Yeni sürgün yolunda
Yeni sürgün yerinə getmək mövzusuna qayıdıram. Polislər öz avtomobilimlə getməyə razı olandan sonra sükanın arxasına keçdim. O zaman qaynım ağa Həsən Xocəstə - ona Həsən ağa deyirdik - bir neçə gün idi bizim yanımıza gəlmişdi. O da yanımda oturdu. O mənim Yəzd, Şiraz və digər bölgələrə sürgün olunanlara məktub və müraciətlərimi aparmaq, onların cavablarını gətirmək üçün İranşəhrə gəlib-gedirdi. Onunla birlikdə Əsğər Purməhəmmədi də bu işlə məşğul idi. Arxa oturacaqda əllərində qədim böyük tüfənglərdən olan iki polis oturdu. Köhnə bir polis maşını da özünü güclə bizim arxamızca sürüməyə başladı. Əvvəldə dedilər ki, polis maşınının arxasınca sürüm. Bir qədər sonra fikirləri dəyişdi və önə keçməyimi məsləhət gördülər. Onlar nə edəcəklərini bilmirdilər; bəzən önə keçirdilər, bəzən geri qalırdılar.
Yolda mənim maşınımda problem yarandı, radiatorun suyu qaynadı. Buna görə tez-tez dayanmağa məcbur olurdum, onlar isə israrla yola davam etməmi söyləyirdilər. İranşəhr-Ciroft yolunda yerləşən Bəm şəhərinə çatmazdan qabaq radiatoru su ilə doldurub tez Bəmə yola düşdüm ki, məsafəni azaldım və isti havada su saxlamayan avtomobildən xilas olum. Polis avtomobili arxadan bir neçə dəfə işarə verib dayanmağımı əmr etdi, mənsə məhəl qoymadım. Maşındakı iki polis sonradan polis avtomobilindən uzaqlaşdığımı görüb etiraz etdilər. Mən yenə fikir verməyib dedim: “Polis bölməsinə gedirik, orada bizə çatacaqlar”. Biz bölməyə çatdıq, onlar da əzab-əziyyətdən sonra yorğun halda gəldilər.
Hava isti və mən olduqca yorğun idim. Gördüm ki, bölmənin giriş qapısının yanında bir otaqda ikimərtəbəli çarpayılar var. Həsən ağaya dedim ki, Hacı Siddiqinin yanına get və ona polis bölməsində olduğumu söylə. Hacı Siddiqi Bəmdə yaşayan yəzdli bir gənc idi, böyük yük avtomobli sürürdü və sürgün olunmuşlara əlindən gələn yaxşılığı edirdi. Bir qrupla birgə İranşəhrə bizi görməyə də gəlirdi.
İcazə almadan otağa girdim, çarpayıların birinə uzanıb dərin yuxuya getdim. Əlbəttə, çox yata bilmədim, çünki bizim yəzdli qardaşımız xoşgəldin deməyə gəldi. Ona dedim: “Maşınım xarab olub, Cirofta qədər də uzun yol var. Yol dağlardan keçir, kələ-kötürlü və ensizdir. Bəzi yerlərində yalnız bir avtomobil keçə bilir (həmin yol İslam Respublikası dövründə yaxşı yollardan birinə çevrildi). İmkan olsa, bizi öz maşınınla apar, mənim maşınımı da burada təmirə qoy”. Dedi ki, gözlərim üstə. Gedib maşınını gətirdi. Kiçik bir minik avtomobili vardı.
Dostları ilə paylaş: |