Kiçik kamerada Quran
Mən hicri təqvimilə şəban ayının əvvəllərində həbs olunmuşdum. Günlər ötdü və ramazan ayı yaxınlaşdı. Baş müstəntiqin dəhlizdə gəzişdiyini eşitdim. Addım səsləri yaxınlaşanda onu çağırdım. Qapını açıb halımı soruşdu. O məni Şiyx çağırırdı, əclaflığından şeyx də demirdi. Halbuki mənim kimiləri seyid çağırırlar.
Ona dedim: “Ramazan ayı yaxınlaşır, mən bu kamerada bu ayın ayinlərini icra edə, namaz, oruc və dua ilə məşğul ola bilməyəcəyəm. Bu ayda məni azadlığa buraxın".
Mənə dedi: "Nə yaxşı! Ramazan ayı gəlir?! Bura oruc tutmaq üçün ən əlverişli yerdir”. Kameranı göstərib dedi ki, bu, məscid; hamamları da göstərib: “Bu da hamam, - dedi, - burada namazını da qıl, orucunu da tut!"
Məni azad etməyəcəyini bilirdim, amma ondan böyük şey istədim ki, sonda kiçiyini ala bilim.
Tez ona dedim: "Çox gözəl! Onda icazə verin, mənə bir Quran versinlər". Dedi ki, eybi yoxdur.
İcazə verdi və evdən mənə bir Quran gətirdilər.
Zülmət qaranlıqda Quran oxumaq mümkün deyil. Nəzarətçiyə dedim ki, Quran oxumaq istəyirəm, qapını açın.
Gedib icazə aldı. Qapının 10 sm-ə qədər açıq qalmasına icazə verdilər. Quran oxumaq üçün bu qədər kifayət edirdi. Həmin ayda çoxlu Quran oxudum və əzbərlədim. Əlbəttə, işgəncə ilə yanaşı Quran oxuyub oruc tutduğuma görə gözüm daha da zəiflədi.
Dostları ilə paylaş: |