Tələbələrimə işgəncə verdilər
Həmin həbsxananın acı xatirələrindən biri də bəzi tələbələrimin işgəncəyə məruz qalmasıdır. Orada əksəri tələbələrim olan ondan artıq əmmaməli ruhani vardı. Universitetdə təhsil alan bəzi tələbələrim də orada idilər. Orada bəzi xüsusi tələbələrimin işgəncələrinə şahid oldum. Bizim onlarla gizli dərslərimiz olurdu.
Onların biri Seyid Abbas Musəvi Quçani1 idi. O, sonradan müharibədə şəhadətə qovuşdu. Həmin həbsxanada mənim kameramın yanındakı 15 saylı kamerada saxlanırdı. 13 saylı qonşu kamerada da başqa bir ruhani tələbəm saxlanırdı. Onlar bəyanat və gizli vərəqələr yayarkən ələ keçmişdilər. Əlbəttə, mənim həbsim başqa motivlə bağlı idi, onlarla əlaqəsi yox idi.
13 Saylı kameradakı ruhani işgəncə altında etiraf etdi ki, bəyanatları Musəvidən almışdır. Elə qəddar işgəncə altında etiraf etmək təbii idi və buna görə kimisə qınamaq olmaz. Lakin Musəvi etiraf edə bilməzdi. Çünki onun etirafı böyük bir faciə törədər, hərəkatın yüksək səviyyəli şəxslərini təhlükəyə salardı. Məsələ olduqca həssas və təhlükəli idi, dözməkdən başqa yol yox idi.
Həmin ruhaninin ayaqlarının altına o qədər vurmuşdular ki, çökək yaranmışdı. Onun yeri bəlkə bu günə qədər qalır. Musəvini daha çox vurdular, işgəncə verdilər. O, işgəncədən qayıdanda elə zarıyırdı ki, adamın ürəyi kabab olurdu. Ona misilsiz bir vəhşiliklə işgəncə verirdilər. Bir gün onu aparıb işgəncə verdilər və qaytardılar. Bir saatdan sonra yenidən aparıb işgəncə verdilər. Axşam yatmaq vaxtı çatanda isə yenidən işgəncəyə apardılar. Bu iş gecənin yarısı bir də təkrar olundu. Mən onun qışqırtısını gecə-gündüz eşidirdim, hər səsi qəlbimə od vururdu. Ona verilən işgəncələrin hər biri misli görünməmiş mənfur cəlladlıq nümunəsi idi.
Bu həbsxanada Musəviyə yalnız mənim oxuduğum Quran ayələri təsəlli verirdi. O, işgəncə otağından qayıdanda səsimi eşidirdi. Mən qəsdən elə ayələr seçirdim ki, yaralarına məlhəm olsun, qəlbini sakitləşdirsin, iradəsini möhkəmlətsin. Bəzən də Quran oxuduğum intonasiya ilə onunla ərəbcə danışır, ona dözümlü olmasını tövsiyə edirdim.
Həbsxana rəhbərliyi Musəvini həmin ruhanidən uzaqlaşdırmaq qərarına gəldi. Onu uzaqda yerləşən bir kameraya apardılar, orada qəribcəsinə qaldı və heç kim ona təskinlik verə bilmədi. O, mənə yaxınlaşmaq və səsimi eşitməkdən ötrü müxtəlif yollara əl atırdı.
İşgəncə zamanı ayağı yaralanmışdı, yeriyə bilmirdi, tualetə gedəndə yanı üstə sürünürdü. İki tualet vardı: biri onun kamerasının yaxınlığında idi, biri də mən qalan tərəfdə. O, mənə yaxınlaşmaqdan ötrü nəzarətçiyə deyirdi: "Görürsən ki, ayağım yaralıdır, bu tualetə gedə bilmirəm, o birinə getməliyəm".
Nəzarətçilər adətən, sadəlövh əsgərlər olurdular, xüsusən yaralı dustaqlara ürəkləri yanırdı. Bir dəfə onların birinin Musəvini kürəyində tualetə apardığını da görmüşəm.
Nəzarətçi ona bizim kameranın yaxınlığındakı tualetə getməyə icazə verdi. Tualetdən çıxandan sonra ona təyəmmüm etmək istədiyini, yaralarına görə dəstəmaz ala bilmədiyini söyləmiş, sonra belə demişdi: "Tualetin yanındakı torpaq murdardır, buna görə gərək o tərəfdə (mənim kameramın qarşısında) təyəmmüm edim".
Nəzarətçi buna da icazə verəndən sonra yaxınlaşıb təyəmmüm almağa və eyni zamanda ərəbcə dua oxuyurmuş kimi mənimlə danışmağa başladı. O, ərəbcə həm də bunları söylədi: "Ağa... Əssəlamu ələykə və rəhmətullahi və bərəkatuh... Necə əzab çəkdiyimi bilmirsiz... Əgər bu vəziyyətdə ölsəm, şəhid sayılıram?"
Təyəmmümü bitirəndən sonra tərpənə bilmirmiş kimi ayağını uzatdı. Nəzarətçi ona dedi: "Cəld ol! Cəld ol!" Cavab verdi ki, bacarmıram, qoy bir az istirahət edim. Nəzarətçi də çarəsiz qalıb icazə verdi.
Sözləri bitəndən sonra mən də ona ərəbcə və dua ahəngi ilə cavab verməyə başladım: "Dözümlü ol, ey böyük seyid! O qədər səbir et ki, bu cinayətkarlar ümidlərini üzsünlər... Heç bir söz demə, Allah səni mütləq xilas edəcək..."
Onunla bir qədər danışdım, ruhlandı və kamerasına döndü. O, bu üsulla bir neçə dəfə mənimlə söhbətləşdi.
O seyid həmin həbsxanada işgəncə olunan tələbələrimin yalnız biri idi. Onun kimilər çox idi.
Dostları ilə paylaş: |