Möhtəşəm elm
Qum Elmi Hövzəsinin bir qrup müəllim və nümunəvi tələbəsi ilə görüşdəki çıxış
28 Oktyabr 2010
Bismillahir-Rəhmanir-Rəhim.
Həmd və səna aləmlərin Rəbbinə məxsusdur. Ağamız və peyğəmbərimiz Əbülqasim Məhəmməd Mustafaya və onun pak, seçilmiş, hidayət edən, məsum və möhtərəm ailəsinə, xüsusən də Allahın Yer üzündə saxladığı (İmam Mehdiyə) salavat və salam olsun!
Birinci hissə: Giriş
Bu gecə bizim ömrümüzün yaxşı gecələrindən və bu məclis ən gözəl və ən yaddaqalan məclislərdən biri idi. Mən çox həzz aldım. 2007-ci ildə Tehranda da bizim belə bir məclisimiz oldu və hövzə alimlərinin bir qrupu təşrif buyurub söhbət etdilər. O gecə də mən həqiqətən bu alim gəncləri, fəal zehinləri və aydın düşüncələri görməkdən həzz aldım. Bu gecə həmin xatirə yenidən canlandı və Allaha şükür olsun ki, sizdən çox yaxşı sözlər eşitdik. Təbii ki, bizim də sözümüz var və vaxta uyğun olaraq, deyəcəyik. Bundan əlavə, mənim nəzərdə tutduğum mətləblərin çoxunu bu möhtərəm cənablar ən gözəl formada və ən gözəl sözlərlə bəyan etdilər.
Moizə; Allah-Taalanın Musa peyğəmbərə (ə) vəhyi
Mən bir rəvayət qeyd etmişəm. Əvvəl onu deyim ki, həm bizim dilimiz bu şərafətli hədislə bərəkətlənsin, həm də məclis Əhli-beyt (ə) sözləri ilə ətirlənsin. Hədisin sənədi də yaxşıdır: Vəsail kitabında Nəfslə cihad bölməsindədir. İmam Sadiq (ə) nəql edir ki, Allah-Taala Musa peyğəmbərə (ə) buyurdu: "Ey Musa! Bəndələrim mənə üç yoldan daha sevimli bir yolla yaxınlaşa bilməzlər". Musa dedi ki, onlar nədir? Allah buyurdu: "Ey Musa! (onların birincisi) dünyada zahidlikdir...".
Zahidlik
Birinci xüsusiyyət zahidlikdir. Biz bu hədisləri minbər və çıxışlarda dəfələrlə xalqa oxuyur və təkrarlayırıq. Bəzi əzizlər buyurdular ki, əgər bu sözlər bizim ürəyimizdən gəlməsə, əməlimizdə təcəssüm olunmasa, təsir bağışlamayacaq. Zahidliyin mənası dünyanı birdəfəlik kənara qoymaq deyil. Bu nə din böyüklərinin rəftarında görünüb, nə də zahidliyin leksik mənasında. Zahidlik meyl salmamaq, həris olmamaq, dünyadan və maddi gözəlliklərdən yapışmamaqdır. Dünyadan yapışmayaq. Həyatda bir insanın ən yaxşı nailiyyəti də budur; özünü dünyaya yapışdırmasın, dünyaya bağlamasın və bu bərbəzəklərdən asmasın. Bu zaman insan özü də rahat olar.
Əgər bu bazarda qazanc varsa, şad dərvişə məxsusdur,
İlahi, mənə dərvişlik və şadlıq neməti bəxş et!
Əziz İslam Peyğəmbərindən (s) nəql olunmuşdur ki, Allahdan istəmişəm bir gün ac qalım, bir gün tox; ac olan gün Allahdan istəyim, tox olan gün isə Allaha şükür edim. Zahidlik məsələsində məzəmmət olunan dünya yalnız pul və həyatın maddi bərbəzəyi deyil, məqam, vəzifə, rütbə, hörmət, sevilmək və bu kimi məsələlər də ondandır. Dünya üçün işləmək, dünya üçün dərs oxumaq, dünya üçün çalışmaq - bunların hamısı zahidlikdə kənara qoyulması və rəğbət göstərilməməsi təkidlə istənilən məsələlərdir.
Təqva
Sonra buyurur ki, günahlardan çəkinmək və təqvalı olmaq. Bəli, əsas məsələ təqvadır.
