Şəmsi 1378-ci ildə ilk cildin yenidən nəşri üçün növbəti dəfə “Nur təfsirini” diqqətlə mütaliə etdim. İxtisarlar və əlavələr oldu. Allahın lütfü ilə ağlıma gələn yeni mətləblər və “Təfsiri-rahnüma”, “Nüxbətut-təfsir” kitablarındakı bəzi nöqtələr mətnlərə əlavə edildi.
Bir anlıq fikrə getdim. Düşündüm ki, cəmi iki-üç il keçmiş öz əlimlə dəyişdiyim yazı əgər qiyamətə çatsa, övliyaların, mələklərin, ən əsası Allahın nəzərindən keçsə, nə qədər dəyişəcək?! Bütün bu dəyişikliklər o zaman faydalı olur ki, işin canında qeyri-ilahi niyyət olmasın.
Hər halda xeyli zəhmət çəkdim. Amma qiyamətdə bu təfsirin bir səhifəsinin də mənim qurtuluşuma səbəb olub-olmayacağını bilmirəm!
Sözsüz ki, Quran nurdur. Təfsirdə nə nöqsan varsa, bizim nöqsanımızdır. Gülzarda torpaq gülə döndüyü kimi, ümid edirəm ki, Quranın nurani ayələri sayəsində bizim də yazılarımız nura çevrilsin. Amin!
Möhsün Qəraəti
“MAİDƏ” SURƏSİ (5-ci surə, 120 ayə) Altı, yeddinci cüzlər “Maidə” surəsinin siması
120 ayədən ibarət olan bu surə həzrət Peyğəmbərin (s) vəfatından bir neçə ay əvvəl nazil olmuşdur. Surənin heç bir ayəsi nəsx edilməmişdir.
Surə həzrət İsanın səmavi süfrə (“Maidə”) nazil olması ilə bağlı duasına görə (114-cü ayə) “Maidə” adlandırılmışdır. Surə “əhd və əqdlər” kimi də yad edilir. Bu surənin ayələri məcmusunda çox mühüm bir xəyanət (əhdin pozulması) haqqında xəbərdarlıq edilir.
“Ya əyyuhəlləzinə amənu” (Ey iman gətirənlər”) xitabı ən çox bu surədə işlədilmişdir. Əgər “Bəqərə” surəsində bu xitabla on bir dəfə rastlaşırıqsa, bu surədə eyni ifadə ilə on altı dəfə xitab olunur.
Bu surədə vilayət və rəhbərlik, üç üqnum əqidəsinin rəddi, əhdə vəfa, ədalətə şahidlik, qətlin qadağası, qidaların hökmləri, dəstəmaz, qüsl və təyəmmümün hökmləri, ictimai ədalətin sifarişi, vəsiyyət hökmləri, qisas, oğurluq və zinanın hökmləri kimi məsələlər nəzərdən keçirilmişdir.
Surə sonuncu nazil olmuş surələrdən olduğu üçün onun əvvəlində “əvf ubil-uqud” cümləsi ilə əhdlərin yerinə yetirilməsi tapşırılır.
بسم الله الرحمن الرحيم
1. ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَوْفُواْ بِالْعُقُودِ أُحِلَّتْ لَكُم بَهِيمَةُ الأَنْعَامِ إِلاَّ مَا يُتْلَى عَلَيْكُمْ غَيْرَ مُحِلِّي الصَّيْدِ وَأَنتُمْ حُرُمٌ إِنَّ اللّهَ يَحْكُمُ مَا يُرِيدُ﴾
“Ey iman gətirənlər! (Allah və xalqla olan) əhdlərə vəfa edin. (Qadağan hökmü) sizə oxunacaq şeylər istisna olmaqla dördayaqlılar (onların ətini yemək) sizin üçün halal edilmişdir. Ehram (həcc qiyafəsi) halında ovu halal saymayın. Həqiqətən, Allah istədiyini (məsləhət bildiyini) hökm edər.”
Nöqtələr
◘Ayədə “bəhimə” sözü dördayaqlılar və mal-qara mənasını bildirir. İnək, dəvə və qoyun “ənam” adlandırılmışdır. Quranda üç dəfə işlədilmiş “bəhimətul-ənam” ifadəsi bu dördayaqlıların ətinin halal olduğunu bildirir.1 İmam Sadiq (ə) buyurmuşdur: “Bəhimətul-ənam” dedikdə anasının paklığı onun üçün də paklıq sayılan, kəsilmiş heyvan bətnindəki bala (“cənin”) başa düşülür.”2 Mərhum Feyz “Safi” təfsirində buyurur: “Bəlkə də bu rəvayət ayədə gizli qalmış şeyin nümunəsini bəyan edir. Ya da ananın qarnı baxımından onlar “bəhimət” adlandırıla bilər. Buna görə də bu ifadələrin nümunə olmasında ziddiyyət yoxdur.3
◘Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Vəfası olmayanın dini yoxdur.”1 Bəli, əgər əhdlərə əməl olunmasa, cəmiyyətin sütunları laxlayar, ümumi etimad aradan götürülər və hərc-mərclik baş alar.
◘Quran hətta müşriklərlə bağlanmış peymana vəfalı olmağı lazım bilir.2 İmam Sadiqdən (ə) nəql olunmuş bir hədisə əsasən, hətta günahkarlarla bağlanmış peymana vəfa lazımdır.3
Digər bir rəvayətə əsasən, əgər bir müsəlman kafir düşmənə işarə ilə aman verərsə, digər müsəlmanlar da işarə ilə həyata keçmiş bu peymana əməl etməlidirlər.4
◘Səmavi kitablar Allahın əhdləridir. Onlara vəfalı olmaq lazımdır. Əhde-qədim (Tövrat), əhde-cədid (İncil) və əhde-axir (Quran) bu qəbildəndir. Hədisdə Quranın ilahi əhd olduğu bildirilir.5
Bildirişlər
1. Müsəlmanlar bütün peymanlara, əhdlərə sadiq olmalıdırlar. Əhdin şifahi, yazılı, əməli olmasının fərqi yoxdur. Bu əhdlər siyasi, iqtisadi, ictimai və ya ailə ilə bağlı ola bilər. Əhd güclü də ola bilər, zəif də. Dost və düşmənlə, Allah və xalqla, fərd və cəmiyyətlə, kiçik və ya böyüklə, məntəqə ölkələri və ya uzaq məmləkətlərlə bağlanmış peymanlar mötəbərdir. Ayədəki “əl-üqud”, yəni əqdlər sözü “əlif-lam” artikli ilə başladığından bütün peymanları və əhdləri əhatə edir.
2. Əhd və peymana vəfanın zəmanətçisi imandır.
3. Əhdə vəfasızlıq və zülm ilahi nemətlərdən və lütflərdən məhrumluq rəmzi olduğu kimi,6 əhdə sədaqət həmin lütf və nemətlərdən bəhrələnmə amilidir. (Bəli, vədəyə vəfalı olmaq xoş gün rəmzidir. Məsəl var ki, diqqətli və vəfalı insan xalqın malına şərikdir.)
4. Bir halda ki, Allah bizim ixtiyarımızda növbənöv nemətlər qoymuşdur, Onun peymanlarına vəfalı olaq.
5. İlahi peymanlardan biri qidaların halal-haramlıq hökmlərinə diqqətdir.
6. İslamda həm ictimai, həm də iqtisadi məsələlərə diqqət yetirilir. (Əhdə vəfa ictimai, heyvanlardan faydalanma iqtisadi məsələlərdəndir.)
7. Ölmüş və ya boğulmuş dəvə, inək və qoyun ətinin istifadəsi haramdır.
8. Dördayaqlılar arasında halal olmayanları da vardır. (Çünki uyğun cümlə müəyyən növ dördayaqlılara aiddir.)
9. Ehram halının ehtiramının hifzi üçün bəzi məhrumiyyətləri də dadmaq lazımdır. Ehramda olan insan ovdan çəkinməlidir.
10. Ehram vəziyyətində qadağalara əməl Allahla əhd və peymana vəfa hallarındandır.
11. Ehram (həcc halı) Allahla əhd-peymandır.
12. Ehram xüsusi və möhtərəm bir haldır.
2. ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تُحِلُّواْ شَعَآئِرَ اللّهِ وَلاَ الشَّهْرَ الْحَرَامَ وَلاَ الْهَدْيَ وَلاَ الْقَلآئِدَ وَلا آمِّينَ الْبَيْتَ الْحَرَامَ يَبْتَغُونَ فَضْلاً مِّن رَّبِّهِمْ وَرِضْوَانًا وَإِذَا حَلَلْتُمْ فَاصْطَادُواْ وَلاَ يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ أَن صَدُّوكُمْ عَنِ الْمَسْجِدِ الْحَرَامِ أَن تَعْتَدُواْ وَتَعَاوَنُواْ عَلَى الْبرِّ وَالتَّقْوَى وَلاَ تَعَاوَنُواْ عَلَى الإِثْمِ وَالْعُدْوَانِ وَاتَّقُواْ اللّهَ إِنَّ اللّهَ شَدِيدُ الْعِقَابِ﴾
“Ey iman gətirənlər! İlahi mərasimlərin, haram ayın, həcc qurbanlığı və həcc üçün nişanlanmış heyvanların, Allahdan fəzl və razılıq diləyən Allah evi yolçularının hörmətini sındırmayın. Ehram halından çıxdığınız vaxt (və ümrə əməllərini sona çatdırdıqda) ov edə bilərsiniz. Sizi Məscidül-həramdan çıxarmış dəstə ilə düşmənçilik sizi ədalətsizliyə və təcavüzə vadar etməsin. Yaxşı işlərin icrasında və çirkinliklərdən uzaqlıqda bir-birinizə yardım göstərin. Heç vaxt günah və sitəmdə bir-birinizə kömək etməyin və Allahdan çəkinin. Həqiqətən, Allahın cəzası ağırdır.”
Dostları ilə paylaş: |