Mirvariyə çevrilən ürək qanı



Yüklə 1,52 Mb.
səhifə70/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   66   67   68   69   70   71   72   73   ...   239

Palazdan ucuz xalça


Maddi vəziyyətimizə başqa bir nümunə üçün xalça ilə bağlı bir hadisəni danışım. Əksər İran evləri kimi bizim evimiz də xalça ilə döşənmişdi. Lakin xalçaların zəruri olmadığını görüb satdım, yalnız yoldaşımın qonaqlarının otağında iki xalça saxladım. Öz-özümə dedim ki, bu iki xalça yoldaşımın cehizindəki xalçaların əvəzinə qalsın. Xalçaları satmaq qərarını yoldaşımın ailəsinə bildirmədim. Onun qardaş və dayıları xalça ticarəti ilə məşğul idilər, bilirdim ki, onları satmağa qoymayacaqlar. Bu dəfə Məşhəddə yaşayan qardaşlardan birini – Hacı Səffarianı çağırıb dedim: "Bu xalçaları apar sat, əvəzinə bizə bir neçə nazik palaz al”. İranda nazik palazın qiyməti ucuz və həcmi azdır. O, "baş üstə" – deyib getdi, palazları gətirib üç otağa döşədi, çoxu da artıq qaldı. Üç otağa döşədiklərimiz doqquz parçadan çox deyildi, halbuki 14-15 parçası qalırdı. Tələbələrimdən Şəhid Kamyaba1 dedim ki, Hacı Səffarianın maşınına otur və bu palazları tələbələrimiz arasında böl; ehtiyaclarına uyğun olaraq, hər tələbəyə bir-ikisini ver. O, belə də etdi. Həmin palazlar bəlkə bəzi qardaşların evlərində hələ də qalır.

Yoldaşım bunu biləndə dedi: "Nə üçün mənim otağımdakı iki xalçanı saxlayıbsan?" Dedim ki, onlar sənin cehiz gətirdiyin xalçaların əvəzinədir. Dedi ki, yox, onları da sat. Hacı Səffariana xəbər yolladım, gəlib onları da apardı. Sonra yoldaşımın qonaq otağını iki kovrolitlə döşədik. Biz o zaman kovroliti nazik palazdan yaxşı bilirdik. Axırda yoldaşım iki kovroliti də satdı. Bu günə qədər evimizin döşənəcəyi yalnız həmin doqquz palazdan ibarətdir. Yalnız bir istisna var. Maraqlı olduğu üçün həmin istisna barədə danışacağam.

Xalçaları satandan sonra yoldaşımın dayı və qardaşları gəlib nə etdiyimizi gördülər, təəccüblənib məni danladılar. Onlar dedilər ki, xalça uzunömürlüdür, nazik palaz isə çürüyüb yeyiləcək. Bu iş nəinki zahidlik deyil, hətta bir növ israfçılıqdır. Onlara dedim: "Əvvəla, düşünmürəm ki, qənaət yalnız xalça almamaqda və nazik palaz almaqla bitir. Bəziləri məni özlərinə örnək saydıqlarına görə bu işi gördüm. Buna görə nazik palaz və ya kovrolit üstündə yaşamağı üstün tuturam".

Onların biri dedi: "Elə xalçalar var ki, nazik palazdan da ucuzdur. Nə üçün onlardan almadız?" Dedim ki, belə xalça da var? Dedi ki, bəli, ona keçəl xalça deyirlər. Elə xalçalar var ki, üzünün yunu gedib, yalnız bərk hissəsi qalıb. Əgər qənaət niyyətiniz varsa, belə xalçalar alın". Gedib iki keçəl xalça aldım. Onlar da indiyə qədər qalır. Dediyim istisna bunlardır. Bu iki xalça mənim ofisimdədir. İndi yaşadığım evin iki mərtəbəsi var: Bir mərtəbəsi ailə üçündür, ikinci mərtəbəsində isə bir iş otağım var, bir istirahət otağı, bir də böyük kitabxana otağı. Həmin iki keçəl xalça kitabxanaya sərilib.

Mən prezident olanda İslami Şura Məclisinin arxasındakı kiçik evdə yaşayırdım, həmin iki xalçanı da evə sərmişdik. Dostların biri gəlib onları görmüş, uşaqlardan soruşmuşdu ki, xalçanı nə üçün tərsinə sərmisiz? Uşaqlar gülüb demişdilər ki, bu, xalçanın arxası deyil, üzüdür.

Qeyd etdiyim kimi, evimizə aid çoxlu məsələlər var, amma demək istəmirəm. Təkrar edirəm ki, bunlar Allah-Taalanın bizə lütfüdür və mömin bir xanımın sayəsində mümkün olmuşdur. Onun dəbdəbəyə baxış tərzi böyük bir ruhdan irəli gəlir. Allah-Taala bu qadına belə bir ruh bəxş etmişdir. Əlbəttə, bu lütf həm də bizə şamil olur. Üzləşdiyim bütün ağır şəraitlərdə - həbs, işgəncə, sürgün və terror hadisələrində yoldaşımın üzündə sarsıntı və məyusluq əlaməti görməmişəm, möhkəm iradəsi bu yolda mənə ilham vermişdir.

Mərhum anam çox dözümlü, ayıq və möhkəm olsa da, bu həddə deyildi. Anam cəsur qadın idi, məni mübarizəyə həvəsləndirirdi. Mən ilk dəfə zindandan azad olunanda belə demişdi: "Oğlum, səninlə fəxr edirəm və bu yolda Allahdan sənə uğur diləyirəm". Lakin həbslər təkrarlandıqca ürəyi yanırdı, gəncliyimi həbsxanalarda keçirdiyimə görə gileylənirdi. Yoldaşımda isə heç vaxt dözümsüzlük görməmişəm.


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin