İstedadlı dustaq
Qonşularla söhbət bütün mövzuları əhatə edirdi. Bir-birimizdən soruşurduq: “Bu gün səni dindirməyə apardılar? Bu gün nə etdin? Yuxuda nə gördün?”
Bu söhbətlərdə öyrəndim ki, qonşum universitet tələbəsidir. Özü barədə bundan artıq məlumat vermədi, əsl adını da gizli saxladı. Bu da təbiidir; məxfilik siyasi dustaq üçün ən zəruri işlərdən biridir. O gənc olduqca ayıq, aydın fikirli və heyrətamiz istedada malik idi; müxtəlif bəhanələrlə kameradan çıxır və bundan istifadə edib çevik işlər görürdü.
Bir dəfə xüsusi məharətlə nəzarətçini uzaq bir yerə göndərdi, cəld mənim kamerama yaxınlaşıb qapıdakı kiçik bacanı açdı, məni çağırıb üzümdən öpdü və heç kim bilmədən işlədiyi yerə qayıtdı.
Bir dəfə təmizliklə məşğul olduğu zaman dəhlizdə böyük bir qabın içindəki buz qabında bir qədər kərə yağı və mürəbbə olduğunu başa düşmüşdü. Qabın üstü örtülü imiş, amma bir anda qapağı açıb içindəkini görmüşdü. Anlamışdı ki, növbətçi yağ və mürəbbəni dustaqların səhər yeməyindən oğurlayıb. Həmin gün şam yeməyinə dadsız xörək veriləcəkdi. Nəzarətçi onu xoşlamadığına görə yağ və mürəbbəni oğurlayıb şamına saxlamışdı. Mənim dostumun ürəyindən də bu oğurluq malı yemək keçibmiş. Həm də həmin gün oruc idi. O, xüsusi çevikliklə qapağı açıb içindəkiləri götürmüş, kamerasına aparmışdı. Gördüyü iş barədə morze ilə mənə xəbər verdi. Dedim ki, iftara nuş edərsən.
Axşam vaxtı nəzarətçi iştahla həmin qaba yaxınlaşanda içini boş görüb dəli oldu. Bir dustağın belə bir iş görə biləcəyinə inanmırdı. Digər nəzarətçilərdən soruşdu, onu dustaqların götürdüyünə əmin olandan sonra nəzarətçilərlə birgə kameraları axtarmaq qərarına gəldi. Dostumuz onun bir qədərini yemişdi, bir qədəri isə qalırdı. Qorxu içində mənimlə əlaqə saxladı, kamerada tək olduğunu və yeməyin qalanını nə edəcəyini soruşdu. Dedim ki, yeyə biləcəyin qədərini ye, qalanını döşəmənin altına qoy və heç bir iz saxlama. Axtarışda qonşumun kamerasını da təftiş elədilər, amma heç nə tapmadılar. Məsələ xatasız ötüşdü, amma bu hadisə bir dustağın öz vəziyyəti əleyhinə üsyanına nümunə kimi yadda qaldı.
Dostları ilə paylaş: |