Və əgər bu istəklər həyata keçsə də, ruhsuz olacaq. Biz müasir bəşərin qəlbini İslam qarşısında kiçiltmək istəyirik; öz qəlbimiz kiçilmədən bu mümkündürmü?! Deməli, kiçilmək və təzim etmək lazımdır. Allahın yardımı olmadan mümkün deyil; elm, yaxşı düşüncə, yaxşı zehin, parlaq istedad və güclü səy ilahi yardımla yanaşı olmasa, nəticə əldə olunmayacaq. Bundan ötrü isə Allaha təvəkkül etmək və işləri Ona tapşırmaq lazımdır.
İnqilabın sayəsində hövzə tələbələrinin hövzə məsələlərinə dair düşüncə və baxış səviyyəsinin yüksəlməsi
Deyilən mətləblərə və hövzə barədə irəli sürülən fikirlərə gəlincə isə, əvvəla qeyd etdiyim kimi, mən həqiqətən həzz aldım. Doğrudan da Allaha şükür edirəm. Necə yaxşı sözlər, necə yaxşı düşüncələr, necə biçimli mətləblər bəyan olundu. Bunlar çox dəyərlidir. Sizə deyim ki, biz bu hövzədə təhsil alanda bəlkə də bütün hövzədə müxtəlif sahələrdə mətləbləri belə qisimlərə bölən bir nəfər də tapılmazdı. Yaxşı alimlər vardı, yaxşı ziyalılar vardı; həm fəzilətli, həm aydın fikirli, həm də görkəmli şəxslər idilər. Amma o zaman hövzədə müxtəlif məsələlərə baxış və düşüncə səviyyəsi əsla bu həddə deyildi. Bunlar inqilabın səmərəsidir; imamın hövzələrdə vurub hamını oyatdığı zəngin səmərəsidir.