Qərb dünyası iki-üç əsr bundan öncədən üstün elmə və üstün texnologiyaya nail oldu, sərvətin yolunu tapdı; müxtəlif ictimai məktəblər, fəlsəfi-ictimai təfəkkürlər meydana çıxdı: humanizm təfəkkürünə əsaslanan liberalizm, demokratiya düşüncəsi və sair. Bunların, yaxud bu düşüncələrlə məşğul olan şəxslərin məqsədi bəşəri rahatlığa, aramlığa və rifaha qovuşdurmaq idi, baş verənlər isə bunun əksinə oldu. Bəşər humanizm təfəkkürü sayəsində və humanist quruluşlarda nəinki insaniyyətə və rifaha nail olmadı, hətta ən çox müharibələr, ən çox qırığınlar, rəhmsizliklər və insanın insana qarşı ən çirkin rəftarları bu dövrdə baş verdi.
Bu sahədə daha öndə olanlar daha pis oldular. Dünən qəzetdə bir material oxudum; Amerika mənbələrinə istinadla yazılmışdı ki, ABŞ əlli il ərzində dünyada səksən hərbi çevriliş etmişdir. Sərvətin, texnologiyanın, silah-sursatın və daha nələrin zirvəsinə çatan şəxslərin vəhşilikləri budur; insan öldürmək bunlar üçün adi işdir, öz sözləri ilə desək, soyuqqanlıdırlar. Qərb ədəbiyyatında yazırlar ki, filankəs soyuqqanlılıqla adam öldürdü. Bu, sonsuz rəhmsizliyin əlamətidir. Yalnız onların işğalı altında olan və hərbi yolla zəbt etdikləri Əfqanıstanda, İraqda və digər regionlarda yox, öz ölkələri daxilində də belədirlər. Onların real həyatlarını təsvir edən ədəbiyyatlarına baxın; incəsənət və ədəbiyyatları həyatlarında nə baş verdiyini göstərir. Onlar üçün adam öldürmək çox asan işdir. Digər tərəfdən, cəmiyyətlərində, gənclər arasında depressiya, həyata ümidsizlik və ictimai qaydalar əleyhinə üsyan halları var. Orada gənclərin geyim formaları və bəzənmə tərzləri əksərən onlara hakim olan vəziyyətdən təngə gəldiklərinə görədir. Bu, qərblilərin yaratdığı məktəb və quruluşların təcrübəsidir. Bütün bunların səbəbi dindən, mənəviyyatdan və Allahdan uzaqlaşmalarıdır.
Dostları ilə paylaş: |