Mirvariyə çevrilən ürək qanı



Yüklə 1,52 Mb.
səhifə77/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   73   74   75   76   77   78   79   80   ...   239

Hərbi tribunalda müdafiə


İşimi hərbi tribunala göndərdilər. Hərbi tribunal qarnizonun ortasında yerləşirdi. Bu həbsxanada olduğum müddətdə ora ilə əlaqəm kəsilmədi; ya tribunal məni suallara cavab verməyə çağırırdı, ya da mən bəzi məsələlərə etiraz olaraq tribunala məktub yazırdım və nəticədə etirazlarıma cavab verməyə çağırırdılar.

Etiraz etmişdim ki, qanunun icazə verdiyi halda nə üçün məni zaminə buraxmırlar. Ailəmlə, dostlarımla görüşə icazə vermədiklərinə, habelə istintaq mərhələsinin bitdiyinə baxmayaraq, hələ də təkadamlıq kamerada saxlandığıma görə də etiraz etmişdim. Bilirdim ki, tribunal bunların heç birini təmin etməyə qadir deyil, ancaq yenə də qanunsuz əməllərə etirazımı bildirmək istəyirdim. Yadımdadır, bir dəfə hakim mənim tələblərimə cavab olaraq dedi: "Gərək SAVAK-a müraciət edəsiz!" Bu sözü bilmədən ağzından qaçırdı, mən də onun əleyhinə istifadə etdim. Onun bu sözünə təəccüblənib dedim: "Bir məhkəmə SAVAK-ın təsiri altında ola bilərmi?!" O, tez sözünü dəyişib Məşhəd SAVAK-ının rəisini tərifləməyə başladı. Məhkəmə vaxtı təyin olundu. Mən özümü müdafiə etməyə hazırlaşmaq üçün istintaq işini istədim. Məhkəmə mənə hərbçi bir vəkil təyin etmişdi, amma bilirdim ki, onun müdafiəsi formal bir şeydir, təsiri olmayacaq. Özüm otuz səhifəlik müdafiə yazdım.

Təyin edilən gün məhkəməyə çıxdım. Məhkəmənin sədri, iki hakim, prokuror və vəkil başda oturmuşdular. Hamısı hərbçi idi, çiyinlərində poqon, sinələrində orden parlayırdı. Çox lovğa halda oturmuşdular. Mən müdafiə çıxışını güclü və qətiyyətli səslə oxudum. Keçən həbsxanada olduğu kimi, bu dəfə də qanuna dəqiq istinadla və məntiqli şəkildə tərtib etmişdim.

Bir hövzə tələbəsindən belə çıxış gözləmirdilər. Onlar ruhaniləri heç nə anlamayan geriqalmış insanlar sayırdılar. Üzlərində və bir-birlərinə baxışlarında alqış əlamətləri görürdüm. Fasilə zamanı çıxışda seçdiyim sözlərə və ifadə tərzimə görə məni təriflədilər.

İclas bitəndən sonra bayırda gözləməyimi istədilər. Bayıra çıxıb səbirsizliklə məhkəmənin hökmünü gözləməyə başladım. Həmin gün məhbusların görüş gününə təsadüf edirdi. Yoldaşım və qohumlarım da görüşə gəlib qapının önündə gözləyirdilər. Tribunal qarnizonun ortasında yerləşdiyinə görə giriş qapısından uzaqda idi. Onlar günortaya qədər gözləmişdilər, sonra bəzisi getmiş, bəzisi qalmışdı. Hökm verilmişdi, amma xüsusi vərəqlərə yazılmalı, məhkəmə iclasında oxunmalı idi. Mən bunu gözləyirdim.

İş vaxtı bitdi. Tribunalın işçilərindən biri bayıra çıxanda qapının önündə bir ailənin gözlədiyini görmüş, mənim qohumlarım olduğunu bilmişdi. Onlara mənim azadlıq hökmümün çıxdığını bildirmişdi. Beləliklə, onlar bu hökmü məndən qabaq öyrənmişdilər. Çox gözləyəndən sonra keşikçilərin biri demişdi ki, siz gedin, o da azad olunub gələcək. Bundan sonra evə qayıtmışdılar.

Günortadan iki saat sonra məni çağırıb həbsxanada saxlandığım müddətdən az olan həbs hökmümü elan etdilər. Qərara gəldilər ki, məni azadlığa buraxıb adətən, bir aydan sonra keçirilən apelyasiya məhkəməsinin hökmünü gözləsinlər.

Məhkəmə sədri nəzarətçi əsgərlərə əmr etdi ki, yanlarındakı adamın məhkum olmadığını bildirmək üçün silahlarını çiyinlərinə qoysunlar və lazımi idari işləri görmək üçün həbsxanadan çıxmağıma yardım etsinlər.

Kameraya qayıtdım. Öncədən qeyd etdiyim kimi, kamera həbsxananın giriş qapısının yanında idi. Axşam düşəndən bir saat sonra əşyalarımı toplayıb dustaqlarla sağollaşdım.

Qış fəsli idi və şaxtalı hava başlamışdı. Gecə isə daha soyuq olurdu. Qarnizonun qapısının önündə bəzi gənc qohumlar bir avtomobillə məni gözləyirdilər. Əşyalarımı maşına qoydular, özüm də minmək istəyəndə bir zabit yaxınlaşıb dedi ki, siz mənimlə gəlməlisiz. Məni bir neçə hərbçinin oturduğu olduğu bir avtomobilə mindirdi. Getdiyi yoldan bildim ki, SAVAK-ın yerli şöbəsinə gedir.

Fikirləşməyə başladım: Qarnizondan azadlığım formal imiş? Məni SAVAK-a, oradan da Tehrana aparmaq istəyirlər? Avtomobil qaranlıq və soyuqda mənim naməlum taleyimə doğru getdiyi zaman beynimdə bu suallar dolaşırdı.

SAVAK-ın binası önündə maşından endik. Üçüncü və dördüncü həbsim zamanı tanış olduğum müstəntiq Qəzənfəri qarşıma çıxdı, qürur və tənə ilə dedi: “Nə üçün gəldin?”

- Gəlmədim, gətirdilər.

- Biz sənin azadlıq qərarını çıxarmışıq, get!

Bu rəftarın səbəbini bilmədən qaranlıq və soyuq xiyabana doğru addımladım. Əşyalarım əlimdə olsaydı, gecənin o saatında soyuqda çox əziyyət çəkərdim.

Birdən yanımda bir avtomobil dayandı. Qarnizonun önündə məni gözləyən gənclərin maşını idi. Bildim ki, qarnizondan SAVAK-a qədər bizi izləyiblər.

Evə çatdım. Yoldaşım gözünü qapıya dikib oturmuş, uşaqlar da yorulub yatmışdılar.


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin