Giriş olaraq deməliyəm ki, 1964-cü ildə Qumdan Məşhədə qayıtdım və həmin ildə ailə qurdum. Məşhədə qayıdandan sonra yeni elmi və siyasi fəaliyyətlərə başladım. Məşhəddə rejimə müxalif şəxsiyyətlərlə, inqilabçı qüvvələrlə, habelə gənc hövzə və universitet tələbələri ilə sıx əlaqələrim vardı. Araşdırma, tədris və təbliğatla da məşğul olur, gələcək işlərlə bağlı iclaslar keçirirdim. Gənclərə İslam hərəkatı ilə əlaqəli din təlimləri dərsini tədris edirdim. İnqilabi fəaliyyətlərdən biri də mərhum şair Qulamrza Qüdsi, Şəhid Tədəyyün1 və başqa bir xorasanlı şəxslə birgə nəşriyyat təsis etməyimiz idi. Müəssisənin adını Sepidə qoymuşduq, inqilabi məzmunlu dini kitablar çap edirdik. Sonra Seyid Qütbün “Gələcək İslama məxsusdur” kitabını tərcümə edib məşhur Xorasan çapxanasında çapa hazırladıq. Kitabın çapına az qalmış qohumlarla birgə bir istirahət səfərinə çıxdıq. Bu səfər 1966-cı ilin aprelində baş tutdu. Oğlum Mustafa qırxgünlük idi. Tehrana, oradan Quma, oradan da İsfahana getdik. Məşhədə qayıdanda yenidən Tehrana döndük, mehmanxanada SAVAK-ın Xorasan çapxanasına hücum edib həmin kitabın bütün nüsxələrini müsadirə və Sepidə müəssisəsinin müdirini həbs etdiyini eşitdim. Mənə dedilər ki, SAVAK səni axtarır. Bir qədər sonra müəssisənin üzvlərindən başqa birinin də həbs xəbəri gəldi.
SAVAK-ın kitaba və tərcüməçisinə qarşı mövqeyinin ciddi olduğuna şübhəm qalmadı. Məsələni yoldaşıma və bizimlə səfərdə olan anasına danışdım. Təklif etdim ki, Məşhədə qayıdıb oradakı vəziyyət haqda mənə məlumat versinlər, Tehranda qalmağın, yoxsa Məşhədə qayıtmağın məsləhətli olduğunu söyləsinlər.
Beləliklə, özüm mehmanxanada tək qaldım. Bir neçə gündən sonra qardaşların biri həmin kitabdan əlli nüsxəsini mənə gətirdi. Onlar təhlükəni hiss edib SAVAK-ın basqınından öncə kitabın yüz nüsxəsini oradan çıxarmışdılar.
Kitabın çap olunduğuna çox sevindim. O, mənim çap olunan ilk əsərim idi. Həm də yaxşı çap olunmuşdu, gözəl cildi vardı. Həmin nüsxələri dostlara payladım, qalanını da qohumların birinə tapşırıb dedim ki, bunlar qadağan olunmuş kitablardır.
Bir neçə gündən sonra dostların biri məni məscidlərinə dəvət etdi. Məscidin tikintisi başa çatmamışdı, amma məhərrəmlikdə istifadə etmək istədiklərinə görə dövrəsinə dəmir hasar çəkib üstünə çadır salmış və mərasimə hazırlamışdılar. Dəvəti qəbul etdim. Məhərrəmin ilk on günündə orada pişnamaz oldum, namazdan sonra moizə etdim. İkinci və üçüncü ongünlüyə də başqa vaizlər çağırdım. Həmin məscid indi Nüsrət xiyabanında, Tehran universitetinin yaxınlığında yerləşir. Tikiləndən sonra Əmirəlmöminin (ə) məscidi kimi məşhurlaşdı.
Dostları ilə paylaş: |