Ramazan ayı gəldi, əhali ilə daha çox ünsiyyət imkanı yarandı. Polis rəisi bu ictimai rəğbətə görə çox narahat idi, sürgün olunmuşlarla nə edəcəyini bilmirdi. O, dəfələrlə öz mənfur varlığını bizə göstərməyə çalışmışdı. Ramazan ayı gələndə isə xoşbəxtlikdən, ikihəftəlik məzuniyyətə getdi, yerinə ağıllı və başadüşən bir gənc zabit keçdi. O, bizimlə hörmətlə danışır, dolayı yolla həmrəyliyini bildirirdi.
Bizim onunla ilk görüşümüz məsciddə baş tutdu. Bir polis rəisinin məscidə gəlib bizimlə görüşməsi qeyri-təbii hadisə idi.
Axşam sürgünə göndərilmiş qardaşların ikisi ilə birgə xiyabanda gəzəndə yanımızda bir avtomobil dayandı. Gənc zabit avtomobildən enib mənə gizli bir sözünün olduğunu, təklikdə danışmaq istədiyini bildirdi. Həmin iki qardaşdan ayrılıb onunla bir qədər piyada gəzdik. Mənə dedi ki, İranşəhrə sürgün olunanlar üç şəhərə göndəriləcəklər: biri Cirofta, biri İzəyə, biri də İqlidə (Dördüncüsü artıq azad olunmuşdu). Xahiş etdi ki, bu xəbər yalnız sürgün olunanların arasında qalsın.
Məsələni qardaşlara söylədim. Haqqında danışdığım gənc zabit İranşəhrdən getmək üzrə idi, polis rəisi məzuniyyətdən qayıtmışdı. Çox keçmədən bizə xəbər verildi ki, yeni sürgün yerinə hazırlaşaq. Polislər bir gecə gəlib ağa Rəhimini apardılar və mənə dedilər ki, sən də iki saatdan sonra gedəcəksən. Onlardan səfəri səhərə qədər təxirə salmalarını istədim, amma gecə vaxtı getməyimdə israrlı idilər. Bunun da səbəbini bildik: Biz bu şəhərə gələndə qərib və tanınmaz idik, gedəndə isə hakimiyyət şəhər əhalisinin reaksiyasından qorxurdu.
Ağa Rəhimi çantasını və əşyalarını toplayırdı. Polislər onu tələsdirirdilər. Rəhimiyə çox təzyiq edəndən sonra hirsləndi, qısa və atəşli bir çıxış etdi. Onun sözləri indi də qulaqlarımda əks-səda verir. Onlara deyirdi: “Bu müvəqqəti hakimiyyətə aldanmayın. Əmin olun ki, tezliklə devriləcək və burada İslam günəşi doğacaq!” Bu mübariz çıxışını edəndə biz onun sözlərinin yalnız şüar olduğunu düşünürdük. Mən özüm bu pafosu yersiz zənn edib xəcalət çəkdim.
Hər-halda, ağa Rəhimini apardılar və növbə mənə çatdı. Mən Cirofta getməli idim. Onlara dedim ki, öz avtomobilim var, gərək onunla gedim. Dedilər ki, mümkün deyil. Dedim ki, onda getməyəcəyəm, nə bacarırsınız, edin. Polis rəisinə razılaşmaqdan başqa yol qalmadı. Maşınımın da maraqlı əhvalatı var, qısa şəkildə danışacağam.
Dostları ilə paylaş: |