İslamın əzəməti
Həbsxana mühitinə müxtəlif fiziki və mənəvi qorxular hakim idi. Polis, müstəntiq və nəzarətçilər müsəlman dustaqlara sonsuz qəddarlıqla işgəncə verirdilər. Bütün bunlara baxmayaraq, orada möhtəşəm bir fenomenlə rastlaşdım. Bu, İslamın əzəmətindən ibarət idi. İslam ardıcılları məzlum, İslam düşmənləri isə güclü olsalar da, bu əzəmət nəzərə çarpırdı.
Həbsimin son illərində repressiya son dərəcə sərtləşdi. Heç kim İslamın ictimai sahədə fəallaşacağını ehtimal etmirdi. Biz Quranın müjdələrini oxuyub duruş gətirir, namazlarda tez-tez Kövsər surəsini oxuyub özümüzə təlqin edirdik ki, Kövsər İslam dövləti ilə nəticələnməlidir. Lakin bütün maddi hesablamalar bunun imkansızlığını göstərirdi.
Bütün bu problemlər fonunda bir gün həbsxananın dindirmə otağına çağırıldım. Məni həmişəkinə deyil, başqa bir otağa apardılar. İnqilabdan sonra ölkədən qaçan Baş müstəntiq Kavə təbəssümlə içəri girdi, mehriban tərzdə danışmağa başlayıb halımı soruşdu. Mən təəccübləndim. Onun özü məni döyənlərdən olmuş, birdən-birə mehriban adama çevrilmişdi! O, ittihamımın yüngüllüyündən danışmağa başladı. Bu zaman mənim işimə baxan müstəntiq Müşiri içəri girib yanımda oturdu. Kavə də stolun arxasına keçdi. Kavə gənc idi, amma müstəntiqlərə rəhbərlik edirdi. Kavə sözünə davam edib Müşirinin mənə kömək edə biləcəyini söylədi.
Bildim ki, bu sözlərlə mənim tezliklə azad olunacağımı bildirmək, başıma gələnlərin məsuliyyətini bu kiçik müstəntiqin boynuna yıxmaq istəyir.
Müşiri Kavəyə cavab vermək fürsətini fövtə verməyib incə tərzdə dedi: "Bəli, işinizi asanlaşdırmaq mənim Allahımdandır, amma bilirəm ki, bu məsələ bizim rəisimizdən asılıdır. Məndən gənc olsa da, onun parlaq gələcəyi var!"
Bildim ki, məni azad etmək istəyirlər. Bəs bu şirindillik nə üçün idi? Onların mənim qarşımda belə söhbəti nədən irəli gəlirdi? Nə üçün hər biri özünü təmizə çıxarmağa çalışırdı? Mən silahsız biri idim, xüsusi gücüm yox idi, məni asanlıqla öldürə də bilərdilər.
Onlardan qabaq başqa bir müstəntiq olan Kuçisfahani də mənimlə görüşüb öz dindarlığından danışmışdı. Mənə demişdi ki, uşaqlıqda tez-tez Rəştin məşhur ruhanilərindən olan Şeyx Hisamın dini söhbətlərini dinləməyə gedirmiş. O nə üçün özünü dindar göstərmək istəyirdi? Bütün bunların səbəbi yalnız İslamın qüdrəti idi. Elələri nə qədər güclü olsalar da, müsəlman insan qarşısında kiçik və aciz olduqlarını bilirlər.
Dostları ilə paylaş: |