Müxtəlif sahələrdə - istər təhsil işində, istər xidmətlərdə, istər sənayedə, istər əkinçilikdə, istər mədəni sahələrdə, istər səhiyyədə, istər polis və təhlükəsizlik işlərində və sair işlərdə çalışan siz möhtərəm məmurlar bilin ki, etdiyiniz bu xidmətin mükafatı yalnız idarə tərəfindən verilən maaş deyil, əsl mükafat Allahın yanındadır. Allah-Taalanın verdiyi mükafat dünyada insana verilən mükafat və muzdlardan dəfələrlə üstün, dəyərli və şirindir; istər maddi mükafatlardan, istər hətta təşəkkürdən. Ola bilsin biz bir zaman bir iş görək və xalq bizə təşəkkür etsin. Bu da bir muzddur, lakin ilahi muzd bunlardan çox üstündür. Siz bir xidmət göstərirsiniz, bir qayğıkeşlik edirsiniz, vaxt ayırırsınız, iş saatından artıq çalışır və xidmət göstərirsiniz. Bunu heç kəs anlamaya da bilər, amma Allah bilir. Bu çox zaman baş verir. Bu 31-32 illik xidmət dövründə heç kəs bilmədən, hətta özündən yuxarıların, aşağıların, yaxud həmkarlarının da xəbəri olmadan qayğıkeş bir işlə məşğul olan insanlarla dəfələrlə rastlaşmışıq. Bir qovluğa baxarkən, bir işlə məşğul ikən iş vaxtı bitib, deyib ki, yarım saat da, bir saat da qalıb bu işi bitirim; heç kəs bilməyib və heç kəs təşəkkür etməyib. Bilin ki, bunlar Allahın yanında qalır. Heç kəs bilməsə də, ilahi yazarlar bilir və mələklər qeyd edirlər. Gözlərin və ürəklərin hamısının ilahi lütfə, mərhəmətə və bağışa ehtiyaclı olduğu zaman bunlar sizin gözünüzə və qəlbinizə aydınlıq gətirəcək. Bunlar qiyamətin çətin və dəhşətli günündə sizin üçün kölgə olacaq. İlahi mükafat çox üstündür.
İşdən yorulmamaq - mənəvi mükafata diqqətin səmərəsi
Bu mükafata diqqət yetirin. Bilin ki, gördüyünüz hər bir iş, xalqa göstərdiyiniz hər bir xidmət Allah-Taalanın yanında qeyd olunur və qorunur. Bu ruhiyyə ilə işlədikdə işdən yorulmayacaqsınız, iş bizi əldən salmayacaq. Həm də bizim ölkəmizin işə həqiqətən ehtiyacı var.
Elmi, ictimai və sənaye sahələrində inkişaf sürətinin artırılması
Biz bütün sahələrdə sürətlə irəliləməliyik. Elm sahəsində bizi 100-150 il geridə saxlayıblar; sənaye sahəsində də həmçinin, müxtəlif ictimai sahələrdə də həmçinin.
İnqilabdan öncəki fəsadlı hökumətlərin xəyanətinin nəticəsi
Fəsadlı, diktator, şəhvətpərəst və tamahkar, inqilabdan öncəki son bir neçə onillikdə isə həm də əcnəbilərə sıx bağlı hökumətlər bu ölkəni fəlakətə sürüklədilər.
