Nahar yeməyinə atamgilə dəvət olunmuşdum. Bəzi din alimləri də orada qonaq idilər. Mən oraya dörd-beş yaşlı oğlum Mustafa ilə getmişdim. Mustafanı anamın yanında qoyub özüm bayıra, atamgilin yanına getdim. Ruhanilərin evləri kiçik olsa da, adətən, iki hissədən ibarət olur: qonaqlara aid xarici hissə və ailəyə məxsus daxili hissə. Bu hissələrin hər birinin öz qapısı olur. 126
Qonaqlarla birgə nahar yediyimiz yerdə qardaşlarımın biri gəlib dedi: "SAVAK məmurları evə giriblər!" Mən qapıya doğru getdim ki, qonaqlar olan yerə gəlməsinlər. Gördüm ki, anam həyətdə iki SAVAK əməkdaşının qarşısını kəsib onlarla mübahisə edir. O, hicabla örtünüb üzünü tutmuş, amma şir kimi onların qarşısında dayanmışdı. Anamla mübahisə edən adam SAVAK-ın məşhur müstəntiqlərindən idi, inqilabdan sonra öldürüldü. 126
Onların sözlərindən başa düşdüm ki, SAVAK əməkdaşları əvvəlcə evin daxili hissəsinin qapısından giriblər, anam onları çıxarıb və deyib ki, Seyid Əli burada deyil. Nə qədər cəhd etsələr də, anam onları buraxmayıb qapını bağlamışdı. Onlar digər qapını döymüşdülər. Qardaşım qapıda kimin olduğunu bilmədən açmışdı, onlar da həyətə girib anamla mübahisəyə başlamışdılar. Mən həyətə çıxanda onların biri anama dedi: "Budur, Seyid Əli burdadır, nə üçün deyirsiz ki, evdə yoxdur?!" Anam yenə geri çəkilmir, onlara sərt cavablar verirdi. 126
Mən SAVAK müstəntiqinə dedim: "Siz bilirsiz bu xanım kimdir?" Anamın adını hörmətlə çəkib üzümü ona tutdum və dedim: "Anam, icazə verin, bunlarla mən danışım". Sonra SAVAK əməkdaşlarına dedim: "Nə istəyirsiz?" Dedilər ki, bizimlə gəlməlisən. Dedim ki, mən hazıram. Oğlum Mustafa bu müddətdə təəccüb və qorxu içində bizə baxırdı. Sağollaşdım və onu anama tapşırdım. Anamla da xudahafizləşdi. Gedəndə muzdurların biri anam barədə dediklərimə cavab olaraq təhqiramiz ifadə işlətdi. Ona sərt cavab verdim. Onlar məni SAVAK şöbəsinə apardılar. 126
Rəisin kabinetinə girdim. Dəbdəbəli və səliqəli divan-kreslo dəsti düzülmüş gözəl otaq idi. Otağın sonunda böyük bir stol vardı, rəis onun arxasında oturmuşdu. O, SAVAK rəislərinin adətinə uyğun olaraq, psixoloji təzyiq məqsədilə başını aşağı salıb özünü məşğul göstərməyə çalışırdı. Mən də öz adətim üzrə yumşaq bir kresloda oturub bir işlə məşğul olmağa başladım və ona məhəl qoymadığımı büruzə verdim. Belə olduğunu görüb başını qaldırdı və dedi: "Siz kimsiz?" Təbii ki, məni yaxşı tanıyırdı. Cavabını verdim. Dedi ki, ağa Xamenei, bəs siz bu vaxta qədər harada idiz? Suallarının qoyuluşundan bildim ki, SAVAK-ın informasiyaları yarımçıqdır. Onlar mənim gizləndiyimi düşünmüş, Məşhədə dönüşümdən xəbərsiz olmuş, atamgillə deyil, ayrı bir evdə yaşadığımı bilməmişlər. O zalım və qaniçən qurumun məlumatları və kəşfiyyat işləri bu səviyyədə idi. 127
Qışqırıb-danlamağa başladı. Bəzən ona eyni tərzdə cavab verirdim, bəzən də etinasız halda sakit qalırdım. Bu zaman bir müstəntiq əlində qalın bir qovluqla içəri girib rəisin yanında dayandı, qovluğu açıb onun önünə qoydu və barmağı ilə bəzi səhifələri göstərməyə başladı. Rəis başını yelləməklə oxuduqlarından narahat olduğunu bildirməyə çalışırdı. Onların bu hərəkətlərinin qurama olduğu aydın görünürdü. Məqsədləri məni qorxutmaq idi. Sonra rəis başını qaldırıb qəzəblə dedi: "Aparın!" 127
Məni SAVAK əməkdaşlarının dairəvi şəkildə dayandıqları bir otağa apardılar, ortaya salıb söyüş və təhqir yağdırmağa başladılar. Əvvəllər buna bənzər vəziyyətə düşdüyümə görə onlara sərt cavab verməyə hazırlıqlı idim. Əlbəttə, o vaxta qədər fiziki işgəncə tətbiq olunmurdu. 128
İndi də yadımdadır, SAVAK-ın polkovnik rütbəli, mülki geyimli, Nişat ləqəbli bir əməkdaşı mənə dedi: "Siz nə istəyirsiz?! Nəsə bacaracağınızı zənn edirsiz? Gör, Kral Hüseyn nə etdi! O, qüdrətli olmasa da, bir gündə beş min fələstinlini öldürdü. Ancaq biz qüdrətliyik və beş milyon adamı asanlıqla öldürə bilərik!” 128
Onun bu sözünə təəccübləndim. Çünki göstərdiyi rəqəm çox böyük idi. Ya nadan və aldanmış adam idi, ya da məni aldatmaq istəyirdi. Hər iki halda bu, onun səviyyəsizliyini göstərirdi. 128
Bundan əlavə, qələm və minbərdən başqa heç nəyi olmayan bir ruhaniyə bu sözü deməzlər. Bəli, əgər milyonluq üzvü olan bir hərəkatın rəhbəri olsaydım, bu təhdidi başa düşmək olardı. Lakin şəraitimi nəzərə alsaq, bu sözün mənası onu deyənin məndən olduqca zəif olmasından başqa bir şey deyildi. Onlar şəxsiyyət və məntiq baxımından həm zəif idilər, həm də dəli. Dəli birdən-birə insana hücum edib yerə yıxa bilər. Bu baxımdan, SAVAK əməkdaşlarına zəif, səviyyəsiz və dəyərsiz adamlar kimi baxırdım. Lakin dediyim səbəbə görə onlardan bir qədər qorxurdum da. 128