Bildirişlər
1. Bəni-İsrail ədəbsizlik, bəhanəçilik, zəiflik və rifahtələblik nümunəsi idi. “Daxil olmayacağıq” təbiri onların Allah əmri qarşısındakı cəsarətlərindən danışır. “Heç vaxt” təbiri onların öz qərarlarında israrlı olduğunu göstərir. “Sən get” təbiri həzrət Musaya qarşı hörmətsizliyin nişanəsidir. “Sənin Allahın getsin” təbiri Bəni-İsrailin Allaha hörmətsizliyinin və iman zəifliyinin göstəricisidir. “Oturmuşuq” təbiri onların rifahtələblik və izzətpərəstlik göstəricisidir.
2. Xalq cəmiyyətin islahını təkcə Allahdan və ilahi rəhbərdən gözləməməli, özləri də çalışmalıdır.
3. Çalışmadan qələbəyə çatmaq arzusu düşüncəsizlikdir.
25. ﴿قَالَ رَبِّ إِنِّي لا أَمْلِكُ إِلاَّ نَفْسِي وَأَخِي فَافْرُقْ بَيْنَنَا وَبَيْنَ الْقَوْمِ الْفَاسِقِينَ﴾
“(Musa) dedi: “Pərvərdigara! Həqiqətən, məndə özümdən və qardaşımdan başqasının ixtiyarı yoxdur. Bizimlə günahkar qövm arasında ayrılıq sal.”
Nöqtələr
◘Həzrət Musa Bəni-İsrailin hərəkətindən məyus olduqdan sonra Allah dərgahına şikayət etdi.
◘Musa ona görə günahkar qövmdən ayrılıq istəyirdi ki, öz ardıcıllarının günahkarlarla birlikdə ilahi qəzəbə düçar olmasından qorxurdu. Ya da bu istəyin arxasında kafirlərin ölümü dayanırdı.
◘Musanın yalnız özü ilə qardaşını xatırlaması və onlarla birlikdə xalqı şəhərə doğru dəvət edən iki nəfəri yada salmaması barədə təfsirçilər müxtəlif fikirlər söyləmişdilər:
–Musa həmin iki nəfərin də sabitqədəmliyinə əmin deyildi.1
–Həmin iki nəfəri xalq daşqalaqla hədələdiyindən Musa dedi: “Pərvərdigara! Mənim heç bir gücüm yoxdur, həta həmin iki nəfər də təhlükədədir.”2
Bildirişlər
1. Qurandakı əksər dualarda “Rəbb” adından yardım istənilir.
2. Bütün xalq bizə arxa çevirdiyi halda əsil nicat verənə bağlanaq.
3. Peyğəmbərlər o zaman xalqa şikayət edib nifrinə əl atırlar ki, xalqın iman və itaətindən məyus olurlar.
4. Cihaddan boyun qaçırmaq günahdır.
5. İctimai bəlalardan biri xalqın övliyalardan üz döndərməsi və onların faydasından məhrum qalmasıdır.
6. Möminlər üçün bəla və çətinliklərdən biri günahkarlarla birlikdə yaşayışdır.
26. ﴿قَالَ فَإِنَّهَا مُحَرَّمَةٌ عَلَيْهِمْ أَرْبَعِينَ سَنَةً يَتِيهُونَ فِي الأَرْضِ فَلاَ تَأْسَ عَلَى الْقَوْمِ الْفَاسِقِينَ﴾
“(Allah Musaya) buyurdu: “Doğrudan da, o (müqəddəs yer) qırx ilədək onlara qadağan olundu. (Süstlük və müxalifətçiliklərinə xatir bu uzun müddəti) yer, üzündə avara qalacaqlar. Bu günahkar qövmə görə təəssüf etmə.”
Nöqtələr
◘“Tiyh” kökündən olan “yətihunə” sözü avaralıq mənasını bildirir. Sina səhrası, həmin qövmün avara qaldığı məhəl də belə adlanır. Onlar qırx il bu məntəqədə qalıb yer üzünün bərəkətindən məhrum oldular.
◘Bəni-İsrailin müxalifətçiliyi, ilahi qəzəb və onların səhrada avaralığı Tövratın “Sifre-Ədad” kitabının dördüncü fəslində bəyan olunmuşdur.
◘İmam Sadiq (ə) buyurmuşdur: “Allah həzrət Musanın göstərişinə qarşı çıxdıqları üçün Bəni-İsrailə və onların övladlarına Beytül-Müqəddəsə daxil olmağı qadağan etdi. Nəhayət, onların övladlarının övladları Beytül-müqəddəsə daxil olmağa müvəffəq oldular. (Yəni onların qadağaya düçar olmuş ata və atalarının övladları həyatda ikən müqəddəs əraziyə girmək mümkünsüz oldu.)1
◘Rəvayətdə oxuyuruq: Bəni-İsrailin başına gələnlərin oxşarı müsəlmanlar üçün də önə gələcək.2
◘Qırx rəqəmində bir rəmz var. Bu rəmzdə həm ilahi qəzəb, həm də ilahi lütf əks olunur. Həzrət Musa Tövratı almaq üçün qırx gecə Tur dağında qaldı. Yəhudilər də öz növbələrində qırx il avara qaldılar.
