Düşmənlərin Qum barədə xüsusi proqramı
Qum üçün proqram hazırladılar. Mən dünən də burada keçirilən məclisdə dedim: düşmən cəbhənin qərarı bu idi ki, İslam əzəmətinin və inqilab bayrağının Qumda ucaldıldığı kimi, inqilabın antitezisini də Qumda yaratsınlar, buranı əksinqilabi mərkəzə çevirsinlər. Bunun üçün çalışdılar, proqram hazırladılar, müxtəlif üsullara əl atdılar. O cümlədən Qum xalqının düşüncə və hissləri üzərində işlədilər, onları yox etməyə, yaxud zəiflətməyə çalışdılar. Buna əsasən, bu illərdə çox işlər görülmüşdür.
Xalqın oyanışı və güclü imanı - Qumda düşmən planlarını təsirsiz edən amil
Xalqın bütün bu düşmən səylərinə cavabının belə fəal və əzəmətli olması - Qum xalqı bu bir neçə gündə qəhrəmanlıq yaratdı – bu xalqın oyaq olduğuna görədir; bu, imanın bu qəlblərə güclü təsirinin əlamətidir. Çünki düşmən heç nə əsirgəməmişdir. Quma diqqət çoxdur.
Şəhərin əsl problemlərini öyrənmək və xalqa xidmət göstərmək
Bu təbliğatı zərərsizləşdirmək lazımdır və bu, xalqa xidmətlə, yardımla, bu şəhərin və bu xalqın əsl problemlərini bilməklə mümkündür. Buna görə bu gün bu məclisdə siz möhtərəm məmurların hüzurunda mənim tövsiyəm budur ki, bacardığınız qədər bu xalqa xidmət göstərin və bu xalqın problemlərini həll etməyə çalışın.
Problemləri aradan qaldırmaqda prioritetlərə diqqət
Təbii ki, dövlət qurumlarının imkanları məhduddur. Odur ki, prioritetləri nəzərə almaq lazımdır. Həmişə belədir. Baxıb nəyin prioritet olmasını bilmək lazımdır. Mənim fikrimcə Qum şəhərinin icrada olan mühüm məsələləri diqqətlə sıralanmalıdır. Bu gün möhtərəm nazirlər kabinetinin burada qəbul etdiyi, həmçinin möhtərəm prezidentin bu şəhərə səfərlərində qəbul olunan qərarlar dəqiq və tam şəkildə icra olunmalıdır. Möhtərəm məmurlar çalışıb bu qərarların hamısını diqqətlə, səylə və sonacan yerinə yetirsinlər.
Su problemi
Allaha şükür olsun ki, bir neçə ildir Qum üçün çox əsaslı və həyati məsələ olan su probleminin həlli istiqamətində işlər başlanmış və nisbətən yaxşı nəticələr əldə edilmişdir. Lakin bu iradə və səy davam etdirilməlidir ki, inşallah şirin su Qum şəhərinə çatsın və xalqın ağzını şirinləşdirsin.
Məhrum bölgələr
Qumun məhrum bölgələri məsələsinə toxunuldu, həm cənab vali, həm də möhtərəm vitse-prezident çıxışlarında bunu qeyd etdilər. Bu çox mühüm məsələdir. Onlar bəzi bölgələrin adını çəkdilər, bəzilərinin adını isə çəkmədilər. Qumda çoxlu əhalisi, inqilabı çox sevən insanları olan məhrum bölgələr var. Bütün məhrumiyyətlərinə rəğmən, qeyd olunan stansiya bölgəsinin əhalisi inqilab və onun amallarına ən həvəskar və ən maraqlı insanlardandır. Biz bundan xəbərdarıq. Müqəddəs müdafiə dövründə də belə olub, ondan sonra da belə olmuşdur. Yaxud Qumun yoxsul və geri qalmış məhəllələrindən olan Şah İbrahim məhəlləsi və digər məhəllələrinin rifah, səhiyyə, təhsil və xidmət məsələləri üçün əsaslı işlər düşünmək lazımdır. Birdəfəyə bir hərəkət edilsin ki, sonra inşallah adi qaydasına düşsün.
