Tələbkar müəllim
Məktəbxanada təhsilə başladım. İbtidai məktəbdən öncə iki məktəbxanada oxumuşam. Dörd yaşımda getdiyim birinci məktəbxananı bir qadın idarə edirdi. Mən heç kimə qaynayıb-qarışmır, özümü dərsə uyğun görmürdüm. Bu, bəlkə də gözümün zəif olduğundan irəli gəlirdi. O zamandan yadımda qalan əsas məsələ yanlış tədris üsullarıdır. Məktəbxanada heç bir proqram yox idi, yalnız səbəbsiz kobudluq və tələbkarlıq vardı. Yadımdadır, mollabacı bir yerə gedəndə qonşusu Rübabı öz yerinə qoyurdu. Vaxtımızı faydasız işlərlə doldurmaqda Rübabın xüsusi məharəti vardı. Bizi sıraya düzüb əlil ərinin yanına aparırdı, bir-bir onun önündən keçirdik, o da əlindəki çubuqla əllərimizin içinə vururdu. Böyük qardaşım da mənimlə birgə orada oxuyurdu.
Beş yaşımda atam məni bir məscidin otağında fəaliyyət göstərən başqa bir məktəbxanaya göndərdi. İndi də yadımdadır, qaranlıq otaq idi. Bəlkə bu da gözümün zəifliyi ilə bağlıdır. Müəllim bizə çox diqqət göstərir, sol tərəfində oturdur, həmişə bizimlə maraqlanırdı. Qardaşımla birgə orada "Əmmə-cüz" dərsinə başladıq. Bu dərs ərəb əlifbası ilə başlayırdı, sonra Qurani-kərimin Nas surəsindən başlayaraq otuzuncu hissəsini öyrədirdilər.
Həmin müəllim bizdən başqa bütün şagirdlərlə kobud davranırdı. İndi həmin məktəbdən xatırladığım o kişinin əsəbiliyi, soyuq və qaranlıqdır. Evdən dərsə qədər cırıq ayaqqabı ilə gedirdim. Qışda ayaqqabımın içinə palçıq girir, ayağım bulanırdı.
Müəllimin qəribə işləri vardı. Cümə axşamı şagirdləri evə buraxmazdan öncə sıraya düzüb deyirdi: "Mən dillərinizin altına möhür vuracağam. Kim cümə günü namaz qılsa, möhürün yeri dilində qalacaq; qılmasa, qalmayacaq”. Sonra bir möhürü mürəkkəbə batırıb şagirdlərin dillərinin altına vururdu.
Şənbə günü səhər çağı qiyamət qopurdu. Şagirdlər sıraya düzülüb dillərini bayıra çıxarırdılar. Onların bəzisi sərt cəzalandırılırdı. Mən də onlarla birgə sıraya durur və qorxudan ağlayırdım. Döyülməkdən qorxmurdum, çünki bizi vurmurdu, ancaq həmin səhnənin vahiməsi məni ağladırdı.
Dostları ilə paylaş: |