Kaş gənclərin dəvətini qəbul edəydim
Cümə günü sübhə yaxın Məşhədə çatdım. Yoldaşım səhər tezdən anasıgilə Mustafanı gətirməyə getdi. Mən də günorta getdim, nahar yeməyinə onlara qonaq olduq, sonra evə qayıdıb axşamkı söhbətə hazırlaşmağa başladım.
Mən camaat namazının hər rəkətində Həmddən sonra Quranın 30-cu cüzünün qısa surələrindən birini oxuyurdum. Əhli-beyt (ə) fiqhinə əsasən, namazqılan Həmddən sonra tam bir surə oxumalıdır. Adətən, Tövhid, Qədr və bu kimi qısa surələrdən oxuyurlar. Lakin mən inqilabi məzmunlu, daxili aləmə aid və İslam şəxsiyyəti formalaşdırmaq barədə surələr seçirdim. Həmin gün axşamüstü namazda oxumaq üçün Mütəffifin surəsini təkrarlayırdım ki, birdən qapı döyüldü. Qapını açanda tez-tez evimizə basqın edən çox tanış üzlərlə rastlaşdım. İcazəsiz evə girib birbaş kitabxanama doğru getdilər, əleyhimə əsas sayıla biləcək hər şeyi götürməyə başladılar.
Şam azanı verildi. Adətən, azandan bir qədər əvvəl məscidə gedib möminlərlə salamlaşır, hal-əhval tuturdum. SAVAK əməkdaşlarına dedim: "Azan vaxtıdır, məscidə gedib namaz qılmalıyam. Namaza gec çatsam, sizə pis olar".
Soyuqqanlılıqla dedilər: "Seyid, bizdən ötrü narahat olma!" Bu zaman məscidə gecikdiyimi görən qayınım evə gəldi. Ona dedim ki, bu gün məscidə gələ bilməyəcəyəm. O da hər şeyi başa düşdü.
Məni bir maşına mindirdilər. Yadımda deyil ki, gözlərimi bağladılar, yoxsa yox. Onlar məni zülmət kameraları olan əvvəlki həbsxanaya apardılar. Adət üzrə, əmmaməmi və paltarlarımı almadan bir kameraya saldılar.
Kamerada oturub keçən günləri və Məşhədə vaxtında qayıtmaq üçün israr etməyimi xatırladım. Öz-özümə düşündüm: Kaş mazandaranlı gənclərin dəvətini qəbul edib orada bir neçə gün qalaydım!
Dostları ilə paylaş: |