◘Bəzən yeni nəsil köhnə nəslin məhv edilməsi yolu ilə islah edilir. Musanın qədrini bilməyən Firon tərəfdarları dünyadan getməlidirlər ki, yeni nəsil azad fəzada, səhra həyatının çətinlikləri içində, səmavi rəhbərlərin sayəsində şəhər həyatının qədrini bilsinlər. Hədisdə nəql olunur ki, onlar Tih məntəqəsində dünyalarını dəyişdilər və onların övladları müqəddəs əraziyə daxil oldular.
Bildirişlər
1. Müharibədən fərariliyin cəzası məhrumiyyətdir.
2. Günahkarlıq müqabilində verilən cəzanın bir növü avaralıqdır.
3. Cəbhəyə getməyənlər və cəbhədən qaçanlar bəzi imkanlardan və nemətlərdən məhrum olmalıdırlar.
4. Peyğəmbərlər xalqa can yandırırlar.
5. Günahkarlara can yandırmayın. (Günahkarın tənbehi fərd və cəmiyyətin sağlamlığı üçün acı dərman kimidir.)
27: ﴿وَاتْلُ عَلَيْهِمْ نَبَأَ ابْنَيْ آدَمَ بِالْحَقِّ إِذْ قَرَّبَا قُرْبَانًا فَتُقُبِّلَ مِن أَحَدِهِمَا وَلَمْ يُتَقَبَّلْ مِنَ الآخَرِ قَالَ لَأَقْتُلَنَّكَ قَالَ إِنَّمَا يَتَقَبَّلُ اللّهُ مِنَ الْمُتَّقِينَ﴾
“(Ey peyğəmbər,) Adəmin iki oğlunun əhvalatını xalqa olduğu kimi oxu. O zaman ki, (onlardan hər biri) qurbanlıq gətirdi, birindən (Habildən) qəbul olundu, o birindən (Qabildən) qəbul olunmadı. (Qabil) dedi: “Səni hökmən öldürəcəyəm.” (Habil) dedi: “Allah yalnız təqvalılardan qəbul edir.”
Nöqtələr
◘“Olduğu kimi oxu” ifadəsində məqsəd bu ola bilər ki, bu macəra Tövratda təhrif olunmuşdur və Quranda deyilən həqiqidir.
◘Rəvayətdə deyilir ki, Habil heyvandar idi və özünün ən yaxşı qoyununu qurbanlığa gətirdi. Qabil isə əkinçi idi və öz məhsulunun ən pisini Allah yolunda infaq etdi. 1 Quran buyurur: “Yalnız sevdiyindən infaq edən kəs xeyirə çatar.2
◘İmam Sadiq (ə) buyurmuşdur: “Qabilin qatillik səbəbi Habilin qurbanlığının qəbul olmasına qarşı həsəd idi.”3
Bildirişlər
1. İbrət üçün keçmişdəkilərin tarixini öyrənmək və araşdırmaq lazımdır.
2. Tarixə nəzər salarkən mühüm məsələləri araşdırmaq lazımdır. (“Nəbəə” mühüm xəbər deməkdir.)
3. Tarixi hadisələri əfsanələrdən fərqləndirmək lazımdır. (Habillə Qabilin qurbanlıq əhvalatı əfsanə deyil.)
4. Əsas məsələ qurbanlıq yox, Allahla yaxınlıqdır. Qurbanlığın nə olması əhəmiyyətli deyil. (“Qurbanən” sözü qeyri-müəyyən formada işlədilmişdir.)
5. Əməllərin qəbul və ya rədd olunmasında peyğəmbərin oğlu olmağın rolu yoxdur. Ona görə də Habildən qəbul olundu, Qabildən isə yox.
6. Bəşər tarixi ilə birlikdə qətl və qan tökmə tarixi başlamışdır.
7. Bəzən həsəd qardaş qırğınına da aparır.
8. Qətllə hədələyənə də məntiqi cavab verilməlidir.
9. Əməllərin qəbulu və ya rədd edilməsində amillər və xislətlərin rolu var.
10. Əməlin qəbul ölçüsü təqvadır. Bu işdə şəxsiyyət və işin çeşidinin rolu yoxdur.
11. Əməlin qəbul və ya rədd olunmasında yeganə fərq təqvadır.
28. ﴿لَئِن بَسَطتَ إِلَيَّ يَدَكَ لِتَقْتُلَنِي مَا أَنَاْ بِبَاسِطٍ يَدِيَ إِلَيْكَ لَأَقْتُلَكَ إِنِّي أَخَافُ اللّهَ رَبَّ الْعَالَمِينَ﴾
“(Habil qardaşı Qabilə dedi:) «Əgər məni öldürmək üçün əlini uzatsan, mən heç vaxt səni öldürmək üçün əl uzatmayacağam. Çünki mən Allahdan, aləmlərin Rəbbindən qorxuram.»
Dostları ilə paylaş: |