Səhiyyə
Qumun problemlərindən biri səhiyyə məsələsidir. Burada olduğum bu bir neçə gündə mənə müxtəlif kanallarla şəhərin daha artıq səhiyyə imkanlarına ehtiyacı barədə fikirlər çatdı. Əlbəttə, bu sahədə bəzi qərarlar qəbul olunmuşdur və inşallah icra ediləcək, lakin daha ciddi yanaşmaq lazımdır. Eşitdim ki, ehtiyaclı sahələrdən biri tibb və səhiyyənin qadın bölmələridir. İnşallah bu məsələyə diqqət yetirilsin.
Əl işləri
Mən birinci gün etdiyim çıxışda da toxundum ki, Qum şəhərinin əl işləri məsələsi mühüm məsələdir. Biz Qumda olanda və ondan öncə bu şəhər çox gözəl və dəyərli xalçaçılıqla məşhur idi. Buna kömək olunmalıdır. Bu şəhərin bu imkanı çox mühüm bir imkandır. Hər yerdə eşitmişdik, Qumun qadın və kişiləri də bu xalçaçılıqla fəxr edirdilər; burada toxunurdu və "Nəxfirəng xalçası" adı ilə məşhur olmuşdu. Bilmirəm ki, indi də həmin adla tanınır, yoxsa yox. Xalçaçılıq və digər əl işləri məsələlərinə diqqət yetirilsin. Bu, xalqı öz məişəti daxilindən bəhrələndirə və vəziyyətini yaxşılaşdıra bilər.
Sənaye və əkinçilik
Sənaye məsələsinə toxundular; çox yaxşıdır. Buranın əkinçiliyi barədə eşitdim ki, Tehran və Vəramindən Müseylə tarlalarına su çəkilməsi nəzərdə tutulub. Bu, hökumətin layihələrindəndir və öncədən qərar qəbul etmişlər. Bu çox yaxşı və önəmli işdir; inşallah icra olunsun.
Məmurların Qumun bütün problemlərini həll etməyə çalışması
Allaha şükür olsun ki, indiki hökumətin dövründə böyük işlər görülmüşdür. Burada da qeyd olundu ki, doqquzuncu və onuncu hökumətlərdə əvvəllər görülənlərdən bir neçə dəfə artıq olan dəyərli işlər görülmüşdür, lakin eyni zamanda hələ də ehtiyaclar var. Bu ehtiyaclar azalmışdır, lakin onların tamamilə aradan qaldırılması üçün daha çox çalışmaq lazımdır və bu vəzifə sizin üzərinizə düşür.
Məmurların xidmət göstərməsində diqqətəlayiq məqamlar Məmurların xalqla münasib rəftarının əhəmiyyəti
Çox mühüm məsələlərdən biri idarələrin müxtəlif səviyyəli məmurlarının xalqla və müraciət edənlərlə rəftarı məsələsidir; gülər üz, gülər üz!
Düyün açmırsansa, düyün vurma özün,
Əlin açıq deyilsə, gülər olsun üzün!
Bəzən bir məmur ondan gözləniləni yerinə yetirə bilmir; idarənin büdcəsi azdır, imkanları azdır; eybi yoxdur. Əgər xalqla imkan daxilində, amma gülər üzlə, açıq qucaqla və səmimi şəkildə rəftar olunsa, razı qalarlar. Bəzən Tehranda bizim dəftərxanamıza müraciətlər olunur; kiminsə istəyi olur və biz onu həyata keçirə bilmirik. Deyirlər ki, bəli, istəyiniz bizə çatdı, amma bu işi görə bilmirik; ya qanun imkan vermir, ya da başqa problem var. Müraciət edən adam deyir ki, bu iş görülməsə də, mənim istəyimə diqqət yetirib onunla maraqlandığınız üçün sizdən razıyam. Xalq məmurların onların dərdini hiss etməsindən və qəmlərinə şərik olmasından razı qalır. Sözsüz ki, çalışıb imkan daxilində onların ehtiyaclarını təmin etsinlər. Lakin qeyd etdik ki, hökumətin imkanları məhduddur, biz bütün lazımi işlər üçün hökumətin əlinin açıq olduğunu güman edə bilmərik. Xeyr, müxtəlif cəhətlərdən çoxlu məhdudiyyətlər var, amma mümkün olan həddə həyata keçirək və bunu gülər üzlə edək, xalqla mehriban olaq. Bu, bizim və bütün məmurların öhdəsinə düşən mühüm işlərdəndir.
Dostları ilə paylaş: |