Allah qorxusundan ağlamaq
"Və mənim qorxumdan ağlamaq". İnsanın vacib, yaxud müstəhəb ibadətlərini yerinə yetirmək kifayət etmir. Ürək haqqa səcdə etməlidir. Ürək yönəlməlidir. Əgər yönəlsə, o zaman göz yaşı axar. Allah qorxusundan ağlamaq ürəyin diqqətindən irəli gəlir, dərkdən, təzimdən doğur. Bizə bunu əmr ediblər; bizim buna ehtiyacımız var. Bunlar bizim ehtiyaclarımızdır. Əgər bütün məntiqli və düzgün vasitələri təmin etsək, amma bizdə bu ruh olmasa, bu mənəviyyat olmasa, bu əxlaq olmasa, iş faydasız, yaxud az faydalı olacaq, inkişaf etməyəcək. Bizim öz qəlbimizin möhkəmlik üçün təvəssül və təzimə ehtiyacı var.
Dində qəlbin məhkəmlənməsinin əhəmiyyəti
Mərhum ağa Bəhcət buyururdu ki, bu duanı çox oxuyun: "Ya Allahu, ya Rəhmanu, ya Rəhim! Ya Muqəllibəl-qulub! Səbbit qəlbi əla dinik". Yəni ey Allah, ey Rəhman, ey Rəhim, ey qəlbləri dəyişən, mənim qəlbimi öz dinin əsasında möhkəmləndir! O, fərzi bir irada cavab da verirdi; ola bilsin kimsə desin ki, "qəlbimi öz dinin əsasında möhkəmləndir" – sözünü nə üçün deyirik? Bizim dinimiz düzgündür, məntiqlidir, möhkəmdir; yəqin bu, aşağı təbəqələr üçündür. O buyururdu ki, insanın qəlbi, imanı və dindarlığı hansı dərəcədə olsa, o dərəcədən enmək geriyə qayıtmaqdır. Bu duanın mənası odur ki, dini həmin yüksək dərəcədə saxla və möhkəmləndir. Əgər belə olsa, o zaman həyat şirin və ölüm rahat olar.
Ölüm məsələsinin əhəmiyyəti
Bizim əsas problemlərimizdən biri ölmək problemidir. İmam Səccad (ə) Allah-Taalaya deyir: "Bizi yolunu azmış yox, hidayət olmuş halda, könülsüz yox, itaətkar halda və günahkar yox, tövbə edən halda öldür!". İnsan bütün ömrü boyu hidayət yolunda olub, amma yenə imam dua edir ki, bizi belə öldür. Bəlli olur ki, təhlükəli məsələdir.
Zahidliyin, təqvanın və ağlamağın mükafatı
Hədisin davamında buyurur: "Musa dedi ki, ey Allah, onlar nədir?" Allah buyurdu: "Ey Musa! onlar dünyada zahidlikdən, günahlardan çəkinib təqvalı olmaqdan və mənim qorxumdan ağlamaqdan ibarətdir". Musa (ə) dedi ki, ey Rəbb, bu işləri görən şəxsin mükafatı nədir? Allah-Taala buyurdu: "Ey Musa! Dünyada zahidlik edənlər cənnətdə olarlar. Mənim qorxumdan ağlayanlar elə uca məqama çatarlar ki, heç kəs onlarla şərik olmaz". Bu yüksək məqam onların kövrək qəlbinin, həssas ürəklərinin Allah zikri qarşısında kiçildiyi və bu kiçikliyin onların gözünü ağlatdığı insanlardır. "Günahlardan çəkinənlərə gəldikdə isə mən (qiyamətdə) hamını yoxladığım zaman onları yoxlamayacağam". Bu da insanın təbii olaraq etdiyi bəzi səhv və səhlənkarlıqlara Allahın göz yumması deməkdir.
Bu hədisin sənədi də mötəbərdir; İbn Əbi Ümeyr nəql edir. Və bildiyiniz kimi, İbn Əbi Ümeyrin mürsəl hədisləri müsnəd kimidir.
Mənəviyyat - hövzənin əsas işi
Haqlı olaraq buyurdular ki, tələbə hövzəyə və bu yola daxil olanda mənəviyyata və ruhaniliyə sözün həqiqi mənasında şövq və rəğbətlə daxil olur. Bunda şübhə yoxdur. Biz bu yolda illərlə getdik, hərəkət etdik, dərs oxuduq, nəfəs çəkdik. Lakin eyni zamanda Allah-Taalaya sığınmaq, Allahdan kömək istəmək və Ondan uğur diləmək lazımdır. Allahın yardımı olmasa, iş çox çətin olar. İmam Səccad (ə) Səhifeyi-Səccadiyyənin bir duasında deyir: "Mən öz nəfsi sarıdan səndən xəcalətli olan, nəfsinə qəzəblənən və səndən razı olan adamam". Bu hansı haldır; bu necə vəziyyətdir ki, İmam Səccad (ə) xəcalətli olduğunu deyir?
Hər halda, mənəviyyat işi və mənəvi aləmə könül vermək hövzədə əsas işdir. Buna hamımız diqqət yetirməliyik. Hövzədə mənəviyyatın azlığı bizə zərər yetirir.
Dostları ilə paylaş: |