Paxıl ruhani
Bu həbsxanaya aid xatirələrimdən biri də saqqalımın qırxılmasıdır. Saqqal saxlamaq dində bəyənilmiş əməl olmasından əlavə, həm də ruhani geyiminin ayrılmaz bir hissəsi sayılır. Birinci həbsimdə saqqalımın qırxılması mənə faciə kimi gəlmişdi. Sonrakı həbslərdə isə saqqalımı qırxmadılar. Məşhəd həbsxanalarında da belə qayda yox idi. Bu həbsxanada din alimlərindən birinin saqqalının qırxıldığını görüb mənim də eyni taleyi yaşayacağımı anladım.
Həftənin bir günü saç-saqqal qırxılmağa ayrılmışdı. Həmin gün bütün dustaqların bir otağa gedib-gəldiklərini eşidirdim. Bir qədər sonra növbə mənə çatdı. Düşünürdüm ki, nə edim; təslim olum, yoxsa müqavimət göstərim? Dua edib Allahdan yardım istədim.
Növbəm çatanda kameramın qapısı açıldı. Həbsxana rəisi məni görən kimi dedi ki, yox, sən qal. Və qapı bağlandı. Bunu heç gözləmirdim. Allaha şükür etdim. Bu hərəkət hər həftə təkrar olundu. Mən bundan azad olunan yeganə məhbus idim.
Burada ibrətli bir hadisə danışım. Bu hadisə göstərir ki, yalnız həbsə düşmək insanın şəxsiyyətini inkişaf etdirmir. Həyatın digər təcrübələri kimi, həbs də bəzilərinin təcrübəsini artırır, iradəsini möhkəmləndirir, şəxsiyyətlərini inkişaf etdirir, bəzilərinə heç bir müsbət və mənfi təsir buraxmır, bəzilərinin isə şəxsiyyətini məhv edir. Bu, məhbusun fikir və iradəsinin və həyat məqsədinin yüksəkliyinə bağlıdır.
Kameraların birində yaşca məndən böyük olan bir ruhani dost vardı. O, paxıllıq xəstəliyindən çox əziyyət çəkirdi. Allah bizi və sizi bu xəstəlikdən qorusun! Onun saqqalının qırxılma vaxtı gəldi. Məni bundan azad etdiklərini bilirdi. Bir gün saqqalını qırxmaq üçün kamerasının qapısını açanda etiraz etməyə başladı: "Mən saqqalımı qırxmanıza imkan verməyəcəm. Nə üçün 14 saylı kameradakı dustağın saqqalını qırxmırsız?" Saqqalını qırxmalarına dayanmadan etiraz edir və dəlil olaraq da mənim bundan azad edilməyimi göstərirdi. Çox narahat oldum və məni təhlükəyə salan belə rəftarına görə təəccübləndim. O, etirazında haqlı idi, buna çoxlu dəlil söyləyə bilərdi, amma məni hədəf göstərməyə məcbur deyildi. Axırda nəzarətçiyə belə dedi: "Get, rəhbərliyə de ki, 14 saylı kameranın dustağı saqqalını qırxmağa getmir, mən də getməyəcəyəm!"
Narahat olub saqqalımı qoruması üçün Allaha dua etdim. Az sonra bir zabit gəlib o şeyxin kamerasının qapısını açdı, onu söyüş və təhqirlə saqqalını qırxmağa apardı. Digər dustaqları da bir-bir apardılar. Düşünürdüm ki, şeyxin o rəftarından sonra məni də apararlar. Lakin bu dəfə də mənim kamerama çatanda qapını açmayıb digərinə keçdilər. Rahat nəfəs alıb Allah-Taalaya şükür etdim.
Dostları ilə paylaş: |