SAVAK-la ilk təcrübə
Yandakı otaqda müstəntiq suallara başladı: "Minbərdə nə demisən? Nə üçün demisən? Filan sözdə məqsədin nə idi?" Suallardan bəlli idi ki, minbərdə dediklərimin hamısı onlara çatmışdır.
Dindirmə bitəndən sonra məni başqa bir yerə apardılar. Oradakıların çox qaşqabaqlı sifətlərini görüb SAVAK-da olduğumu anladım. Zahidan SAVAK-ının rəisi məşhur zalımlardan idi. O, Zahidandan öncə Məşhəddə eyni vəzifədə çalışmışdı. Sonradan Zahidandan da Kirmana gedib dəhşətli cinayətlər törətdi. İnqilab dalğası genişlənəndən sonra isə Kirmandan qaçdı.
Məni bir otağa apardılar. Bir neçə gənc məni əhatəyə alıb diqqətlə yoxladı, çantamı açıb içindəki şəkilləri çıxardılar, şəkildəkilərin kimliklərini soruşmağa başladılar. Onlar təhqir və istehza ilə mənə mənəvi təzyiq göstərməyə çalışırdılar, amma Allaha şükür olsun ki, təslim olmadım və zəiflik göstərmədim. Eyni zamanda çox əziyyət çəkdim.
Bir qədər sonra məni bir maşına mindirib şəhərdən bayıra apardılar. Hava qaranlıq və çox soyuq idi. Həmin ilin qışı sərt keçirdi, adətən, qar görməyən Zahidana qar yağmışdı.
Məni bir hərbi hissəyə aparıb növbətçi otağına saldılar. Mənim kimi yeni bir qonaq oradakı əsgərlərə gözlənilməz oldu. Başında əmmamə, gözlərində eynək, əynində ruhani geyimi olan arıq bir gənc onlara qəribə gəlirdi. Bu xüsusiyyətlər adətən, insanların diqqətini cəlb edir. Əsgərlər ayağa qalxıb məni dövrəyə aldılar, hörmətlə salam verdilər. Komandirləri onların rəftarını görüb özünü itirdi və məni tez başqa bir boş otağa göndərdi. Mənimlə mehriban rəftarından onun da təsirləndiyini bildim.
O, məni içində sönmüş bir soba olan kiçik otağa saldı. Bir qədər sonra gəlib sobanı yandırdı, mehriban tərzdə kim olduğumu soruşdu, mənimlə danışmağa başladı, sonra yemək gətirdi və özü bayıra çıxdı. Bir qədər sonra yenə gəlib otaqda oturdu. Sonra başqa bir adam da gəldi və birlikdə maraqlı söhbətlər etdik. Mənə dedi ki, sizin buraya gətirilmənizin səbəbkarı özünüzdən olan birisidir. Onun nə demək istədiyini başa düşdüm. Səhər açılan kimi mənimlə sağollaşıb getdi.
Mən hər dəfə həbs olunanda zahiri görkəmim diqqət çəkirdi. Yadımdadır, ilk həbsimdə lazımi idari işlərdən ötrü təcridxananın nəzarət qapısının önündə dayanmışdım. Bu zaman məşhur hərbçilərdən olan General Minbaşian1 qarşıdakı pilləkəndən enirdi. Uzaqdan görən kimi mənə yaxınlaşdı, kim olduğumu və nə üçün oraya gətirildiyimi soruşdu. Ona dedim: "Mənə deyirlər ki, dövlət əleyhinə danışmısan". Şəxsi işimi istədi, onu vərəqləyə-vərəqləyə bəzən təəssüf, bəzən də təəccüblə başını yelləyir və tez-tez deyirdi: "Qəribədir! Nə üçün belə etmisən? Nə üçün bunu demisən?" Sonra getdi.
Dostları ilə paylaş: |