Birinci xüsusiyyət zahidlikdir. Biz bu hədisləri minbər və çıxışlarda dəfələrlə xalqa oxuyur və təkrarlayırıq. Bəzi əzizlər buyurdular ki, əgər bu sözlər bizim ürəyimizdən gəlməsə, əməlimizdə təcəssüm olunmasa, təsir bağışlamayacaq. Zahidliyin mənası dünyanı birdəfəlik kənara qoymaq deyil. Bu nə din böyüklərinin rəftarında görünüb, nə də zahidliyin leksik mənasında. Zahidlik meyl salmamaq, həris olmamaq, dünyadan və maddi gözəlliklərdən yapışmamaqdır. Dünyadan yapışmayaq. Həyatda bir insanın ən yaxşı nailiyyəti də budur; özünü dünyaya yapışdırmasın, dünyaya bağlamasın və bu bərbəzəklərdən asmasın. Bu zaman insan özü də rahat olar.
Əgər bu bazarda qazanc varsa, şad dərvişə məxsusdur,
İlahi, mənə dərvişlik və şadlıq neməti bəxş et! Əziz İslam Peyğəmbərindən (s) nəql olunmuşdur ki, Allahdan istəmişəm bir gün ac qalım, bir gün tox; ac olan gün Allahdan istəyim, tox olan gün isə Allaha şükür edim. Zahidlik məsələsində məzəmmət olunan dünya yalnız pul və həyatın maddi bərbəzəyi deyil, məqam, vəzifə, rütbə, hörmət, sevilmək və bu kimi məsələlər də ondandır. Dünya üçün işləmək, dünya üçün dərs oxumaq, dünya üçün çalışmaq - bunların hamısı zahidlikdə kənara qoyulması və rəğbət göstərilməməsi təkidlə istənilən məsələlərdir.