Siyasi göz yaşları
Bircənddə dostlarım vardı, öncəki iki səfərdə tanış olmuşdum. Məhərrəmin üçündə Bircəndə çatdım. Əlbəttə, təbliğata gedən ruhani üçün məhərrəmin üçü gecdir. Ruhani məhərrəmlikdən bir qədər qabaq təbliğat yerində olub məclislərə hazırlaşmalıdır. Üstəlik, dostlar mənə bir neçə məsciddə təbliğat imkanı yaratmışdılar.
Məhərrəmin yeddisi gəldi. İmam Xomeyni tapşırmışdı ki, həmin gündən şah rejimi əleyhinə çıxışlar başlansın. Cümə günü idi. Çalışdım ki, həmin gün müsəlla məscidində keçirilən böyük məclisdə olum. Axşama qədər çıxış imkanı yaranmadı. Məndən öncə başqa bir ruhani minbərdə moizə edir və söhbətini qeyri-adi tərzdə uzadırdı. Bu dəyərli fürsətin əldən çıxacağına görə narahat idim. O, axşam namazından iyirmi dəqiqə öncə söhbətini bitirdi və mən minbərə çıxdım.
Ürəyimdə nə sözüm vardısa, izdiham qarşısında söylədim, əcnəbilərin dinin həyatdan çıxarılmasına dair planlarını açdım, şah rejiminin İslam, müsəlmanlar və din alimləri əleyhinə təxribatlarını ifşa etdim. Feyziyyə mədrəsəsindəki 22 Mart faciəsi barədə danışanda camaat ağladı və məclisdə böyük həyəcan yarandı. Adət üzrə çıxışı İmam Hüseynin (ə) müsibətlərindən biri ilə bitirdim. Lakin camaat İmam Hüseynə (ə) Feyziyyə müsibətindən çox ağlamadı!
Dostları ilə paylaş: |