və nökərləri idilər. Hətta Kiş adasının keçmiş icra başçısı kimi bəzi məşhur simalar da onun nökərlərindən sayılırdılar. Şah istirahət eləmək istəyəndə Bircəndə Ələmin bağlarından birinə gedirdi. Onun bağları öz şərabları və mahir aşpazları ilə məşhur idi.
Dostları ilə paylaş: |