Mənim əzizlərim! Şəhadət məsələsi çox dərin və çox mühüm məsələdir. Bizim xalqımız imanı, dini duyğuları və şücaəti ilə bu məsələni əməldə həyata keçirdi, şəhid verdi; hətta şəhidləri üçün ağlamayan ata-analar da vardı; şəhidlərinin yas məclisində bayram paltarı geyinən ailələr də vardı. Buna əsasən, əməli baxımdan xalqa aydın oldu. Lakin şəhadət barədə düşünmək üçün çoxlu mövzular vardır.
Əgər şəhadət məsələsini və onun əhəmiyyətini bir cümlədə bəyan etmək istəsək, deməliyik ki, bir xalqın şəhidlərin əzəmətinə inamı o xalqın şəxsiyyət və kimliyinin mənəvi böyüklüyünü göstərir. Bir xalq dünya xalqlarının gözündə necə əzəmətli olur? Necə olur ki, bir xalq dünyanın müxtəlif siyasi amillərindən təsirlənmək əvəzinə dünyanın bütün hadisələrinə təsir göstərir? Bir xalq belə məqama necə ucalır? Necə olur ki, bir xalq modern hərbi texnikalara və geniş təbliğat imkanlarına malik olmadan dünyaya və xalqlara belə təsir göstərir və xalqlar ona cəlb olunur? Siz Livan xalqının İran prezidentini qarşılamasına baxın. Bunlar kiçik məsələlər deyil. Bunlar araşdırmaya və təhlilə layiq məsələlərdir. Necə olur ki, bir xalqın prezidenti başqa bir ölkədə, onunla heç bir qohumluğu olmayan başqa bir xalq tərəfindən belə hörmətlə qarşılanır? Bu xalqın əzəməti haradan əldə olundu? Bütün bu suallara cavab tapmaq üçün şəhadət məsələsinin əhəmiyyətinə diqqət yetirmək lazımdır.