Hərəkatın ilk günləri
İmamın qiyamından sonra Qum şəhəri ardıcıl aksiyalarla silkələndi, ancaq bu aksiyalar bəlli bir təşkilat tərəfindən idarə olunmurdu. İslamçıların hər biri öz üsuluna uyğun hərəkət edirdi. Heç kəs, hətta imam da bu aksiyaların idarəçiliyi ilə məşğul olmurdu.
Mən o zaman müxtəlif fəaliyyətlər göstərmiş hövzə tələbələrini adları ilə xatırlayıram. Bir dəstə imamın bəyanatlarını yaymaqla məşğul idi, bir dəstə bəyanatları xüsusi bir cihazla polikopya edirdi. Bir dəstə imamla əlaqə saxlayır, müxtəlif işlərdə ona məsləhət verir, fikir və təkliflərini bildirirdilər. Onların bəzisi imamı siyasi, ictimai və hərbi hadisələrə qarışdırır, bəzisi imamla din alimləri arasında vasitəçi rolunu oynayırdılar. Bir iş tapmayanlar da imamın evində rahatlıq tapırdılar.
İmamın otaqları hətta özü olmayanda da tələbələrlə dolu olurdu. Hövzə tələbələri müxtəlif elmi və siyasi məsələlər barədə müzakirə aparırdılar. Bəzən imamın oğlu Hacı ağa Mustafa də müzakirələrdə iştirak edirdi. Tələbə olmayanlar namaz vaxtı imamın evinə gedib onunla namaz qılır, İmam Hüseyn (ə) məclislərində iştirak edirdilər.
Hərəkatda iştirak edən digər təqlid müctəhidlərinin, ağa Gülpayiqaninin, ağa Mərəşi Nəcəfinin və ağa Şəriətmədarinin də evlərində vəziyyət belə idi, lakin əsas şəxs imam idi. O, yalnız özünə arxalanırdı, heç kəsə söykənmirdi, digərləri isə ona arxalanırdılar.
Mənim üzərimə bir çox vəzifələr düşürdü. O cümlədən:
– Ağa Seyid Cəfər Şübeyrinin evində bəzi dostlarla birgə imamın bəyanatlarını çoxaltmaq, sonra yaymaq üçün digər qrupa vermək;
– Siyasi şəxsiyyətlər tərəfindən verilən bəyanatları çoxaltmaq; Əlimizə çatan və yayılması münasib olan hər bir bəyanatı köçürüb yayırdıq.
– Ümumi imzalı bəyanatlar yazmaq; "Bir qrup din alimi", yaxud "Bir qrup ruhani" imzalı bəyanatlarda ad çəkilmədiyinə görə daha sərt ifadələrdən istifadə etmək olurdu.
– Müxtəlif məsələlərdə imama məsləhət vermək; İndi bu sahədə xatırladığım odur ki, qardaşım Seyid Məhəmmədlə, İslam Respublikası Partiyasının şəhidlərindən olan Şeyx Əli Heydəri ilə və hazırda fəlsəfə müəllimi olan Şeyx Hüseyn İbrahimi Dinani ilə birgə imamın evinə gedib ona təklif etdik ki, həcc mərasimində yaymaq üçün bir bəyanat versin. Yadımdadır, imam bu təklifimizə sevinib dedi ki, mən onu hazırlamışam.
– Bəzən imamla digər alimlər arasında vasitəçi olurdum; İmam bir dəfə məni şifahi bir mesajla Məşhədə ağa Milani və ağa Quminin yanına göndərdi. Bu mesajda mühüm məsələlər yer alırdı. Onların biri digər alimlərlə müştərək idi. O da bu idi ki, İsrail İranın bütün işlərinə müdaxilə edir, İslam və İran alimlərini məhv etməyə çalışır. Yalnız onlara məxsus məsələ də bu idi ki, bütün ruhanilər məhərrəm ayının yeddisindən, əza heyətləri isə doqquzundan, yəni tasua günündən rejim əleyhinə və onun Feyziyyə mədrəsəsindəki cinayətlərinə dair çıxışlara başlasınlar.
– Hacı ağa Mustafa Xomeyni ilə səmimi dost idik. O da bizim imamın yanındakı mövqeyimizdən və İslam hərəkatındakı rolumuzdan xəbərdar idi. Bu münasibət bizim hərakatdakı fəaliyyətlərimizi asanlaşdırırdı.
Yadımdadır, Haşimi Rəfsəncaniyə xəbərləri toplamaq tapşırılmışdı. İmam ona 200 tümən pul vermişdi, o da xəbərlərə qulaq asıb imama söyləmək üçün böyük bir radio almışdı. Həmin radio bəlkə indi də qalır.
Dostları ilə paylaş: |