Günəş işığı
İndi yadıma elə şeylər düşür ki, qapalı və qaranlıq kamera həyatı ilə tanış olmayanlara adi görünər, ancaq bizim üçün mühüm hadisələr idi; əhəmiyyətli olduğuna görə də aydın şəkildə yadımda qalıb. Onların biri kameraya günəş işığının düşməsidir. Bir gün kameranın bacasının üstündəki bütün toz-torpaqlardan keçib kameranın içinə düşən azca işıq diqqətimi cəlb etdi. Sevincdən özümü saxlaya bilməyib dilləndim: "Muştuluq! Günəş... Günəş işığı..." Gözlərimiz bizi azad dünyaya birləşdirən o işığa dikildi. Təxminən yarım saat fərəhlə ona baxdıq, sonra gözdən itdi. Ertəsi gün çoxaldı və daha çox davam etdi. Bu vəziyyət bir neçə həftə təkrarlandı, nəhayət, günəş uzaqlaşdı və azca işığı da gəlmədi.
Bir gün bayırda cikkildəşən sərçələrin səsinə yuxudan oyandım. Gözəl səs idi; baharın gəlişini müjdələyir, bizi həbsxana divarlarının o tərəfindəki azad təbiətə birləşdirirdi. Bildik ki, kameranın arxasında ağaclar var. Bəlkə də yeni yarpaq açdığına, mühitə təravət bəxş etdiyinə görə sərçələr nəğmə oxuyurdular. Bütün bu gözəl təsvirləri sərçələrin səsi təsəvvürümüzdə canlandırırdı. Ürəyimiz açılırdı və bundan zövq alırdıq.
O zindandan hələ də yadımda qalan xatirələrdən biri də sübh çağı uzaqdan gələn çox zəif azan səsi idi. O azan səsi şəhərdəki sakitlikdən, sübh çağının təmiz havasından istifadə edərək kameranın içinə girmişdi ki, qulaqlarım çox həvəslə onu eşitsin və indi də xatırlayanda həmin həzzi yaşatsın. Məsafə uzaq olduğuna görə bəzi sözlər eşidilmirdi, amma istisnasız olaraq, hər gün sübh çağı onu dinləyirdim.
Dostları ilə paylaş: |