Bir zaman yalnız istibdad vardı, diktatura vardı - Nasirəddin şah diktaturası, Fətəli şah diktaturası; amma daha asılılıq yox idi. Amma bir zaman ölkənin vəziyyəti elə bir həddə çatdı ki, həm diktatura vardı, hegemonluq vardı, xalqa zülm vardı, həm də əcnəbiyə köləlik. Vəhşi bir canavar kimi xalqa zülm edən quldur Rza xan ingilis ərbablarının bütün istəklərini yerinə yetirirdi. Neft müqaviləsini alıb, səhv etməsəm, sobaya atdı və yandırdı. Bir neçə gündən sonra isə qabaqkı neft müqaviləsinin müddətini otuz il də artırıb daha pis və rüsvayçı bir müqavilə imzaladı. Dövlət məmurları da ona tabe idilər. Rza xan gedəndən sonra o zaman Maliyyə naziri olan Tağızadəyə dedilər ki, nə üçün bu müqaviləni imzaladın. Dedi ki, mən bir alət idim; yəni Rza xanın özü rəis idi. Öz xalqı qarşısında belə vəhşicəsinə, həyasızcasına, heç bir şeyi nəzərə almadan və aqressiv rəftar edən bu insan ingilislərin qarşısında xar və zəlil idi; onlar iş başına gətirmişdilər. Bir müddət o qütbdən bir qədər başqa qütbə yönəlmək istədi; almanlara təmayül göstərdi. Götürüb zəlil bir qul kimi İrandan xaric etdilər və oğlunu yerinə təyin etdilər. Bizim ölkəmiz uzun illər belə yaşamışdır. Bu xalq uzun illər bu şəkildə müstəbid, fəsadlı, diktator və sərvət yığmaqda olan hökumətlərin təzyiqi altında yaşamışdır. Ölkənin harasında gözəl bir yer vardısa, Rza xan öz adına keçirmişdi; Mazandaranda, Xorasanda və digər yerlərdə. Sərvət topladılar, əmlak topladılar, özləri üçün ləl-cəvahirat yığdılar, axırda milli sərvətlərdən də götürüb qaçdılar. Bu xalqın milyardlarla dolları Amerikaya aparılmışdır. Biz inqilabın əvvəlində Amerikadan Pəhləvi sülaləsinin özü ilə apardığı sərvətləri İran xalqına qaytarmasını istədik, amma qulaq asmadılar. Bəlli idi ki, qulaq asmayacaqlar; bunların hamısı eyni tipdəndir.
İranda İslam inqilabının səmərələri
Bu xalq inqilabın sayəsində öz həyatını yeniləmək istədi, yeni həyat yolu keçdi, böyük işlər gördü. Daha böyük işlər isə qarşıdadır; həm elmi baxımdan, həm texniki baxımdan, həm xidmətlər baxımından, həm müxtəlif təşkilatlar, koordinasiya və sistem yaratmaq baxımından görməli olduğumuz çoxlu işlər qarşıdadır. Bu xalq üçün nə qədər işləsəniz, çox deyil. Mənim sizə tövsiyəm budur. Mən yenə də bu şəhərdə sakin olan siz möhtərəm məmurların hamısına, möhtərəm valiyə və digər məmurlara təşəkkür edir və birinci gün də dediyim sözü təkrarlamaq istəyirəm: Dövlət qurumları diqqətli olsunlar; əgər hansısa məsələdə öz aralarında fikir ayrılığı varsa da, bunun tüstüsünün xalqın gözünə dolmasına və xalqa toxunmasına imkan verməsinlər.
Allahın salamı, rəhməti və bərəkəti olsun sizə!
İslam İnqilabının Böyük Rəhbərinin Qum vilayətinin icra məmurları ilə görüşdəki tələbləri 1. Qumun abadlığı üçün ciddi çalışmaq
İnqilabdan sonra Quma xüsusi diqqət yetirildi. Həqiqətən məlumatlarda olduğu və mənim də təsdiqlədiyim kimi, beş il öncədən etibarən Qumun abadlaşması üçün hərəkət və kömək artdı, sürətləndi və nəzərəçarpacaq inkişaf yarandı. Bəli, bu faydalıdır, lakin davam etdirilməlidir. Əgər bu gün möhtərəm məmurların Qumun işlərinə dair göstərdikləri bu səy, bu həvəs və sevgi davam etsə, ümidvarıq keçmişin çoxlu gerilikləri inşallah tədricən düzəlsin. Və bu, ölkə üçün mühüm məsələdir.
2. Xalqa xidmət göstərmək və Qumun həqiqi problemlərini öyrənmək üçün daha çox çalışmaq
Müxtəlif üsullara əl atdılar. O cümlədən Qum xalqının düşüncə və hissləri üzərində işlədilər, onları yox etməyə, yaxud zəiflətməyə çalışdılar... Bu təbliğatı zərərsizləşdirmək lazımdır və bu, xalqa xidmətlə, yardımla, bu şəhərin və bu xalqın əsl problemlərini bilməklə mümkündür. Buna görə bu gün bu məclisdə siz möhtərəm məmurların hüzurunda mənim tövsiyəm budur ki, bacardığınız qədər bu xalqa xidmət göstərin və bu xalqın problemlərini həll etməyə çalışın.
Dostları ilə paylaş: |