Sən təqib altındasan
Bir gün Tehran universitetinin yaxınlığında yolla gedərkən birdən ağa Haşimi Rəfsəncani ilə rastlaşdım. O, mənə təəccüblə baxırdı. Dedi ki, siz şəhərdə bu şəkildə necə də rahat gəzir və gizlənmirsiz?!
– Nə üçün gizlənməliyəm? Mən məsciddə pişnamazam, moizə edirəm.
– Siz təqib altındasız. On bir nəfərlik qrup ifşa olunub, Azəri Qumi tutulub, biz də Tehranda təqib altındayıq. Mən avtobusla gedirdim, sizi görüb endim ki, bu barədə məlumat verim.
– Çox gözəl. İndi nə etməliyik?
– Bu gün qrupun bəzi üzvləri ilə görüşüb bu barədə danışacağıq.
Görüş yeri Tehranın mərkəzi yollarından sayılan İran xiyabanında idi. Qrup üzvlərinin heç birinin Tehranda evi yox idi, dostlarımıza da problem yaratmaq istəmirdik.
İran xiyabanında görüşdük. Dörd nəfər idik: ağa Haşimi, ağa İbrahim Əmini, ağa Qüddusi və mən.
Bir neçə gün qabaq SAVAK ağa Qüddusini çağırıb bizim on bir nəfərlik qrupumuz barədə sorğu-sual etmişdi. Dindirmədə hansı sözlərin deyildiyi, hansı işlərin üstünün açıldığını bilmək bizə önəmli idi. İclasın mövzusu da bu idi.
Bu təhlükəli mövzu barədə oturub məsləhətləşməyə yer tapa bilmirdik. Ağa Əmininin yerlisi olan Nəcəfabadlı dindar həkim Vaizinin klinikasına getmək barədə razılığa gəldik. Onun klinikası bizim görüşdüyümüz yerə yaxın idi. Fikirləşdik ki, gözləmə otağında oturub məsləhətləşərik. Çünki orada oturmaq adi bir işdir və diqqət cəlb eləmir.
Bədbəxtlikdən, klinikada xəstə yox idi və biz gözləmə otağında otura bilməzdik. Odur ki oradan çıxdıq.
***
İnqilabdan bir neçə gün sonra doktor Vaizinin evində idik. Ağa Məhəmməd Müntəziri də orada idi. Doktorun evi və klinikası bir binada yerləşirdi. Mən doktora dedim: “Bu binanı görmüşəm, ancaq onda belə deyildi; deyəsən, təmir etdirmiş və böyütmüsüz. Mən on iki il bundan qabaq, yəni 1966-cı ildə burada olmuşam". Sonra onun klinikasına getməyimizi və oradan məyus halda çıxmağımızı danışdım. Doktor gözləmədiyim həddə narahat oldu, ağladı və klinikasının bizə yer verə bilmədiyinə görə özünə qarğış etdi. Hadisəni danışdığıma peşman olub onu sakitləşdirməyə çalışdım. Əlbəttə, məqsədim oturduğumuz bina ilə bağlı bir xatirəni yada salmaqdan başqa bir şey deyildi.
***
Qayıdaq həmin hadisəyə: Klinikadan çıxandan sonra aramızdan biri İran xiyabanının yaxınlığında yaşayan Doktor Bahünərgilə getməyimizi təklif etdi. Oraya gedib gördük ki, evdə təkdir. Ondan xahiş etdik ki, evdən çıxıb bizi tək qoysun. Çox razılıqla qəbul etdi, çayın yerini göstərib bayıra çıxdı.
Ağa Qüddusi danışmağa başladı, SAVAK-ın müstəntiqi ilə söhbətlərini və onun suallarını bizə söylədi. Dedi ki, onlar müvəqqəti saxlamada on bir nəfərin siyahısını göstəriblər. Sonra üzünü mənə tutub dedi: "Sizin adınız siyahının başında idi".
Qorxunc xəbər idi. Böyük ehtimala görə, SAVAK ağa Qüddusini təqib edib əlaqələrini öyrənmək üçün azadlığa buraxmışdı. Hər halda, iclasda qərara gəldik ki, hərə bacardığı qədər gizlənsin.
Mən Tehranda gizlənə bilməzdim, etibarlı yerim yox idi. Məsələ də ciddi idi, bütün adlar ifşa olunmuşdu. Qrupun üzvlərindən ikisi - ağa Müntəziri ilə ağa Rəbbani Şirazi həbs olunmuşdular. Əlbəttə, onlar bu qrupa bağlı olduqlarına görə deyil, başqa bir məsələ ilə bağlı saxlanmışdılar. Hər halda, qardaşların qərarı bu oldu ki, qrup üzvləri gizlənsinlər.
Dostları ilə paylaş: |