Mirvariyə çevrilən ürək qanı



Yüklə 1,52 Mb.
səhifə74/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   70   71   72   73   74   75   76   77   ...   239

Ziddiyyətli münasibət


Mən həbs olunandan iki həftə sonra nəzarətçilərin biri həbsxanada qışqırmağa başladı: “Muştuluq! Muştuluq! Əbdülnasir öldü!" Bu xəbər mənə olduqca pis təsir etdi.

Burada iranlı və mübariz islamçıların üzləşdiyim maraqlı bir məqama toxunmaq istəyirəm. Biz həm Seyid Qütbü, onun inqilabi düşüncələrini çox sevirdik, həm də onun qatili olan Camal Əbdülnasiri dəstəkləyirdik. Mən Seyid Qütbün edam olunduğunu eşidəndə də ağlamışam, Əbdülnasirin ölümünü eşidəndə də!

Bizim Seyid Qütbü sevməyimizin səbəbi aydındır. Bu insan gözəl qələmi, əzab-əziyyətləri və uca Quran düşüncəsi sayəsində İslamı uğurlu perspektivlərə malik dinamik və inqilabi siması ilə elə təqdim edirdi ki, müsəlman öz dini ilə qürur duyur, öz səviyyəsini insanların məşğul olduqları dəyərsiz işlərdən uca bilirdi. O, öz təfsirində dinamik islami dillə elə danışır ki, oxucu hansı məzhəbdən olsa, onda öz məzhəb inancları ilə ziddiyyət görmür. Əlbəttə, bəzi sözlər Əmirəlmöminin İmam Əlini (ə) məsum bilənlərin görüşlərinə ziddir. Məsələn, şərabın haram edilməsi ayəsinin nazilolma səbəbini qeyd edərkən uydurma bir hədisə istinad etmişdir. Əlbəttə, mən onu üzrlü sayırdım, çünki o, imamı, xüsusən şərab hökmü gəlməzdən öncə məsum bilmirdi. Hər halda, bu uydurma hədisi yazmağı onun İmam Əlinin (ə) şəxsiyyətinə dair məlumatlarının qüsursuz olmadığını göstərir.

Bizim Əbdülnasiri sevməyimiz isə onun inancları ilə deyil, psixoloji məziyyətləri ilə əlaqədardır. Biz İranda dini və ruhaniləri təhqir edən genişmiqyaslı və qorxunc bir imperialist siyasətlə üzləşirdik. Bu siyasət dünyanın zalım dövlətlərini gözlərində böyütmüş ziyalı və gənclərdə ruh düşkünlüyü yaradırdı. Belə bir məyus şəraitdə Qərbin və Amerikanın hegemonluğuna qarşı mübarizəyə qalxan, onların qarşısında qorxmadan sözünü deyən hər kəsi cani-dildən qəbul edirdik. Əbdülnasir belə insanlardan idi. Biz onun dünyanın tağutlarına baş əymədiyini görəndə qürur hissi keçirir, "Sout əl-ərəb"1 (Ərəbin səsi) radiosundan çıxışlarını həvəslə dinləyirdik. İslam dünyasını, hətta bütün üçüncü dünyanı əsarət altına almış mənfur müstəmləkə caynağından qurtulmaq üçün atılan hər bir addımı dəstəkləyirdik. Bu səbəbdən, Asiyada, Afrikada və Latın Amerikasında başlayan bütün inqilabları müdafiə edir, onlarla həmrəy olduğumuzu bildirirdik.

Yadımdadır, Liviya inqilabının2 qələbəsini eşidən kimi tez minbərdən bu inqilabı dəstəklədim, Liviyanın İdris adlı şəxsin hakimiyyətindən azad olunduğuna görə onu İblis adlandırıb inqilabçıları təbrik etdim. Sonra Haşimi Rəfsəncanidən eşitdim ki, o da öz məclislərində Liviya inqilabını dəstəkləyibmiş.

Zalımların tapdadıqları ləyaqətin, fironların ayaq altına atdıqları qürurun qaytarılmasına böyük rəğbətimiz bizi belə mövqelərə vadar edirdi.

Bütün bunlardan əlavə, Əbdülnasirin adı bizim düşüncəmizdə müsəlman ərəb qardaşlarımızın bölgənin sionist və mürtəce dövlətlərinə qarşı müqavimətlərilə eyniləşmişdi. Hərçənd, onun islamçılarla mübarizəyə səbəb olan siyasətlərindən əzab çəkirdik.

İranda şah rejiminin təbliğat maşını Əbdülnasir əleyhinə mənfi fikir yaratmaq üçün səfərbər olunmuşdu. Əbdülnasirin vəfatını eşidəndə məni daha çox incidən amil həmin hərbçinin bu xəbəri vermə tərzi oldu. O, bu xəbərə görə sevinirdi, amma nə üçün sevindiyini, Əbdülnasirin kim olduğunu bilmirdi, ancaq və ancaq hakimiyyətin əks-təbliğatından təsirlənmişdi.

Kiçik bir radiom vardı. Onu mülayim nəzarətçilərin növbəsində mənə ötürmüşdülər. Həbsxanada radiodan istifadə qadağan olunduğuna görə onu tələbkar nəzarətçilərdən gizlədirdim. Əbdülnasirin ölümünü eşidəndən sonra işim "Sout əl-ərəb" radiosuna qulaq asmaqdan ibarət oldu. O günlərdə ən böyük təsəllim həmin radiodan yayımlanan Quran qiraətləri idi. Onların hamısını indi də xatırlayıram. Yadımdadır, böyük Misir qiraətçiləri olan Əbdülbasit, Mustafa İsmayıl və Mahmud Əli əl-Bənna bu ayəni oxuyurdular: "Neçə-neçə peyğəmbər bir yığın allahpərəstlə birlikdə (düşmənə qarşı) vuruşmuşlar; Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də (kafirlərə) boyun əymişlər. Allah dözümlü olanları sevər!" Onların biri bu ayəni oxuyur və "bir yığın allahpərəstlə birlikdə vuruşmuşlar" hissəsini yenidən təkrarlayırdı. Mən qiraətlərini dinlədiyim qiraətçilərin adlarını Quranın arxasına yazırdım.

Axşamdan Qurana qulaq asmağa başlayırdım, "Sout əl-ərəb" radiosunun qiraətləri bitəndən sonra digər kanalları dinləyirdim.



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin