Nöqtələr
◘Qəlbi xəstə olanlar İslam peyğəmbərinin doğruçuluğuna və ya bəzi dini həqiqətlərə şəkk edən zəif imanlı kəslərdir.1
◘Ayənin mənası haqqında üç ehtimal var:
a) Müsəlmanlar qalib gəlib, münafiqlər rüsvay olan vaxt möminlər təəccüblə deyirlər: “Sizə möminlərə yardım edəcəkləri haqqında ciddi and içənlər o yəhudi və məsihilər idimi?”
b) Həqiqi möminlərdən bəziləri qələbədən sonra bir-birlərinə deyirlər: “And içərək bizimlə olduqlarını deyən və bizimlə olmadıqlarını gördüyünüz kəslər qəlbi xəstə olanlarmı idi?”
v) “Biz yəhudi və məsihilərə kömək edəcəyik - deyə and içən xəstə qəlblilər siz kitab əhlinə kömək edə bildilərmi?”
Bildirişlər
1. İslam peyğəmbəri zəif imanlı şəxslərin aşkar və tələsərək yəhudi və məsihilərə üz tutduğuna şahid idi.
2. İlahi hidayətdən məhrum olanların aşkar nümunəsi qəlbi xəstə olanlardır. Onlar kafirlərə qoşulmaq üçün tələsirlər. (“Fa” hərfi bu ayədəki xəstə qəlblilərin ötən ayədəki zalımlardan olmasına işarədir.)
3. Zəif imanlı xəstə qəlblilər kafir düşmənlərlə dostluğa tələsirlər.
4. Süst imanlı və münafiq fərdlər kafirlərə qatılmaq arzusundadırlar.
5. Allahın aşkar göstərişi olan yerdə yol axtarmağa dəyməz.
6. Dünya güclülərinin hakimiyyətinə tabeçiliyin səbəbi zəif iman və Allahdan qeyrilərindən qorxudur.
7. Müsəlmanlar İslamın qələbə və fəthinə, eləcə də, münafiqlərin ifşasına ümidvar olsunlar.
8. Siyasi üstünlük, iqtisadi qüdrət, hərbi güc hər biri Allah tərəfindəndir və Onun əlindədir.
9. Kafirlərə tabe olmayın ki, Allahın qeybi yardımları nəsibiniz olsun.
10. Kafirlərə bağlılıq və onlara infaqın sonu rüsvayçılıqdır.
11. Anda aldanmayın. Hər and sədaqət nişanəsi deyil.
12. Biganələrə bağlılıq möminlər tərəfindən məzəmmət olunur.
13. İnsanın ziyankarlıq nişanəsi yaxşı işlərin puça çıxmasıdır.
54. ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ مَن يَرْتَدَّ مِنكُمْ عَن دِينِهِ فَسَوْفَ يَأْتِي اللّهُ بِقَوْمٍ يُحِبُّهُمْ وَيُحِبُّونَهُ أَذِلَّةٍ عَلَى الْمُؤْمِنِينَ أَعِزَّةٍ عَلَى الْكَافِرِينَ يُجَاهِدُونَ فِي سَبِيلِ اللّهِ وَلاَ يَخَافُونَ لَوْمَةَ لآئِمٍ ذَلِكَ فَضْلُ اللّهِ يُؤْتِيهِ مَن يَشَاء وَاللّهُ وَاسِعٌ عَلِيمٌ﴾
“Ey iman gətirənlər! Sizlərdən hər kəs öz dinindən dönsə (Allaha zərər yetirməz, çünki) Allah gələcəkdə bir qövm gətirəcək ki, onları sevir və onlar da Allahı sevirlər. Onlar möminlərə münasibətdə mülayim və təvazökar, kafirlərə münasibətdə sərt və qətidirlər. Onlar Allah yolunda cihad edər, heç bir məzəmmətçinin məzəmmətindən çəkinməzlər. Bu, Allahın istədiyinə verdiyi fəzldir. Allah genişlik bəxş edən və çox biləndir.”
Nöqtələr
◘Rəvayətdə deyilir: “Bu ayə nazil olan vaxt həzrət Peyğəmbər (s) əlini Salman Farsinin çiyninə qoyub buyurdu: “Sənin həmvətənlərin bu ayənin nümunəsidirlər.”1
◘Əvvəlki ayələrdə kafir və münafiqlərin hakimiyyətinin təhlükəsi haqqında danışıldı. Burada isə söhbət dindən çıxmaqdan gedir. Bəlkə də bu, nifaqın və kafirlərlə dostluğun dindən xaric olmağa aparmasına işarədir.
◘İmam Baqir (ə) “Allah onları sevir və onlar da Allahı sevirlər” təbiri haqqında buyurmuşdur: “Burada Əli (ə) və onun şiələri nəzərdə tutulur.”2
◘Şiə və sünni rəvayətlərində deyilir ki, İslam peyğəmbəri Xeybər döyüşündə düşmən qülləsini fəth edə bilməyən komandanlara buyurdu: “And olsun Allaha, sabah bayrağı elə bir şəxsin əlinə verəcəyəm ki, Allah və rəsulu onu sevir, o da Allahı və rəsulunu! O, qələbəni töhfə gətirər.” Bundan sonra Həzrət (s) bayrağı Əliyə (ə) verdi.”1
Bildirişlər
1. Mömin öz aqibəti barədə düşünməlidir. Bir çox möminlər nəhayətdə dindən çıxdı, mürtəd oldu.
2. Düşüncəli rəhbər öz ardıcıllarının dindən çıxıb mürtəd olmasını ehtimal etməlidir.
3. Bir qrup möminin dindən çıxması Allahın yoluna zərbə vurmur.
4. Mürtədlik din və Allaha mərifət və məhəbbətin olmamasının nəticəsidir.
5. Allahın bizim imanımıza ehtiyacı yoxdur.
6. İman və cahil adətlərin aradan götürülməsi yolunda düşmənin məzəmmətlərindən, mənfi təbliğatından qorxmamalıyıq. Düşmənin yaratdığı mühitə təslimçilik yolverilməzdir.
7. Müsəlman din qardaşları ilə mülayim, düşmənlərlə sərt olur. Nə mülayimlik, nə də sərtlik mütləq halda deyil.
8. İlahi fəzl yalnız var-dövlət və məqam deyil. İlahi məhəbbət, Onun yolunda cihad, dində qətilik ilahi lütf və fəzl nümunələridir.
9. Bəndə və Allah arasında qarşılıqlı dostluq bəşər kamilliklərindəndir.
10. Başqalarının gəlişi müjdəsi ilə ümidsizlik və qorxunun qarşısı alınır.
11. Həqiqi mömin Allahın həm aşiqi, həm də məhbubudur.
12. Həqiqi imanı olan kəs heç vaxt kafirlər qarşısında əskiklik hiss etmir.
13. İlahi məhəbbətdən məhrum qəlb xəstədir və kafirlərə bağlıdır. İlahi məhəbbətlə dolu könül isə heç vaxt başqalarına bağlanmır.
14. İslam genişlənməkdədir. Yalnız enişlərə yox, yüksəlişlərə də baxaq.
15. Gələcəkdə İslam bayrağını Allah aşiqi, mücahid və qəti insanlar ələ alacaq.
16. Psixoloji müharibələrin möminlərə heç bir təsiri yoxdur.
17. Allahın fəzli məhdud deyil. Hər kəsə ləyaqəti qədərincə əta olunur.
18. Əgər Allah bir şəxsə lütf etdisə, bu iş agah surətdədir.
55. ﴿إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ﴾
“Sizin rəhbəriniz yalnız Allah, Onun peyğəmbəri və namazı bərpa edib rüku halında zəkat verən möminlərdir.”
Nöqtələr
◘Bu ayənin nazilolma şəni haqqında deyilir: Peyğəmbər məscidinə bir sail (dilənçi) daxil oldu. O, xalqdan kömək istədi. Kimsə ona bir şey vermədi. Həmin vaxt namaza məşğul olan Həzrət Əli (ə) rüku halındaca barmağındakı üzüyü sailə bağışladı. Həzrətin bu hərəkəti ilə bağlı həmin ayə nazil oldu.
Bu əhvalatı həzrət Peyğəmbərin (s) İbn-Abbas, Əmmar Yasir, Cabir ibn Abdullah, Əbuzər, Ənəs ibn Malik, Bilal kimi on səhabəsi nəql etmişdir. Uyğun ayənin nüzul şəninə münasibətdə şiə və sünnilər yekdil fikirdədirlər.1 Əmmar Yasir deyir: “Namazda üzük infaq edildikdən və ayə nazil olduqdan sonra həzrət Peyğəmbər (s) buyurdu: “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır.2
◘Qədir-Xumda həzrət Peyğəmbər (s) Həzrət Əlinin (ə) məqamını bəyan etmək üçün uyğun ayəni tilavət etdi.3 Həzrət Əli (ə) də dəfələrlə öz haqqını bəyan edərkən bu ayəni oxumuşdur.4 Hadisəyə şahid olan Əbuzər məscidül-həramda uyğun əhvalatı xalqa nəql etmişdir.5
◘Ayədə “vəliyy” sözü dost mənasını bildirmir. Çünki dostluq təkcə rüku halında infaq edənlərə yox, bütün müsəlmanlara aiddir.
◘İmam Sadiq (ə) buyurmuşdur: “O kəslər ki, iman gətirmişlər..” təbirində məqsəd Əli (ə) və onun imam övladlarıdır. Onlar qiyamət gününədək vardırlar. Onun övladlarından kim imamət məqamına çatsa, onun kimi rüku halında sədəqə verər.”6
◘Mərhum Feyz Kaşani “Nəvadir” kitabında bir hədis nəql etmişdir. Bu hədisə əsasən məsum imamlardan hər biri namazda rüku halında fəqirlərə sədəqə vermişlər. Bu əməl ayədəki təbirlərlə uyğundur.
◘İmam Baqir (ə) buyurmuşdur: “Allah Öz peyğəmbərinə göstəriş verdi ki, Əlinin (ə) vilayət məsələsini bəyan etsin və bu məqsədlə ayə nazil edilmişdir.7
◘Ən üstün tanıtdırma odur ki, bir şəxsin əlamətləri və xüsusiyyətləri sadalananda qarşı tərəf özü onun kimliyini müəyyənləşdirsin. (Ayə Həzrət Əlinin (ə) adını çəkmədən onun nişanə və hərəkətlərini sadalamışdır.)
◘İmam Sadiq (ə) buyurmuşdur: «Həzrət Əlinin (ə) Qədir-Xumda minlərlə şahidi var idi. Bununla belə, o öz haqqını ala bilmədi. Halbuki bir müsəlmanın iki şahidi olduqda haqqını geri alır!»8
◘Vilayəte-fəqih (fəqihin islami hökuməti) məsum imamın vilayət yolundadır. İmam Sadiq (ə) Ömər ibn Hənzələni təqdim edərkən deyir: “Nəzər salın o şəxsə ki, bizim hədisləri rəvayət etsin, bizim halal-haramı nəzərdə tutsun, hökmlərimizi bilsin. Beləsini mən sizə hakim təyin etmişəm, onun hökumətindən razı olun.”9
Dostları ilə paylaş: |